Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:08

50 mindən çox sakini olan şəhərin kanalizasiyasız məhəllələri...


Lənkəran şəhəri, 2018
Lənkəran şəhəri, 2018

“Kanalizasiyamız yoxdur. Ayaqyolu anbarı var. Dolandan sonra maşına 50-60 manat veririk, çirkabı daşıyır. Şəhər küçələrinin kənarlarında arxlar var, qalan sular oraya axıdılır. Hər yerdə üfunət iyi gəlir.Biz artıq, öyrəşmişik. Gələn qonaqlar isə burunlarını tuturlar.”

Lənkəran şəhərinin Vaqif küçəsində yaşayan bir sakin əli ilə çirkab suyu axan arxı göstərib sözünə davam edir:

“ Bu arxlar 50-60-cı illərdə salınıb. İldə 1-2 dəfə təmizləyirlər ki, çirkab axsın.”

Şəhərin baş çəkdiyimiz daha bir neçə küçəsində də eyni vəziyyət var. Evlərdən gələn çirkab suları arxlara tökülür. Şəhərin 21-ci məhəlləsində sakinlərdən biri deyir ki, yağış yağanda vəziyyət daha da dəhşətli olur:

“Çirkab sulları daşır”

Lənkəranda açıq kanalizasiya kanalları
Lənkəranda açıq kanalizasiya kanalları

“Yağış şiddətli yağanda su ətrafı basır. Çirkab sulları daşır.Yaxşı ki, içməli su çəkiblər. Əvvəllər çirkab suları quyu sularına qarışardı. Elə bu xəstəlikdir də. Deyirlər ki, bu yerlər dəniz səviyyəsindən aşağıdır. Ona görə də yağış yağan kimi həyətləri, yolları su basır.Yığışıb icra hakimiyyətinə məktub göndərdik ki, bizə normal şəkildə kanalizasiya xətti çəksinlər. Söz verirlər, icra etmirlər.”

Şəhərdəki bir sıra iaşə obyektləri zibillərini bu su arxlarına atırlar. Şəhər sakini Rahim Nuriyev deyir ki, kanalizasiya dərdi bir yana, şəhəri zibil basıb:

“Orta əsrlərdə şəhərlərdə kanalizasiyalar çəkərdilər,..”

“Orta əsrlərdə şəhərlərdə kanalizasiyalar çəkərdilər, suyun axması üçün arxlar qazardılar. Bizim vəziyyətimiz ondan pisdir. Sovet dövründə Lənkəran şəhərində qurğular, kollektorlar olub. Doldurublar. Mən İskəndər Səmədzadə küçəsində yaşayıram. Yaxınlıqda böyük bir xəndək var.Yağış yağanda arxlara atılan zibillərin hamısı həmin xəndəyə yığılır. Pul verib təmizlətdiririk. Ətrafı iyi basıb. Halbuki, Lənkəran şəhərinin 50 mindən yuxarı əhalisi var. Əhali artmaqda davam edir.Hələ normal bir kanalizasiyası yoxdur.”

“Çirkab suları binaların zirzəmisinə dolub”

Şəhərin mikrorayon adlanan ərazisində vəziyyətin daha ağır olduğunu deyirlər. Burda 4 və 5 mərtəbəli yaşayış binaları var. Kanalizasiya olamdığından çirkab suları binaların ətrafında qazıılmış anbarlara axıdılar. Anbarlar daşır, çirkab suları ətrafə yayılır. Sakinlər deyirlər ki, binaların zirzəmilərində də çirkab suları var.

3 Dövlət proqramının həll etmədiyi problem

Prezident İlham Əliyev, çayçılarla görüşür, Lənkəran - 2 sentyabr 2017
Prezident İlham Əliyev, çayçılarla görüşür, Lənkəran - 2 sentyabr 2017

Lənkəran şəhərində su təchizatı və kanalizasiyanın yenidən qurulması hər üç Dövlət proqramında nəzərdə tutulub. Prezidentin bununla bağlı sərəncamları da var. Birinci dövlət proqramında (2004-2008) müvafiq qurumlara Lənkəran şəhərinin içməli su ilə təchiz olunması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi tapşırılıb.

Buna da bax: İlham Əliyev: 'Söz vermişdim ki, regionlarda inkişaf sürətlə gedəcək...'

İkinci ( 2009-2013) və üçüncü( 2014-2018) Dövlət proqramlarında da bu məsələyə aid qeydlər yer alır.

Amma Lənkəran şəhərinə içməli su çəkilsə də kanalizasiya məsələsində problemlər qalır. Ölkə prezidenti ötən il də bununla bağlı sərəncam verib. Həmin sərəncamla Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti-nə (ASC) 2,1 milyon manat pul ayrılıb.

Görülən işlərin yarımçıq qalmasının səbəblərini aydınlaşdırmaq məqsədi ilə “Azərsu” ASC-yə müraciət etdik. Ancaq nə bu qurumdan nə də Lənkəran Rayon İcra Hakimiyyətindən sullarımıza cavab ala bildik.

“Arxları da doldurub kommersiya obyektləri tikiblər”

Mütəxəssis Asən Həşimli isə deyir ki, bütün hallarda Lənkəran şəhərində kanalizasiya qurulmalıdır:

Asən Həşimli, 28 aprel 2018
Asən Həşimli, 28 aprel 2018

“ Əvvəlki dönəmlərdə Lənkəranın özündə 30 kilometrə yaxın kanalizasiya xətti çəkiblər. Dəniz kənarında su təmizləyici quruğular quraşdırmışdılar. İşləyirdi. Xəzər dənizin qalxması ilə əlaqədar bu qurğular su altında qaldı. Fikir vermədilər, xəttlər də sıradan çıxdı. Bu günə qədər Lənkəran rayonunda kanalizasiya yoxdur. Bu dəhşətdir. ”

O, vurğulayır ki, içməli su problemləri yoluna qoyulub:

“Masallı, Lənkəran, Astara şəhərlərinə içməli su çəkilib.Amma kanalizasiya yoxdur. Söhbət ondan gedir ki, Lənkəran şəhərində yağış suların axması üçün də normal şərait yoxdur. Lənkəran şəhərin küçələrində eni 1-2, dərinliyi 1 metr olan arxlar yağış suları üçün nəzərdə tutulub. Əhali oraya çirkab sularını da axıdır. Suyun şəhərdən çıxışı da zəifdir. Arxları da doldurub kommersiya obyektləri tikiblər.Ona görə də yağış yağan kimi şəhəri su basır... ”

Son hesabalamalara görə, Lənkəran şəhərinin 52 min 500-dən çox sakini var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG