Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Məşhur müğənnini bu dəfə də intihardan xilas ediblər…


Sinead O'Connor
Sinead O'Connor

Britaniya mətbuatı yazır ki, məşhur müğənni Sinead O’Connor Facebook səhifəsinə yerləşdirdiyi videosu ilə pərəstişkarlarını özünün ruhi sağlamlıq durumu ilə bağlı təşvişə salıb.

O videomüraciətində deyir ki, son iki ildə bir neçə dəfə intihar etmək istəyib.

Xəbər verilir ki, irland bəstəkar və müğənnisinə bipolyar pozuntu diaqnozu qoyulub.

Wikipedia-dan: Bipolyar pozuntu — (Bipolyar - bi - latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əksqütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi maniakal-depressiv pozuntu adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır.

Sinead O'Connor-un təşviş doğuran videosundan kadr
Sinead O'Connor-un təşviş doğuran videosundan kadr

Sözü gedən videoda Sinead O’Connor deyir ki, onun vəziyyəti 13 yaşlı oğlu ondan məhkəmə qaydasında alınandan sonra daha da pisləşib. O Nyu Cersidəki Travelodge motelindən danışdığını bildirir və deyir ki, özünü tamamilə tənha hiss edir.

“Psixiatrım məni özünün qəhrəmanı adlandırır və məni ayaqda saxlayan da onun ürək-dirək verməsidir” – deyir 50 yaşlı müğənni.

O’Connor bir müğənni və bəstəkar kimi 1990-cu ildə yazdığı “Heç nə sənə bənzəmir” (Nothing Compares 2 U) mahnısı ilə məşhurlaşıb.

Özünün video postunda müğənni deyir ki, bu müraciəti ilə onun özü kimi ruhi xəstəlikdən əzab çəkən başqalarına yol göstərmək istəyir, amma həm də özünə təskinlik axtarır.

O’Connor bildirir ki, dünyada onun kimi xəstə olan milyonlarla insan var, hərçənd heç də hamının müalicə üçün onda olan imkanları yoxdur.

“Xəstəlik gələndə sənin məşhur adam olub-olmadığını soruşmur – deyir müğənni, - Mən iki ildir ki, dünyanı təkbaşına dolaşan balaca bir qadınam”.

Britaniya qəzetləri yazır ki, onun videosuna şərh yazan minlərlə pərəstişkarı müğənninin ruhi sağlamlıq durumundan narahatlıq ifadə edir və ona kömək göstərilməsinə çağırır.

“The Mail” yazır ki, bu, müğənninin ilk ictimai harayı deyil. O 2015-ci ildə Dublin otelindən yazdığı Facebook mesajında bildirirdi: “Mənim üçün musiqi qurtarıb. Bütün bunları mənə musiqi edib. Musiqi məni gözəgörünməzə çevirib. Mənim qəlbimi qətlə yetirib”.

O həmin videoda “yüksək dozada narkotik qəbul etdiyini” deyirdi. Lakin o vaxt polis özünü vaxtında yetirmiş və müğənni xəstəxanaya yerləşdirilmişdi.

Qəzet yazır ki, hazırkı depressiyanın arxasında daha ciddi səbəb ola bilər. Onu keçmiş sevgilisi və meneceri kontraktı pozduğuna və ona böhtan atdığına görə məhkəməyə verib.

Bu ağrılı məhkəmə çəkişməsi müğənninin ruhi sarsıntı keçirməsinə səbəb olub. Keçmiş meneceri ondan 455 min funt sterlinq tələb edir.

“The Mail” yazır ki, O’Connor bipolyar pozuntudan əzab çəkdiyi barədə artıq 2003-cü ildə açıq məlumat verib.

Dünyanın ürəyini özünün üsyankar və zərif mahnıları fəth etmiş müğənni elə mətbuatda da “üsyankar” ləqəbini qazanıb.

O 1992-ci ildə Katolik kilsəsində uşaqlara qarşı cinsi təcavüzə etiraz olaraq Amerikanın Saturday Night Live əyləncəli proqramında Roma papası İoann Pavelin portretini cırıb.

Başqa bir verilişdə isə müğənni Britaniyada terrorçu təşkilat kimi tanınan Sinn Fein-ə dəstək bildirib. 2000-ci ildə özünü lesbian elan etsə də, az sonra şərhini geri götürüb.

The Mail” yazır ki, “müğənni dörd dəfə ərdə olub və bu nikahların hamısı könül qırıqlığı ilə başa çatıb.”

Birinci əri John Reynolds-dan boşandıqdan sonra Sinead 2001-ci ildə jurnalist Nick Sommerlad-la evlənib. Bu evlilik 11 ay davam edib. Avstraliyalı musiqiçi Steve Cooney ilə 2010-cu ildə evlənən müğənni bu nikahda 8 ay qalıb. Və nəhayət onu narkotik aludəçilyindən müalicə edən həkim Barry Herridge-lə evliliyi 16 gün sürüb.

Son dəfə boşandıqdan sonra Sinead bəyan edib ki, “mənə ərə getməyi rəsmən qadağan etmək lazımdır”.

Britaniya qəzetləri Sinead O’Connor-un çətin uşaqlıq yaşadığından yazırlar. Onun uşaq vaxtı öz ailəsində seksual zorakılığa məruz qaldığı da bildirilir.

Hazırda müğənninin heç bir qohumu ilə əlaqəsinin olmadığı xəbər verilir.

İndi narahtlıq yoxdur

Nəhayət “The İndependent” avqustun 8-dən 9-na keçən gecə yazır ki, müğənni hazırda dostlarının əhatəsindədir və həyatı üçün heç bir təhlükə yoxdur. Onun sözçüsü müğənninin rəsmi internet saytında onun adından yazıb:

“Hamıya salamlar. Mən bu məlumatı Sinead-in xahişi ilə yazıram. O hər birinizi sevdiyini və intihar etməyəcəyini bildirir. O hazırda onu sevənlərin əhatəsindədir və onun qayğısına qalınır. O bunları sizin narahat olduğunu bildiyi üçün yazmağı xahiş edib. Amma lütfən suallar verməyin. Cavab verə bilməyəcəyəm…”

O’Connor indiyədək 10 solo alboma müəlliflik edib.

“The Mail” yazır ki, Sinead-i tanıyanlar bunun yolun sonu olmadığına inanırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG