Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

Seymur Həzinin ərizəsi də itib


Seymur Həzi
Seymur Həzi

«Azadlıq» qəzetinin həbsdə olan şöbə müdiri Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair hökmdən Avropa Məhkəməsinə göndərilmiş ərizəsi də ünvanına gedib çatmayıb. Bu barədə AzadlıqRadiosuna Seymur Həzinin vəkili Şəhla Hümbətova məlumat verib.

Vəkil deyir ki, bugünlərdə «Azərpoçt»dan ona məktub daxil olub. Bildirilib ki, içində Seymur Həzinin şikayəti olan RR005401986AZ saylı məktub Bakı Poçt Daşıma Mərkəzində itib və buna görə dəymiş ziyan ödəniləcək: «Biz şikayəti sentyabrda göndərmişdik. Bir xeyli müddət ərizənin taleyi ilə bağlı xəbər çıxmadı. Şübhələndim ki, gedib çatmayıb. Avropa Məhkəməsi ilə əlaqə saxladım, məlum oldu ki, həqiqətən belədir. Ona görə sonradan özəl poçtla bir daha göndərdik və gedib çatdı, artıq icraata götürülüb. Paralel olaraq, «Azərpoçt»a da dəfələrlə müraciət etdim, faks göndərdim. Sonuncu dəfə noyabrın 3-də sorğu vermişdim».

«MƏQSƏDLİ EDİLİR»

Bundan öncə də həbsdə olan bir sıra siyasi fəalların Avropa Məhkəməsinə şikayətlərinin «itdiyini» yada salan Şəhla Hümbətova bunu təsadüf saymır. Ona görə də, şikayətləri itmiş digər vəkil həmkarları ilə məsləhətləşmələrdən sonra məhkəməyə müraciət etmək niyyətindədir.

Buna da bax-Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

«Bəlkə də «dəymiş ziyanın ödənilməsi» deyəndə məktubu göndərəndə ödədiyimiz 20 manatın geri qaytarılmasını nəzərdə tuturlar. Bizə dəyən ziyan təkcə bu 20 manat deyil axı. Məktubu yenidən özəl poçtla göndərmək üçün 150 manat xərc çəkdik. Üstəlik, «itən» məktubdakı sənədləri yenidən tapıb toplamaq əlavə əziyyət, vaxt itkisidir. Həm də Ali Məhkəmənin qərarından sonra Avropa Məhkəməsinə müraciət etmək üçün bəlli bir müddət var. Bəzən məktubun çatmadığı elə bir vaxtda bəlli olur ki, onu yenidən göndərəndə artıq həmin müddət ötmüş olur. Necə olur, adi işlərlə bağlı şikayətlər gedib çıxır, amma siyasi işlər itir? Məntiq deyir ki, bu, məqsədli şəkildə edilir», – vəkil əlavə edib.

Buna da bax-'Bir yol qalır, məktubları Gürcüstandan yola salmaq' [araşdırma]

Siyasi məzmunlu məhkəmə işlərindən Avropa Məhkəməsinə göndərilən şikayətlərin itməsinə son aylar tez-tez rast gəlinir.

XATIRLATMA

«Azərpoçt» MMC-dən Mübariz Cəlilov AzadlıqRadiosuna açıqlamasında təmsil etdiyi qurumun məktubları qəsdən it-bata salması haqda deyilənləri «əsassız iddialar» adlandırmışdı: «İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil».

Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Jurnalist ittihamı qəbul etmir, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Seymur Həzini «vicdan məhbusu» kimi tanıyıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG