Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Sibirin yerli əhalisi olan şorların dili niyə ölür


Ust-Anzas kəndinin sakinləri
Ust-Anzas kəndinin sakinləri

Cənubi Sibirdə şorlar adlı azsaylı türkdilli xalq yaşayır. Onların sayı cəmi 16 mindir. Çoxu Kemerovo vilayətinin cənubunda yaşayır. Bu yerlərə həm də Dağlıq Şoriya deyirlər. Hazırda ana dilində cəmi 6 min şor danışır. Əslində, onların çoxu bu dildə danışa bilmir, sadəcə anlayır. Alimlər bu dili ölməkdə olan dil sayırlar.

Dağlıq Şoriyadakı Ust-Anzas kəndində cəmi 130 nəfər yaşayır. Bu isə ən çoxu 10 böyük ailə deməkdir. Burada, demək olar, hamı bir-birinə qohumdur. Kənddə nə telefon, nə də elektrik var.

«Nəvəm şor dilində bir neçə söz bilir»

Şor Nataliya Moiseyeva Ust-Anzasda doğulub və böyüyüb. Rus həyat yoldaşının soyadını daşıyır. Qızlıq soyadı Kirsakovadır. Qadın təqaüdə çıxandan sonra yaşamağa doğma kəndə qayıdıb.

«Əvvəllər valideynlərimizin yanına gələndə, rusca bir söz deyən kimi bizi danlayırdılar: «nə var rusca danışırsınız, şor dilində danışın!». Ona görə də dilimizi yaxşı bilirdik. Uşaqlarımızsa ana dilində, demək olar, danışmırlar. Hərçənd, bizdə şor dilini internatda tədris edirlər. Mən məktəbdə oxuyanda yalnız rus dili keçirdik. Ust-Anzasda məktəb 90-cı illərin ortalarında açılıb. O vaxtdan kəndin uşaqları Taştaqoldakı internatda oxuyur. 12-yaşlı nəvəm şor dilində ancaq bir neçə söz bilir. Bıçaq - pıçaq, çörək - kalaş, su – suu», – Nataliya deyir.

Şorlar öz hüquqlarını bilmirlər. Bu, öz ata-baba torpaqlarında yaşayan yerli azsaylı xalqdır. Onlar ənənəvi olaraq bu torpaqlardakı sərvətlərdən istifadə ediblər. Ancaq 1989-ci ildə Şor milli parkı yaradılıb. Ərazidəki 35 kənd milli parkın sərhədlərinə düşdüyündən, indi yerli əhali fərqli qanunlarla yaşayır.

«Adamlar bura bir neçə günlüyünə balıq tutmağa gələndə göndəriş (putyovka) alırlar. Elə mən özüm də doğma kəndimizə tam qayıtmamışdan, milli parkı ziyarət etməyə bilet alırdım», – Nataliya deyir.

Nataliya Moiseyeva
Nataliya Moiseyeva

Kənddə 23 təqaüdçü var

Şor milli parkının ərazisində bəzi balıq növlərinin tutulması, odlu silah saxlamaq, torpağa və bitki örtüyünə ziyan vurmaq qadağandır.

Ust-Anzasda sivilizasiyanın bir-iki əlamətinə rast gəlinir: vaxtaşırı işləyən taksofon və poçt şöbəsi. Poçtda qəzetə yazılmaq və yuyucu toz almaq olar. Poçtalyon gündəlik tələbat malları da satır.

Poçtalyon Tatyana Torçakova deyir ki, kənddə bank kartları və internet olmadığından təqaüdlər gələndə adamlar poçta gəlir. Kənddə 23 təqaüdçü var. Şorlar təqaüdə ruslardan 5 il tez çıxırlar. Poçtalyon bunun səbəbini bilməsə də, ehtimal edir ki, bu, şorların azlığına görə belədir. Bu poçt məntəqəsinə qonşu kəndlərdən də təqaüdçülər gəlir. Çoxu bura qayıqla, atla, qışda isə xizəklə gəlib çıxır. Boran olanda adamlar vaxtında gəlib çıxa bilmir və poçtalyon onların təqaüdünü ayın 20-dək saxlayır. Poçtalyon deyir ki, yağıntı çox olanda adamlar piyada gəlirlər.

Yağıntının çox düşdüyü yaz və payız mövsümlərində yollar palçığa batır, keçilməz olur. Onda Ust-Anzasdan böyük torpağa - Taştaqola yalnız helikopterlə getmək olur, o da hava quru olanda və yalnız həftədə bir dəfə. Yerli əhali biletə cəmi 155 rubl (2.7 dollar), qalanlarsa 700 rubl (12.4 dollar) ödəyir.

Zoya Topakova
Zoya Topakova

Daha utanmırlar...

Kənd əhalisinə təcili bir şey gərəkəndə, məsələn, təcili yardım çağrılmalı olanda, onlar Ayqan dağına çıxaraq oradan zəng vururlar – orada telefon tutur.

Buradakı yerli qəzetlər yalnız rus dilində çıxır.

«Həyat yoldaşımla şorca danışırıq, amma nadir hallarda. Adətən, qızımızdan nəyisə gizlətmək istəyəndə danışırıq. Əvvəllər Taştaqolda dükana girib şorca danışmağa utanardıq. Amma indi bir tanışına rast gəlsən, şor dilinə keçə bilərsən, bu, adi haldır. İndi dilin dirçəlməsindən daha çox danışmağa başlayıblar. Bura alimlər gəlir, yeni ansambl yaranıb, şorca da oxuyur. Ona görə də adamlar daha utanmır», – Nataliya deyir.

Şor dilinin ilk əlifbası hələ 1885-ci ildə Kazanda nəşr edilib. Şor əlifbasında 38 hərf var. Bura rus dilinin bütün hərfləri və əlavə olaraq, «ğ», boğazdan çıxan «k», «nq», «ö» və «ü» səslərini bildirən hərflər daxildir.

1927-1939-cu illərdə yeddiillik məktəblər üçün şor dili dərslikləri buraxılıb, «Rusca-şorca şagird lüğəti» yaradılıb, «Kızıl Şor» adlı rayon qəzeti buraxılıb. 1939-cu ildə Dağlıq Şoriyanın muxtariyyətinə son qoyulması ilə ədəbi dilin inkişafı da dayanıb. Az sonra ana dilində qəzet və kitabların nəşri, məktəblərdə şor dilinin tədrisi dayandırılıb. Yeni şor lüğəti bir də 1993- cü ildə, şor ədəbi dilinin bərpası məqsədilə yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG