British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilmiş Azərbaycan “Şekspir xalçası” müsabiqəsinin qalibi bəlli olub.
Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, qalib Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı Telman Şıxıyevdir.
Şekspirin 450-ci ildönümü şərəfinə keçirilən müsabiqə bu ilin mayında başlayıb.
Müsabiqəyə uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox əl işi təqdim edilib.
Buna da bax: Azərbaycanda maraqlı müsabiqə başladı
Müsabiqənin şərtinə görə, təqdim edilən xalça dizaynları Şekspir pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, Azərbaycan ənənələrini də əks etdirməliydi.
Müsabiqənin qalibi Telman Şıxıyev Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səyahət etmək imkanı qazanıb.
T. Şıxıyev bu ilin iyununda Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Qız Qalası” İncəsənət Qalereyası və “Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Almaniya bir rəssamın gözü ilə” sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə etmişdi.