Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 12:19

Şvabe: 'Bizə siyasi məhbuslarla görüş versələr, AŞPA yenidən Azərbaycanla əməkdaşlığa hazır olar'


Frank Şvabe
Frank Şvabe

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib. Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib.

Bu da qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi təşəbbüsü ilə Almaniyadan olan deputat Frank Şvabe çıxış etmişdi. O fevralın 2-də AzadlıqRadiosunun İzahla proqramina müsahibə verib.

Sual: Cənab Şvabe, insan haqlarının durumu bir gündə dəyişmir. Sizcə, Azərbaycan hökuməti hansı addımı atsa, AŞPA nümayəndə heyətinin səlahiyyətləri bərpa olunar?

Cavab: İnsan haqları bir gecədə dəyişmir, amma mən AŞPA-ya gəldikdən sonra Azərbaycanda durum ancaq pisləşir. Əlbəttə ki, biz daha az siyasi məhbus görmək istəyirik.

Sual: Azərbaycan deyək ki, sabah bu məhbusları buraxdı, nə baş verəcək?

Cavab: Azərbaycandan minumum gözləntimiz odur ki, AŞPA-nın qaydalarına əməl etsin. Açıq olsun, bizi ölkəyə dəvət etsin, qapıları, pəncərələri açsın. Azərbaycan AŞPA qaydalarını pozdu, bizi seçkiyə dəvət etmədi. Əgər Azərbaycan bunu dəyişsə, ölkədə siyasi məbus olmuş olsa belə, bizi onlarla görüşməyə buraxsalar, müzakirələr aparmağa buraxsalar, o zaman biz əməkdaşlıq, birlikdə çalışmaq üçün hazır olarıq.

"Əliyev bütün qərarları tək verir..."

Sual: Prezident İlham Əliyev deyib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı hüquqları bərpa olunmasa, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq...

Cavab: Bu çox təəssüf doğuran durum olardı. Avropa Şurası elə bir qurumdur ki, ölkələr bir qədər öz suverenliyindən güzəştə gedirlər - yəni, Strasburqdakı məhkəməyə imkan verirlər ki, bəzi məhkəmə işləri ilə bağlı son qərar versinlər, sonra da bu qərara əməl edirlər. Amma yekun qərar hər bir hökumətin özünündür ki, burda qalır, ya yox. Burda qalan dövlət AŞPA qaydalarına əməl etməlidir. Əgər Azərbaycan AŞPA qaydalarına əməl etməsə, başqa ölkələr də olacaq ki, eynisini etmək istəyəcək. Biz bilirik ki, cənab Əliyev qərarları tək qəbul edir. Əgər o, bütün təşkilatı tərk etməyə qərar versə, mən buna təəssüf edəcəyəm.

“Azərbaycan AŞPA-da Qarabağ məsələsinə görə cəzalanmadı”

Sual: Cənab Şvabe, niyə indi? Niyə Azərbaycan AŞPA-da kürü diplomatiyasında ittiham olunanda yox, ciddi insan haqları pozuntularına görə günahlandırılanda yox, indi cəzalandırılır?

Cavab: Kürü diplomatiyası ittihamları zamanı da xeyli sayda məhdudiyyətlər tətbiq olundu. Sonda 20-dən çox AŞPA üzvü qurumu tərk etməli oldu. Mən bilirəm ki, Azərbaycanda belə bir ittiham var ki, bu qərar Ermənistanla ərazi münaqişəsinə görə verilib. Amma məsələ bu deyil. Bu, bizim qərar verəcəyimiz məsələ deyil. Biz insan haqlarının durumu ilə bağlı təşkilatıq. Budəfəki qərarımızın əsas səbəbi o oldu ki, Azərbaycan Parlament Assambleyası ilə əməkdaşlıq etmədi, seçkini müşahidə etmək üçün dəvət göndərmədi və bizi siyasi məhbuslarla görüşə buraxmadı. Qaydamız çox sadədir. Ölkələr AŞPA nümayəndələrini ölkəyə buraxmalı idilər. Əgər buraxmasan, indiki vəziyyət yaranır.

Bundan əvvəl

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu barədə nümayəndə heyəti yanvarın 24-də bəyanatında bildirib.

Bəyanatda deyilir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan 2020-ci ilə qədər - 19 il ərzində işğalçı dövləti - Ermənistanı qınamayıb. Ancaq Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra “qarayaxma kampaniyası” ilə üzləşib.

O da vurğulanıb ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Nümayəndə heyəti AŞPA-dakı etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu “çirkin kampaniyanın tərkib hissəsi” kimi dəyərləndirib.

XS
SM
MD
LG