Keçid linkləri

2026, 14 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 07:52

Xanımı: 'Seymur Həzi Gürcüstana getməli idi. Ölkədən çıxışının əngəlləndiyini dedilər'

Seymur Həzi
Seymur Həzi

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Nigar Həzi sentyabrın 13-də məlumat yayıb.
Onun bildirməsinə görə, Seymur Həzi Gürcüstana getməliydi, aeroportda ölkədən çıxışının əngəlləndiyi deyilib. “Səbəbinin nə olduğunu bilmirik. Ancaq bu davranışın bir adı var, ailəmizi təzyiq altında saxlamaq. Görünür bizə göstərdikləri təzyiqlərin kəmiyyətini az hesab ediblər. Ona görə də əlavə təzyiqlər düşünüblər.”, deyə o vurğulayıb.

Amma bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.Rəsmilər birqayda olaraq siyasi baxışlarına görə, vətəndaşların ölkədə basqılarla üzləşməsi haqqında deyilənləri yalanlayırlar.

Seymur Həzinin qayınatası, Müsavat partiyasının üzvü Tofiq Yaqublu hazırda həbsdədir. 2023-cü ildən həbsdə olan müxalif siyasətçi 9 il həbs cəzası alıb, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib.Bundan əvvəl də bir neçə dəfə həbs həyatı yaşayan müxalifətçi ittihamları siyasi sayır.
AXCP-nin də hazırda sədr Əli Kərimli daxil 20-ə qədər üzvü müxtəlif ittihamlarla həbsdədir.Partiya onlara da ittihamları siyasi sayır.
Azərbaycan hakimiyyətinin təmsilçiləri isə deyirlər ki, ölkə həbsxanalarında siyasi məhbus yoxdur.Onların fikrincə, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əməllərə görə, mühakimə ediliblər.

Xatırlatma

Seymur Həzinin özü də həbsdə olub.O, isə 2014-cü il avqustun 29-da həbs edilmişdi.

Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan siyasətçi cinayət məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi isə həbsinin səbəbini “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələri, “Azərbaycan saatı” proqramındakı çıxışlarıyla əlaqələndirirdi.

Seymur Həzi 2019-cu il avqustun 29-da - 5 illik həbs müddəti tamamlanan gün azadlığa çıxıb.


XS
SM
MD
LG