Keçid linkləri

2026, 30 Yanvar, Cümə, Bakı vaxtı 06:15

Sevinc Vaqifqızı 'Jurnalistikada Cəsarət mükafatı'nın qalibi olub

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

"AbzasMedia"nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Anna Politkovskaya–Arman Soldin adına "Jurnalistikada Cəsarət mükafatı"nın 2025-ci il üzrə qalibi elan edilib. Bu haqda "AbzasMedia" xəbər yayıb.

Mükafatın məqsədi xüsusilə münaqişə zonalarında və böhran şəraitində cəmiyyətin məlumatlandırılması kimi vacib missiyanı yerinə yetirən jurnalist və fotojurnalistlərin fəaliyyətini qiymətləndirməkdir.

Anna Politkovskaya–Arman Soldin adına "Jurnalistikada Cəsarət mükafatı" artıq üçüncü dəfə təqdim edilir. Mükafat adətən hər il Jurnalistlərə Qarşı Cinayətlərdə Cəzasızlığa Son Günündə təqdim edilir. Onu 2013-cü ildə Fransanın təşəbbüsü ilə BMT-nin təsis edib.

Rusiyalı jurnalist Anna Politkovskaya Rusiya ordusunun Çeçenistanda hərbi əməliyyatlarına qarşı çıxıb, buna görə Rusiya hakimiyyətini sərt tənqid edib. O, 2006-cı ilin oktyabrında Moskvadakı evinin girişində güllələnib. Qətlin sifarişçiləri hələ də tapılmayıb.

"France-Presse" agentliyinin fransız-bosniyalı jurnalisti və fotojurnalisti Arman Soldin 2023-cü il mayın 9-da reportaj zamanı həlak olub. O, Rusiyanın Ukraynaya qarşı təcavüzünün reallıqlarını dünya ictimaiyyətinə çatdırırdı.

17 noyabr

Sevinc Vaqifqızı 'Cəsarət mükafatı'na layiq görülüb

"AbzasMedia"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatının "Cəsarət Mükafatı"na layiq görülüb.

"AbzasMedia" xəbər verir ki, "Sərhədsiz Reportyorlar"ın 33-cü "Azad Mətbuat Mükafatları" mərasimi bu il təşkilatın yaranmasının 40 illiyi münasibətilə keçirilən "RSF Festivalı" çərçivəsində noyabrın 15-də Parisdə baş tutub.

Mükafatı S.Vaqifqızının adından "AbzasMedia"nın direktoru Günel Səfərova qəbul edib. O, Vaqifqızının tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

RSF S.Vaqifqızını "prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq, inadla susmaması, ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi" kimi qiymətləndirib.

2024-cü il dekabrın 9-da ABŞ dövlət katibi Antoni Blinken onu Antikorrupsiya Çempionu elan edib.

Nərgiz Absalamova
Nərgiz Absalamova

Braziliyada Azərbaycanda həbsdə olan jurnalistə də azadlıq istənilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Braziliyada keçirilən İqlim Dəyişikliyi Konfransında (COP30) Azərbaycanda həbsdə olan jurnalist Nərgiz Absalamovaya azadlıq tələb edilib.

İnsan hüquqları fəalları N.Absalamova da daxil, bir neçə ölkədə həbsdə olan jurnalistlərin fotolarının əks olunduğu futbolkalar geyinərək "Onları azad edin" şüarı ilə aksiya keçiriblər.

COP29-a ötən il Azərbaycan ev sahibliyi etmişdi.

Xatırlatma

S.Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı-jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanıblar. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunublar, lakin ittihamları rədd ediblər.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "AbzasMedia işi" üzrə S.Vaqifqızı, Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadəni 9 il, N.Absalamova və E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Ümumilikdə son iki ildə, əsasən, eyni ittihamlarla 30-a yaxın jurnalist həbs olunub.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

XS
SM
MD
LG