Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:41

Müsəlman Şotlandiyanın başçısı ola bilər


Həmzə Harun Yusif
Həmzə Harun Yusif

Şotlandiya millətçiləri hakim partiyanın başçısı vəzifəsinə Həmzə Yusifi seçiblər.

O martın 27-də çox qızğın rəqabət şəraitində Şotlandiya Millətçi Partiyasının (SNP) rəhbəri seçilib. Bu ona Britaniyanın bir hissəsi olan Şotlandiyada 1-ci nazir olmaq imkanı qazandıra bilər.

Reuters yazır ki, bu seçki həm də SNP daxilində Şotlandiyanın müstəqilliyi və partiya siyasəti sahəsində dərin fikir və mövqe ayrılıqlarını üzə çıxarıb.

37 yaşlı mömin müsəlman Həmzə Harun Yusif (Humza Haroon Yousaf) SNP sədri vəzifəsində Nikola Sterceni (Nicola Sturgeon) əvəz edəcək.

Bundan sonra isə onu yarımmuxtar Şotlandiyanın parlamenti hökumətin başçısı vəzifəsinə təsdiq etməlidir.

Mühacir ailəsinin övladı

Həmzə Yusif 1985-ci ildə Qlazqoda birinci nəsil pakistanlı mühacir Müzəffər Yusifin ailəsində doğulub.

Əslən cənubi asiyalı olan anası Şayəstə Butta Keniyada anadan olub.

Yusif Qlazqoda ibtidai məktəbdə oxuyan iki gəlmə əsilli şagirddən biri idi.

O təhsilini Hutchesons özəl gimnaziyasında davam etdirib.

Onun bioqrafiyasında deyilir ki, valideynləri Həmzənin diş həkimi, əczaçı, mühasib, ya da hüquqşünas olmasını istəsələr də, o Qlazqo Universitetində siyasətşünaslıq ixtisasını seçib.

11 sentyabr hücumları

O deyir ki, ABŞ üzərinə 11 sentyabr terror hücumları onun bütün dünyagörüşünü dəyişdirib.

Yusif Şotlandiyada hakim SNP-nin sədri vəzifəsində partiyadaxili parçalanmanı aradan qaldıracağını və Şotlandiyanın müstəqilliyi məsələsinə yeni təkan verəcəyini vəd edib:

"Şotlandiya xalqının indi müstəqilliyə həmişə olduğundan daha çox ehtiyacı var və bu müstəqilliyi gətirən nəsil biz olacağıq”.

Yusifin iki qadın rəqibi seçki kampaniyasını bir-birlərinin nöqsanlarını tənqid etmək üzərində qurmuşdular.

Adətən sıx birliyi olan SNP-də ixtilaflar birinci müstəqillik referendumunun uğursuzluğundan sonra başlanıb.

Partiyada transgender hüquqlarının təmin olunması tərzinə dair də fikir ayrılıqları var.

Bir ilə təkbaşına ingilis dilini öyrənən 13 yaşlı Xınalıq sakini
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Müstəqillik uğrunda

Yusif hakim partiyanın rəhbərliyinə Şotlandiyanın ikinci dəfə müstəqillik referendumu keçirməyə çalışdığı bir vaxtda gəlib. Şotlandiya millətçiləri İngiltərədən üç əsrlik asılılığa son qoymaq istəyirlər.

Əslində Yusifin sələfi Nikola Stercen London ikinci referendumu blokladıqdan sonra istefa verməli olub.

Bu ay keçirilmiş rəy sorğusu hər 10 şotlanddan 4-nün müstəqillik tərəfdarı olmasını göstərsə də, ola bilər ki, xarizmatik lider Stercenin istefası bu rəqəmlərə təsir göstərib.

Yusif partiya lideri seçkisinin ikinci dövrəsində səslərin 52 faizini toplayıb. Maliyyə naziri Keyt Forbs (Kate Forbes) partiya səslərinin 48 faizinə sahiblənib.

Hökuməti onun cinsi kimliyin tanınmasına dair təklifinə qarşı olduğuna görə tərk etmiş Eş Reqan (Ash Regan) ikinci dövrəyə keçməmişdi.

Bu da qeyd olunur ki, Yusif seçki kampaniyası zamanı Azad Şotlandiya Kilsəsinin üzvü olan Forbsdan fərqli olaraq öz dini baxışlarını daha balanslı təqdim edə bilib.

Buna diqqət yetirilir ki, Forbs eynicinsli nikahların əleyhinə olsa da, Yusif belə nikahları dəstəklədiyini bildirib.

Şotland kilti geyinən pakistanlı

2016-cı ildə Şotlandiya parlamentinə seçiləndə Yusif şotland kilti geyinsə də urdu dilində and içmişdi.

Yusif kampaniya zamanı deyib ki, müstəqil Şotlandiya Britaniya monarxiyasını da tərk etməyi düşünməlidir.

2014-cü ildə keçirilən müstəqillik referendumunda şotlandiyalıların 55 faizi Britaniya Krallığında qalmağa səs verib.

Bundan iki il sonra isə Breksit referendumunda Şotlandiya Avropa Ittifaqında qalmağa səs vermişdi.

Lakin necə olursa olsun son rəy sorğusu müstəqilliyə dəstəyin 39 faizə düşdüyünü göstərib. 2020-ci ilin rəy sorğusunda bu rəqəm 58 faiz idi.

Yusif martın 29-da Şotlandiya parlamentindəki səsvermədən keçərsə, Şotlandiya lideri kimi and içəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG