Rusiya silah ixrac edən ölkələrin qlobal reytinqində üçüncü yerə düşüb. İkinci yerdə Fransa qərarlaşıb. ABŞ dünyada ən böyük silah ixracatçısı olaraq qalır.
Stokholmda mənzillənmiş Sülh Problemləri İnstitutunun (SIPRI) ekspertləri yeni hesabatlarında belə bir nəticəyə gəliblər.
Ekspertlərin məlumatına görə 2014-2018-ci illərdən 2019-2023-cü illərədək olan müddətdə Rusiya silahının ixracı 53 faiz azalıb.
Ekspertlər vurğulayırlar ki, son beş ildə bu azalma xüsusilə kəskin olub.
Hesabatda qeyd olunur ki, əgər Rusiya 2019-cu ildə istehsal etdiyi silahları 31 ölkəyə ixrac edirdisə, 2023-cü ildə bu göstərici 12-yə düşüb.
Hesabatda deyilir ki, Rusiya silah ixracının 68 faizi Asiya və Okeaniya ölkələrinin payına düşür. Bu silahın 34 faizi Hindistana, 21 faizi isə Çinə ixrac edilib.
Fransa ikinci pilləyə qalxıb
Rusiyanın Kommersant qəzeti yazır ki, SIPRI-nin hesabatları açıq mənbələrə istinad edir, halbuki Rusiya silah ixracının bir hissəsi barədə məlumatlar rəsmən açıqlanmır.
SIPRI-nin reytinqində Fransa “Rusiyadan cüzi üstünlüklə” ikinci pilləyə yüksəlib.
2014-2018-ci illərdən 2019-2023 illərədək Paris silah ixracını 47 faiz artırıb.
Fransa silahının ən böyük idxalçıları Asiya, Okeaniya (42 faiz) və Yaxın Şərq (34 faiz) ölkələridir.
Ekspertlər belə artımı Hindistan, Qətər və Misirə döyüş təyyarələri ixracının artması ilə izah edirlər.
Bu da qeyd olunur ki, Hindistan Fransa silahının ən böyük alıcısıdır.
ABŞ lider olaraq qalır
ABŞ son on ildə silah satışı üzrə lider olaraq qalır. Üstəlik Vaşinqton silah bazarındakı payını 34 faizdən 42 faizə qaldırıb.
2019 – 2023-cü illərdə ABŞ dünyanın 107 ölkəsinə silah satıb.
Amerika silahlarını ən çox alan ölkələr Səudiyyə Ərəbistanı, Yaponiya və Qətərdir.
Ekspertlər qeyd edirlər ki, ABŞ-ın silah satışının böyük bir hissəsi döyüş təyyarələridir.
Bu da bildirilir ki, 2019-2023-cü illərdə ABŞ-dan Avropaya da silah satışı artıb. ABŞ-ın Avropaya ixracının 28 faizi silahların payına düşür.
Bu, 2014-2018-ci illərdə olduğundan 17 faiz çoxdur.
SIPRI-nin silah ixracı reytinqində 4 və 5-ci yerlərdə Çin və Almaniya qərar tutublar.
Lakin ekspertlərin rəyinə görə bu ölkələrin 2019-2023 silah satışı göstəriciləri azalıb.
Avropanın silah idxalı artıb
SIPRI-nin hesabatında deyilir ki, qlobal miqyasda beynəlxalq silah ixracı 2014-2018-ci illərdən 2019-2023-cü illərədək olan müddətdə 3.3 faiz azalıb. Amma həmin müddət ərzində Avropanın silah idxalı əhəmiyyətlə dərəcədə artıb.
Ekspertlər bunu Ukraynanın silah təchizatı ilə əlaqələndirirlər. Ukraynaya ən çox silah verən ölkələr ABŞ, Almaniya və Polşadır.
Rusiya 2022-ci ilin 24 fevralından Ukraynaya tammiqyaslı hərbi müdaxilə edib.
Müharibə dövründə minlərlə dinc sakin həlak olub, on minlərlə mülki yaralanıb, milyonlarla ukraynalı ölkəni tərk etməyə məcbur olub.
BMT ukraynalıların Rusiya tərəfindən məruz qaldıqları işgəncə və deportasiyaları sənədləşdirib.
Rusiyaya çoxsaylı sanksiyalar qoyulub. Bu sanksiyalar həm də hərbi-sənaye sektorunu hədəfləyir.