Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:37

Azərbaycanın sığorta şirkətləri nə qazanıb, nə itirib?


Bu ilin ilk 10 ayında Azərbaycanın sığorta şirkətləri toplam 797 milyon 625 min manat sığorta haqqı toplayıb.
Bu ilin ilk 10 ayında Azərbaycanın sığorta şirkətləri toplam 797 milyon 625 min manat sığorta haqqı toplayıb.

Könüllü sığorta çoxalıb, icbari sığorta azalıb

Mərkəzi Bank sığorta növləri üzrə haqq və ödənişlərə dair göstəriciləri açıqlayıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, bu ilin ilk 10 ayında Azərbaycanın sığorta şirkətləri toplam 797 milyon 625 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Toplanan sığorta haqlarının 76 faizi - 602 milyon manata yaxını könüllü sığortaların payına düşüb.

Ölkənin könüllü sığorta bazarı son bir ildə 25 faiz böyüyüb. İcbari sığorta ödənişlərində isə, əksinə, azalma qeydə alınıb. Bu ilin ilk 10 ayında icbari sığorta ödənişləri üzrə 196 milyon manata yaxın sığorta haqqı toplanıb. Bu, ötən illə müqayisədə 12 faiz azalma deməkdir. İlk 10 ayda sığorta şirkətlərinin sığorta hadisələri ilə bağlı ödənişləri 359 milyon 300 min manat olub. Bu, ötən illə müqayisədə 10.4 faiz azalma anlamına gəlir.

Həyatını sığortalayanlar 351 milyon manat ödəyiblər

Azərbaycanda yığılan sığorta haqlarının əsas hissəsi həyat sığortasına aiddir. Bu ilin ilk 10 ayında həyatını sığortalayanlar toplam 351 milyon manat sığorta haqqı ödəyiblər. Toplanmış vəsaitin 327 milyon manatı yaşam sığortası ilə bağlıdır. Bu sığorta növünü seçən şəxslər maaşlarının bəlli bölümünü həmin sığorta ödənişinə yönəldir. Bu vəsait üçün nəzərdə tutulan gəlir vergisi və DSMF ödənişləri də həmin şəxsin sığorta haqlarına aid edilir. Sığorta şirkətləri müddətin sonunda belə vəsaitlər üçün əlavə faiz ödənişləri də təklif edir. Müştərilərə sığorta müddəti ərzində yaşam sığortası da verilir. Yaşam sığortası yüksək əməkhaqqı alan şəxslər arasında daha populyardır. Bu ilin ilk 10 ayında sığorta şirkətləri bu sığorta növü üzrə 200 milyon manat sığorta pulu ödəyib.

Həyat sığortası ilə bağlı ikinci ən çox tələb olan sığorta növü ölüm halından sığortalanmaqdır. 10 ayda bu sığorta növü üzrə 22 milyon manata yaxın ödəniş edilib. Belə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunan ölərsə, faydalanan şəxsə sığorta ödənişi verilir. Bu sığorta növü üzrə ilk 10 ayda toplanan 22 milyon manatın cəmi 9 faizi - 2 milyonu ölən şəxslərin ailəsinə ödənilib.

Əmək qabiliyyətinin itirilməsi ilə bağlı bu il 1 milyon 205 min manat sığorta pulu toplanıb. Buna qarşılıq, əmək qabiliyyətini itirən vətəndaşlara cəmi 33 min manat ödənilib. Sağalmaz xəstəliklərin sığortalanmasına Azərbaycan vətəndaşları 2022-ci ildə 1 milyon 159 min manat sığorta haqqı ödəyib. İlboyu bu sığorta növü üzrə sığorta şirkətləri yığılan pulun 1 faizindən də azını - 60 min manat xərcləyib.

Tibbi sığortaya nə qədər ödənilir?

Vətəndaşların qeyri-həyat sığortası ilə bağlı ən çox vəsait ödədikləri sığorta növü tibbi sığortadır. Bu ilin ilk 10 ayında Azərbaycanın sığorta şirkətləri 96 milyon manat belə sığorta haqqı toplayıb. Bu sığortadan yararlananlar tibbi xərcləri sığorta şirkətləri hesabına ödəmək hüququ qazanırlar. Sığorta şirkətləri tibbi sığorta ödənişləri ilə bağlı ilk 10 ayda toplanmış vəsaitin 65 faizi qədər - 62 milyon manat xərcləyib. Həmin müddətdə xaricə səfər edən vətəndaşlara 4 milyon 373 min manat səfər sığorta pulu ödənilib. Xaricə səfər zamanı baş verən hadisələrlə bağlı da toplanmış vəsaitin 7 faizi - 307 min manat xərclənib.

Əmlak sığortasında durum necədir?

Əmlak sığortası ilə bağlı yığılan sığorta vəsaitləri də sığorta şirkətlərinin əsas gəlir istiqamətlərindən biridir. Belə şirkətlər bu ilin ilk 10 ayı ərzində əmlak sığortası ilə bağlı toplam 147 milyon 518 min manat toplayıb. Bu məbləğin təxminən 12 faizi - 17 milyon 393 min manatı xərclənib.

Əmlak sığortaları arasında ən çox vəsait yanğından və digər risklərdən sığortalanma zamanı toplanır. Bu sığorta növü üzrə yığım 51 milyon manatı ötüb. Sığorta şirkətlərinin toplam xərci isə 1 milyon 264 min manat olub. Başqa deyimlə, yığılan vəsaitin 2 faizə yaxını xərclənib. Bu baxımdan, əmlakın yanğından və digər risklərdən sığortası sığorta şirkətlərinin ən çox gəlir götürdüyü sığorta növlərindən biridir.

Əmlak sığortasının ən çox sığorta haqqı toplanan ikinci növü avtonəqliyyat vasitələrinin sığortası ilə bağlıdır. Bu sığorta növü üzrə sığorta şirkətlərinin toplam gəliri 34 milyon 671 min manatdır. Buna qarşılıq, sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığorta ödənişlərinə 14 milyon manat – yığılan vəsaitin 40 faizə yaxınını xərcləyib. Əmlak sığortası ilə bağlı şirkətlərin ən çox gəlir götürdüyü üçüncü sahə hava nəqliyyatı vasitələrinin sığortası ilə bağlıdır. Bu il ərzində sığorta şirkətləri hava nəqliyyatı vasitələrinin sığortasından 21 milyon 276 min manat qazanıb. Buna qarşılıq, şirkətlərin sığorta ödənişləri çox cüzi olub. 10 ay ərzində hava nəqliyyatı vasitələri ilə bağlı sığorta şirkətlərinin toplam xərci cəmi 58 min manat olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG