Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 05:04

Keçmiş baş həkim: ‘Elə xəstələr var, əməliyyatdan sonra 20 min borcu qalıb’


Xalq artisti Leyla Şıxlinskaya

“Mən altı il əvvəl oradan işdən çıxmışam, hələ də 11 min manat alacağım var”, – “Leyla Şıxlinskaya Klinikası”nın baş həkimi olmuş cərrah Bəxtiyar Musayev belə deyir.

O, yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Musayev klinikanın rəhbəri, xalq artisti Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş keçmiş iş yoldaşlarının məhkəməsində şahid kimi dindirilib.

Klinikanın 7 keçmiş işçisi – Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə suçlayan Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

Buna da bax: 'Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi'

Təqsirləndirilən Ş.Abbasova keçən məhkəmədə demişdi ki, L.Şıxlinskaya ilə münasibətlərə görə həkimlər uzun müddət klinikada qalıb işləmək istəmirdilər. B.Musayev bildirib ki, Şıxlinskaya ilə münasibətləri normal olub, amma öz ərizəsi ilə işdən çıxıb.

“Doğuşun qiyməti 1250-1650 manat arasında dəyişirdi”

Ş.Abbasova onu da bildirmişdi ki, elə həkimlər var, 30 min maaş alırdılar, amma klinika rəhbərinin göstərişi əsasında rəsmi sənədlərdə maaşlar dəfələrlə az göstərilirdi. B.Musayev aldığı maaşın məbləğini açıqlamaqdan imtina edib. Amma təsdiqləyib ki, aylıq maaşdan əlavə, əməliyyatlardan, xəstələrin müayinəsindən ötrü klinikaya edilən ödənişlərdən də qazancı olurdu.

Buna da bax: Xalq artisti keçmiş işçilərindən 804 min pul tələb edir

“Xəstənin klinikaya pul ödəyib-ödəməməsi mənim işim deyildi. Ola bilsin ki, belə hallar olub. Elə xəstə olub ki, əməliyyatdan sonra 20 min manat borcu qalıb. Bəzən də sığortalı xəstələr gəldiyindən, onlar özləri ödəniş etməyiblər. Mən 6 il əvvəl həmin işdən çıxmışam, hələ də 11 min manat alacağım var”, – keçmiş baş həkim bildirib.

Təqsirləndirilən şəxslərdən Səkinə Qasımovanın anası Gülarə Bağırova da şahid kimi dindirilib. Çünki o da 10 ildən artıq həmin klinikada işləyib. Dediyinə görə, rəsmi maaşı olmayıb, doğuş əməliyyatlarına görə pul alıb: “Doğuşun qiyməti 1250-1650 manat arasında dəyişirdi, mən də o pulun yarısını alırdım. İndi qiymət 1000 manata düşüb…”

Məhkəmədə şahid kimi dindirilən Günel Abbasovanın sözlərindən məlum olub ki, ixtisasca kimyaçıdır, amma mühasibatlıqda işləyir. Özü də təsdiqləyir ki, mühasibatlıq işindən anlayışı olmayıb, ona görə də ancaq ödəniş qəbzlərinə baxıb. Dediyinə görə, L.Şıxlinskayanın tanışı olduğu üçün işə götürülüb: “Baş mühasib Şəhla Abbasovanın tapşırığı ilə bəzi sənədləri məhv elədik. Onlar dövlətdən yayınmış qara sənədlər idi, audit yoxlama gələnə kimi biz onları məhv elədik”.

Buna da bax: 'Leyla Şıxlinskaya'nın işçiləri məhkəmə qarşısında - 700 min manatlıq suçlama

Təqsirləndirilən Ş.Abbasova ona belə bir göstəriş verdiyini istisna etməyib: “Ola bilsin ki, demişəm. Dəqiq xatırlamıram”.

Ş.Abbasova deyir ki, rəsmi sənədlərdə maaşların az göstərilməsi, qara mühasibatlıq və s. birbaşa L.Şıxlinskayanın göstərişi ilə həyata keçirilirdi.

Məhkəmə yanvarın 19-da davam edəcək.

Xatırlatma

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaq və məhkəmə dövrü üçün təqsirləndirilən şəxslərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində tanınan L.Şıxslinskayanın vəkili isə onların məhkəmə dövründə həbsdə saxlanması haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Təqsirləndirilən şəxslər özlərini günahkar saymır və L.Şıxlinskaya ilə münasibətləri pisləşdiyinə və işdən çıxmaq istədiklərinə görə klinika rəhbərinin onları şərlədiyini bildirirlər.

Buna da bax: Günel Mövlud. Leyla Şıxlinskayanın müsahibəsi

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində klinikanın keçmiş işçiləri ilə bağlı araşdırma aparılarkən vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar cinayət işi ayrılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Vergidən yayındırıldığı iddia olunan məbləğin isə bir neçə milyon manat olduğu bildirilir.

L.Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını mediaya təsdiqləyib:

“Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG