Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Mirziyoyev hakimiyyətini uzatmaq planını necə pərdələyir


Şavkat Mirziyoyev
Şavkat Mirziyoyev

Əvvəlcə ölkədə baş qaldıran narazılıq, daha sonra isə enerji qıtlığı şəraitində keçən qış səbəbindən təxirə salınmış konstitusiya referendumuna pozitiv don geyindirmək asan iş deyil. Ancaq Özbəkistan hökuməti bunun üçün əlindən gələni edir.

Aprelin 30-da yeni konstitusiyanın təsdiqi üçün keçiriləcək referendum sayəsində 65 yaşlı prezident Şavkat Mirziyoyev 2040-cı ilədək hakimiyyətdə qala biləcək. Seçicilərin konstitusiyanı dəstəkləməməsi ehtimalı isə sıfıra bərabərdir.

Rəqabətsiz siyasi sistem “yox” kampaniyasına heç bir imkan vermir. Mirziyoyevin sistem üzərindəki mütləq dominantlığı dəyişməz qalır.

"Hə" kampaniyasına gəlincə, ictimai fiqurlar onu dəstəkləməyə növbəyə düzülüb. Onlar universitetlər, stadionlar və avtomobil zavodları da daxil olmaqla hər yerdə “konstitusiyamıza” dəstək şouları təşkil edirlər.

Sosial mediada mesajlarsa “mən fərqli deyiləm” həştəqi ilə paylaşılır.

“Bu necə təbliğatdır?”

Bu ay yeni konstitusiya layihəsi ilə bağlı dövlət proqramı başlayan kimi tanınmış insan haqları fəalı Gulnoz Mamarasulova “Twitter”də "Kimsə #konstitusiyanı özbək xalqının əlindən almaq istəyir?” deyə sual edib.

"O zaman niyə #kampaniyaçılar TV-də qışqırırlar ki, “konstitusiya bizimdir”!? Bu necə təbliğatdır? Konstitusiya dəyişikliklərini təhlil edib referendumdan öncə insanlara izah etmək daha yaxşı olmazdımı”, – deyə o soruşub.

"Mirziyoyevin prezidentlik müddətinin yenidən sayılması və ona daha iki müddətə prezident seçilməyə imkan yaradılması”. Britaniyada yaşayan özbək siyasi təhlilçi Alişer İlxamov “Nastoyaşeye Vremya”ya müsahibəsində konstitusiyanı bu cür səciyyələndirib.

O bildirib ki, hakimiyyət referenduma çıxarılan digər dəyişikliklərin ölkə qanunlarının 65%-nə təsir göstərdiyini iddia etsə də, "mövcud rejimin təbiətini dəyişmir”.

Konsertdə siyasi şüarlar

Referendumu işıqlandıran beynəlxalq mediada Mirziyoyevin hakimiyyət müddətinin uzadılması dominant mövzu olacaq. Dövlət mediası və ictimai xadimlərsə bu məqama işıq salmaqdan imtina edərək dəyişikliklərin faydalarından danışmağa üstünlük verirlər.

Hökumətin təşkil etdiyi tədbirlərə universitet tələbələri və orta məktəb şagirdləri də cəlb olunur.

Fərqanə Dövlət Universitetində bir tədbir internetdə Daşkənddən gələn kino və TV ulduzlarının konserti kimi reklam edilsə də, bir “Instagram” postunda konsertə gedənlərin siyasi şüarlar məşq etdiyini görmək olar.

Bu təbliğatı tənqid edənlər sosial mediada çox sayda istehzalı şərhlər yazırlar. Bu şərhlərə cavablarsa tənqidçiləri hədəfləyən trollinq kampaniyasından xəbər verir.

Konstitusiyanı dəyişmək, yoxsa...

Bloger və jurnalist Alişer Abdumalixon sonradan sildiyi sosial media postunda Özbəkistanın tez-tez dəyişdirilən konstitusiyasını ABŞ-ın demək olar heç vaxt dəyişməmiş konstitusiyası ilə müqayisə edib.

"Biz [konstitusiyanı] dəyişməli deyilik, mövcud maddələrə ciddi əməl etməliyik”, – o, sonradan başqa hesablardan da paylaşılan videosunda deyib.

Abdumalixonun mövqeyi kimi baxışlar problemlidir. Çünki mövcud konstitusiyaya əməl edilməsi Mirziyoyevin 2026-cı ildə bitən prezidentlik müddətinin sonunda hakimiyyətdən getməsi demək olardı.

Mirziyoyevin sələfi İslam Kərimov da 2002-ci ildə eyni fəndi işlətməklə özünə daha iki müddətə prezident seçilmək imkanı təşkil etmişdi.

20 il öncə olduğu kimi bu dəfə də prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılacaq.

Özündə internetdə referenduma qarşı çıxmaq cəsarəti tapanlara “təxribatçı” damğası vurulur.

“İslahatçı” prezident

Özbəkistan Kərimovun ölümündən sonra dəyişib. On ildən çox Karimovun baş naziri olmuş Mirziyoyev hakimiyyətə gələndən sonra ölkənin pambıq tarlalarında məcburi əməyə son qoyduğu üçün Beynəlxalq Əmək Təşkilatından tutmuş “Economist” jurnalınadək bir çox qurumun tərifini qazanıb. İnsanların kütləvi şəkildə pambıq tarlalarında məcburi işlədilməsi məktəb şagirdləri və müəllimlərdən tutmuş tibb işçiləri və dövlət qulluqçularınadək hər kəsə təsir edirdi.

Mirziyoyevin dövründə siyasi dissidentlər azad edilib, onlayn media, o cümlədən Özbəkistanda populyar olan və çox oxunan “Telegram” kanallarında tənqidi fikirlərin paylaşılmasına imkan verilir. Hərçənd “qırmızı xətlər” hələ də hər yerdə mövcuddur.

Xüsusən də Mirziyoyevin prezidentliyinin ikinci yarısında Daşkənd Kərimovun tətbiq etdiyi izolyasiyadan bilərəkdən yayınmağı seçdi və turizm sənayesini inkişaf etdirməyə çalışdı.

Qaraqalpaqıstan etirazları

Ancaq ötən il baş verən hadisələr konstitusiyanın tətbiqini az qala təxirə salacaqdı.

Ötən ilin iyulunda Özbəkistanın tərkibindəki Qaraqalpaqıstan Muxtar Respublikasının statusuna düzəliş təklif edən ilkin layihə həmin regionda ciddi etirazlara səbəb olmuşdu.

Hökumət Mirziyoyev dövrünün ən böyük güc tətbiqini nümayiş etdirdi. Rəsmi məlumata görə 17 etirazçı, 4 polis əməkdaşı həyatını itirdi. İnsan haqları fəalları bu rəsmi rəqəmlərə inanmadıqlarını deyirlər.

Ərazi ilə bağlı düzəlişlər tezliklə layihədən çıxarıldı.

Prezident seçkisi qış gəlməmiş keçirilib

Sistematik enerji qıtlığı da hökumətin səsverməni öncəki illərdə keçirmək fikrindən daşındırıb.

Mirziyoyevə ikinci prezidentlik müddətini qazandıran prezident seçkilərinin, planlaşdırıldığı kimi, 2021-ci ilin dekabrında deyil, oktyabrında (qış gəlməmiş) keçirilməsi də bu amillə əlaqələndirilir.

İş elə gətirib ki, bu il qış son 15 ildə olduğundan daha soyuq keçib. Nəticədə xalq hətta normal illərdəkindən də ciddi enerji qıtlığı ilə üzləşib. Ağır durumda qalan xalqın hakimiyyətə inamı daha da azalıb.

Ancaq Mirziyoyev xalqdan gizlənmir. Bir çoxları onun 30 aprel referendum öncəsi davranışını prezident seçkisi kampaniyasına bənzədirlər.

Ötən həftə o, Daşkənddə Özbəkistan və İraq komandalarının oyununu ailəsi ilə birlikdə futbol stadionuna gələrək izləyib.

Daha öncəki həftə isə prezident “Chevrolet Malibu”nun sükanı arxasına keçərək maşında onunla birlikdə gedən Surxodaryo əyalətinin qubernatoruna yolların vəziyyətindən şikayət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG