Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Silahlara nəzarətə ‘əlvida’ və ‘xoş gördük’ silahlanma yarışı?


Silahlara nəzarət ekspertləri və təhlilçilər bu qənaətdədirlər ki, yeni silahlanma yarışı hələ başlamayıbsa da, deməli başlamaq üzrədir.

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Vladimir Putinin Rusiyanın yeni strateji nüvə silahları yaratdığına dair bəyanatlarından sonra, Moskva, siyasətçilərin, hərbi ekspertlərin və Vaşinqtondakı millət vəkillərinin diqqətini cəlb edib.

Putin martın 1-də etdiyi çıxışda deyib ki, “indiyədək bizə qulaq asmamısınız, indi bizi eşidin”.

Əslində dünyada bütün nüvə silahlarının 93 faizinə sahib Moskva və Vaşinqton özlərinin nüvə arsenalı siyasətində dönüş yaratdıqlarını elan ediblər.

Ploughshares Fund tərksilah kampaniyaçıları qrupundan təhlilçi və strateq John Baker deyib ki, “bizə Soyuq müharibədən miras qalmış silahlara nəzarət rejimi son on ildə ən böyük təhlükə altındadır”.

Təhlilçi xəbərdarlıq edir ki, “biz yeni silahlanma yarışının başlanğıcındayıq”.

“Biz hələ təzə-təzə yuxudan oyanırıq”

Putin artıq hazır olan və planlaşdırılan güclü nüvə silahlarından, məsafə tanımayan qanadlı raketlərdən, sürətli sualtı nüvə dronlarından söz açıb və bunu geniş ekranlarda animasiya şəklində nümayiş etdirib.

Lakin Georgetown Universitetinin professoru və “Amerika nüvə strategiyasının məntiqi” (The Logic Of American Nuclear Strategy) kitabının müəllifi Matthew Kroenig deyir ki, Vaşinqtonda kiminsə bundan xəbəri olub-olmamasına baxmayaraq, Rusiya və ABŞ artıq bir xeyli müddətdən bəri silahlanma yarışına giriblər.

Professor deyir ki, ən azı son on ildə Rusiya Birləşmiş Ştatlarla silahlanma yarışında olub.

Matthew Kroenig deyib: “Beləliklə biz yeni silahlanma yarışına giririk və bu heç də ən pis nəticə deyil. Ən pis nəticə o olardı ki, sənin düşməninin sənə və müttəfiqlərinə qarşı təcavüzə hazırlaşdırğı bir vaxtda sən heç nə etməyəsən”.

Bəzi təhlilçilər bəyan edilmiş silahların heç də hamısının əməliyyata qabil olduğuna inanmırlar. Azı bir ABŞ internet saytı adının çəkilməsini istəməyən kəşfiyyat rəsmisinə istinadən yazır ki, Putinin haqqında danışdığı sınaq modellərindən biri bu yaxınlarda Arktikada qəzaya uğrayıb.

Rusiya silahlarının təhqiqatçısı, İsveçrədə yaşayan Pavel Podviq AzadlıqRadiosuna deyib: “Bəzən bizə belə gəlir ki, onlar nəyisə sınaqdan çıxarıblar. Ola bilsin ki, həmin silah konsepsiya baxımından işləyib, lakin onun həqiqi silah kimi işləyib-işləməyəcəyi hələ məlum deyil”.

“ABŞ nüvə silahlarının xərc və nəticələri” (The Costs And Consequences Of U.S. Nuclear Weapons ) kitabnının müəllifi Stephen Schwartz deyib ki, nüvə mühərriki ilə işləyən qitələrarası raket barədə söz-söhbət, 1950-1960-cı illərdə ABŞ-da keçirilən sınaqları yada salır. O vaxt düzxətli hava reaktiv və ya “taran” mühərriklərini sınaqdan çıxarırdılar.

Ekspert deyib: “Bu çox qəliz konsepsiyadır. Reaktor yaxşı üzlənməmişdi, təhlükəli səviyyədə qamma və neytron radiasiyası verirdi. Bu raket həm də müttəfiqlərin ərazisi üzərindən SSRİ-yə doğru uçarkən arxasınca radioaktiv hissəciklər buraxırdı”.

Lakin Podviq xəbərdarlıq edir ki, 1950 və hətta 1980-ci illərlə paralellərə çox da aludə olmaq olmaz.

Podviq deyir: “Bu o mənada silahlanma yarışı deyildir ki, burada heç bir balans pozulmur. Yəni nüvə başlıqlarının kəmiyyət artımı baş vermir. Lakin bu sistemlər heç şübhəsiz mövcud vəziyyəti gərginləşdirir və xətaların mümkünlüyünü artırır. Bu sistemləri həm də silahlara nəzarət çərçivəsi içərisinə gətirmək çətindir”.

Ekspert bildirir ki, adamlar bir müddət vəziyyətin pisləşdiyini və daha təhlükəli olduğunu hiss edəcəklər.Onun fikrincə uzun perspektivdə bu çətin dövrü geridə buraxmaq mümkün olacaq.

Putini ən çox əsəbiləşdirən məqamın Anti-Ballistik Raket Müqaviləsinin (ABM)pozulması olduğu hiss olunur və belə görünür ki, onun yeni raketi belə qızğın təqdim etməsinə də səbəb elə budur. Bu müqavilə Moskva və Vaşinqtonun raketdən müdafiə sistemləri yaratmasına məhdudiyyət qoyurdu. 1972-ci ildə imzalanmış bu müqavilə Soyuq müharibə zəmanəsinin ən mühüm razılaşmalarından biri idi.

Lakin 2002-ci ildə ovaxtkı prezident George W. Bush birtərəfli qaydada bu müqavilədən çıxıb. Putin o vaxt demişdi ki, bu səhv addımdır, lakin Moskvanın edə biləcəyi heç nə yoxdur.

O vaxtdan bəri ABŞ mühəndisləri Aegis kimi antiraket sistemlərinin yaradılmasına girişiblər və bu sistemlərin bəzi elementlərinin Şərqi Avropada yerləşdirilməsi Moskvanı qəzəbləndirib. İndi isə Donald Trump 2019-cu ilin büdcəsində 12, 9 milyard dolların yalnız raketdən müdafiə sistemlərinə ayrılmasına çağırıb.

Hətta ABŞ rəsmiləri də Aegis sistemlərinin Rusiyanın nəhəng və təkmil arsenalının qarşısında aciz olduğunda israr edirdilər. Lakin Rusiya, Ortamənzilli Nüvə Qüvvələrinə dair 1987-ci il müqaviləsinin pozulması səbəbi kimi elə bu sistemi misal gətirir.

ABŞ rəsmiləri mülahizə yürüdürlər ki, Rusiya raket yaratmaqla müqaviləni birbaşa pozub. Bu isə öz növbəsində bir çox respublikaçı millət vəkillərinin ABŞ-da yeni ballistik raketlərin yaradılmasına çağırmalarına səbəb olub.

“Sabitsizləşdirici və lüzumsuz yol”

Yanvar ayında “Ölkənin vəziyyətinə dair” nitqində Trump Konqresi “nüvə cəbbəxanamızı modernləşdirməyə və yenidən qurmağa” çağırıb.

Silahlara Nəzarət Assosiasiyasından Kingston Reif deyir ki, Putin ABŞ-da yeni silahların yaradılmasına edilən çağırışları, Vaşinqtonun silahlara nəzarət vədlərini pozması kimi qiymətləndirir.

Ekspert deyib: “Hazırda Rusiya və Birləşmiş Ştatlar sabitsizləşdirici və lüzumsuz yola qədəm qoyublar”.

Putin həm də Trump-ın bu yaxınlarda elan etdiyi ABŞ Nüvə Silahlarının İcmalı sənədi ilə bağlı narahatlığını bildirib.

Bu sənəddə nüvə silahlarından necə istifadə olunacağı barədə məsələlərə toxunulur. İcmalda söhbət konkret olaraq aşağı güclüyü olan nüvə silahları ilə məhdud zərbələrin mümkünlüyündən gedir.

Putin martın 1-də etdiyi çıxışda məhz bu məqama toxunaraq deyib: “Biz Rusiya və onun müttəfiqlərinə qarşı kiçik, orta və istənilən gücdə nüvə silahı işlədilməsini ölkəmiz üzərinə nüvə hücumu kimi qəbul edəcəyik, cavab bütün mümkün nəticələri ilə anında veriləcək”.

ABŞ-Rusiya nüvə cəbbəxanalarına nəzarəti şərtləndirən daha bir müqavilə - Yeni START müqaviləsidir. Bu müqaviləni 2011-ci ildə Barack Obama və Dmitri Medvedev imzalayıblar.

Bu ayın əvvəllərində hər iki tərəf müqavilənin şərtlərinə əməl etdiyini bəyan etmişdi.

Lakin bu müqavilənin də vaxtı 2021-ci ildə bitir. Konqresdə Kremlin Avropada və Yaxın Şərqdə yürütdüyü siyasətdən artan narazılıq və Trump-ın özünün də ABŞ nüvə silahlarının inkişaf etdirilməsinə meylliyi, bunu deməyə əsas verir ki, Yeni START müqaviləsinin də vaxtı çatanda onu təzələməyəcəklər.

Silahlara Nəzarət Assosiasiyasının hələ Putinin çıxışından əvvəl açıqlanmış hesabatında ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının keçmiş rəhbəri Madelyn Creedon gəldiyi nəticəni bir cümlə ilə belə ifadə edib: “Uzun sözün qısası, yeni silahlanma yarışına hazırlaşın”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG