Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Alen Simonyan: ‘Qarabağ Ermənistan hökuməti üçün bir hüquqi vahid kimi mövcud deyil’


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Ermənistan hökuməti Qarabağın keçmiş separatçı liderlərinə regionun və onun məcburi köçkün əhalisinin hüquqi nümayəndələri kimi baxmır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu sentyabrın 9-da Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bəyan edib:

“Hüquqi baxımdan Dağlıq Qarabağ vahid kimi mövcud deyil. Söhbət yalnız bizim deportasiya olunmuş soydaşlarımızdan gedir və Ermənistan hökuməti onların problemlərini mükəmməl şəkildə həll edir”.

Qarabağın erməni əhalisi regionu Azərbaycanın bölgədə 2023-cü ilin sentyabrında keçirdiyi hərbi əməliyyatdan sonra demək olar, bütünlüklə tərk edib. Rəsmi Bakı onların zorla deportasiya olunduqlarına dair iddiaları qəbul etmir.

Baş nazir Nikol Paşinyanın siyasi komandasına daxil Alen Simonyan bu bəyanatı Ermənistan parlamentindəki müxalifət deputatlarının izahat tələbindən sonra verib. Bu deputatlar Simonyandan nə üçün Ermənistan və Qarabağ parlament komissiyalarının birgə sessiyasının keçirilməsini bloklamasının səbəbini izah etməsini tələb etmişdilər.

“Qarabağ prezidenti mənim üçün mövcud deyil”

Azatutyun yazır ki, Azərbaycan hələ Qarabağ üzərində suverenliyini bərpa etməzdən əvvəl, onilliklər ərzində belə sessiyalar müntəzəm olaraq keçirilib.

Simonyan müxalif deputatların tələblərinə belə cavab verib:

“Düşünürəm ki, biz bu formatın ləğvi üzərində çox ciddi şəkildə işləməliyik, Dağlıq Qarabağ, Artsax (Qarabağ-rted) rəsmiləri artıq mövcud deyillər və Ermənistanda daha heç kəsin belə statusu yoxdur. Artsax (Qarabağ-red) respublikası onun öz rəsmilərinin qərarı ilə buraxılıb”.

Azatutyun yazır ki, Simonyan bunları deyərkən Qarabağın son separatçı lideri Samvel Şahramanyanın Azərbaycanın Qarabağ üzərində nəzarəti ələ almasından bir həftə sonra imzaladığı fərmana istinad edib.

Şahramanyan həmin fərmanı 2023-cü ilin dekabrında ləğv etdiyini bildirmişdi. O iddia edirdi ki, fərmanı Qarabağ ermənilərinin bölgədən salamat çıxa bilmələri üçün məcburiyyət qarşısında imzalayıb.

Ermənistanın müxalifət deputatlarından Artur Xaçatryan da sentaybrın 9-da Şahramanyanın fərmanına haqq qazandırıb və iddia edib ki, bu, Qarabağın erməni əhalisinin “qətliamının” qarşısını alıb.

Bununla belə parlament sessiyasından sonra jurnalistlərlə söhbətində Simonyan deyib ki, “Dağlıq Qaarabağın prezidenti mənim üçün mövcud deyil”.

Simonyan Yerevandakı Qarabağ nümayəndəliyinin lüzumsuzluğundan danışıb

Spiker əlavə edib ki, Qarabağ ermənilərinin Yerevandakı nümayəndəliyinə vaxtilə verilmiş binanın məqsədəuyğunluğu məsələsinə baxılmalıdır.

Xüsusi təyinatlı polislər iyunun 21-də həmin nümayəndəliyin iqamətgahına reyd keçirmiş və Şahramanyanın xidməti avtomobilini həbs etmişdilər.

Paşinyan Şahramanyanı Qarabağ köçkünlərini Yerevanda keçirilən antihökumət mitinqlərində iştiraka təhrikdə ittiham edirdi.

Bundan bir gün əvvəl Paşinyan iddia etmişdi ki, Qarabağın separatçı liderləri və Ermənistan müxalifəti erməni əhalinin bölgədən çıxmasını istəyirdilər və buna görə də Azərbaycanın hərbi əməliyyatına heç bir müqavimət göstərilməyib.

Azatutyun yazır ki, Qarabağda 24 saat davam edən hərbi əməliyyatlarda azı 198 erməni hərbçi və 25 mülki şəxs həlak olub.

Şahramanyanın ofisi Simonyanın bəyanatına hələlik heç bir reaksiya verməyib.

Ermənistan müxalifətinin aparıcı Hayastan fraksiyasının liderlərindən İşxan Saqatelyan deyib ki, Paşinyan Qarabağın iflası üçün məsuliyyəti boyundan atmaqda davam edir.

Paşinyan dəfələrlə işarə edib ki, Qarabağ məsələsi onun administrasiyası üçün artıq qapanıb.

O Azərbaycanın bölgə üzərində suverenliyini rəsmən tanıyıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG