Keçid linkləri

2026, 16 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:07

Ərəstun Orucluya 8 il həbs cəzası elan edilib

Ərəstun Oruclu
Ərəstun Oruclu

Hazırda xaricidə yaşayan politoloq Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın xəbərinə görə, bu gün, fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Ə.Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hələlik bu məlumata onun özündən münasibət almaq mümkün olmayıb.

Ə.Oruclu Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə təqsirləndirilib.

Amma, o, hələ ötən il Baş Prokurorluğa çağırılarkən ittihamlara münasibət bildirmişdi. "Mən heç vaxt hansısa çevrilişə, üsyana, nə bilim, nəyə çağırış etməməmişəm. Əksinə, hər zaman demişəm ki, bu pisdir", - politoloq vurğulamışdı.

"Bu məsələnin hüquqi tərəfi. Amma Azərbaycanda hüquqdan danışmaq belə cəfəngiyatdır. Biz illərdir Azərbaycanda hansı cinayətlərin törədilməsini və o cinayəti törədənlərin necə mükafatlandırılmasını görürük", - o əlavə etmişdi.

Altay Göyüşov
Altay Göyüşov
18 fevral

Altay Göyüşova qiyabi 6 il həbs verilib

Fevralın 18-də hazırda xaricidə olan tarixçi Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Yerli saytların məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, A.Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Məhkəmədə müşavirədən sonra qiyabi hökm oxunub. Hökmə əsasən, A.Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.

A.Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Hökmə onun münasibəti bəlli deyil.

Tarix elmləri namizədi A.Göyüşov Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir. Bakı Dövlət Universiteti və Siyasi Araşdırmalar İnstitutunda çalışıb. Müsavat Partiyasında, ReAL Hərəkatında təmsil olunub, hər iki qurumu tərk edib. A.Göyüşov hazırda Parisdəki "Sciences-Po" Universitetində elmi işçi kimi çalışır.

Sevinc Osmanqızı
Sevinc Osmanqızı
14 yanvar

Jurnalist Sevinc Osmanqızıya qiyabi 8 il həbs verilib

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, bloqer Abid Qafarov Beydulla Manafovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Yerli saytların məlumatına görə, bu gün, yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Osmanqızı, Qafarov və Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub.

Onların məhkəməsi ötən ilin sonunda başlamışdı. Hökmə onlardan münasibət almaq mümkün olmayıb. Amma həmin şəxslər bundan əvvəl onlara verilən ittihamları yalanlamışdılar.

23 dekabr

Qənimət Zahidə qiyabi hökm oxunub

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadlıq" qəzetinin mühacirətdə olan baş redaktoru, jurnalist Qənimət Zahidin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Yerli saytların məlumatına görə, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Q.Zahid 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hələlik, həbsə o, hər hansı münasibət bildirməyib.

Q.Zahid Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Mayın 31-də onun barəsində qiyabi həbs qərarı çıxarılmışdı.

Q.Zahid özünü təqsirli bilmir və bunu jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirir. Onun fikrincə, "bu prosesdə məhkəmə ən səlahiyyətsiz mərtəbədir".

Rəsmilər isə ölkədə məhkəmələrin müstəqil olduğunu bildirərək siyasi həbslər haqqında fikirləri əsassız sayırlar.

Azərbaycan məhkəmələri bundan öncə də ölkədən mühacirət etmiş bir çox bloqer və ictimai şəxslə bağlı belə qiyabi hökmlər çıxarıb.

Xaricdəki 7 bloqer haqqında həbs qərarı: 'Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00
26 noyabr

HRW: Azərbaycan xaricdəki tənqidçilərinə təzyiqi gücləndirir

Noyabrın 26-da "Human Rights Watch" insan haqları təşkilatı Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə repressiyanı dayandırmağa çağırıb.

Qurum bildirir ki, hakimiyyət xaricdəki tənqidçilərinə qarşı kampaniyanı genişləndirir, mühacirətdə yaşayan jurnalistlər, fəallar və təhlilçilər barədə siyasi motivli olduğu görünən ittihamlarla həbs qərarları çıxarır, ifadə verməyə çağırır. Bu, çoxdankı tendensiya çərçivəsində baş verir – hakimiyyət həm ölkə daxilində, həm də xaricdə özünə qarşı narazılığı boğmağa, ifadə azadlığını məhdudlaşdırmağa çalışır.

Qurumun Avropa və Orta Asiya bölümünün direktor müavini Giorqi Qoqiya yazır ki, Azərbaycan hakimiyyətinin xaricdə olan bir sıra tənqidçiləri barədə qiyabi həbs-qətimkan tədbiri seçilib, yaxud axtarış elan olunub. Onlar kütləvi iğtişaşlara, dövlət əleyhinə açıq çağırışlarda ittiham olunurlar.

"Bu işlər hakimiyyətin tənqidçiləri susdurmaq üçün ədliyyə sistemindən sui-istifadə etdiyini göstərir. "Human Rights Watch" bunu illərlə geniş sənədləşdirib", – Qogiya bildirir.

Qurum təmsilçisi 2023-cü ilin noyabrından bəri jurnalistlərin, hüquq müdafiəçilərinin, alimlərin saxta maliyyə və digər cinayət ittihamları ilə həbs olunduğunu qeyd edir. Bu ilin martında mühacirətdə yaşayan bir neçə bloqerə qarşı cinayət işləri açılıb və xaricdə yaşayan azərbaycanlıların hədəfə alınması intensivləşib.

"Azərbaycan hakimiyyəti bütün siyasi motivli ittihamları dərhal ləğv etməli, ölkə daxilində və xaricdə müstəqil səslərə təzyiqlərə son qoymalı, ifadə və birləşmə azadlığını qorumaqla bağlı beynəlxalq öhdəliklərinə əməl etməlidir", – G.Qogiya yazır.

Hakimiyyət təmsilçiləri isə oxşar tənqidləri adətən rədd edir, ölkədə təməl hüquq və azadlıqların qorunduğunu bildirirlər.

13 noyabr

Jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağrılıb

Birləşmiş Ştatlarda (ABŞ) yaşayan jurnalist Sevinc Osmanqızı noyabrın 20-si saat 16:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağrılıb.

İTV-də bununla bağlı Baş Prokurorluğun müraciəti yayımlanıb. Məlumata görə, ona rəsmi bildiriş göndərilib.

Bildirilir ki, fevralın 23-də S.Osmanqızıya Cinayət Məcəlləsinin 220.2 (...kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə rəsmi ittiham irəli sürülüb və o, axtarışa verilib.

Baş Prokurorluq Osmanqızıya xəbərdarlıq edib ki, çağırışa gəlmədiyi halda, barəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

"Osmanqızı TV" kanalındakı çıxışları ilə bağlı xaricdə yaşayan Beydulla Manafov və Abid Qafarov da oxşar ittihamlarla üzləşiblər. Baş Prokurorluq onların da həmin tarixdə istintaqa gəlmələrini tələb edir. Məlumata görə, Qafarovun CM-in 220.2 və 281.2-ci, Manafovun isə 281.2 və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması barədə qərar qəbul edilib.

Sevinc Osmanqızı: 'Bu, sözdən qorxudur'

Prokurorluğun açıqlamasından sonra jurnalist Sevinc Osmanqızı deyib ki, bu, ondan ötrü gözlənilməz olmayıb: "Əgər sən bir Youtube kanalının aparıcısısansa, hər gün efirdəsənsə və rejimin maraqlarına toxunursansa, potensial hədəfsən".

İttihamları qəbul etməyən S.Osmanqızı vurğulayıb ki, "bu, sözdən qorxudur".

O əlavə edib ki, SSRİ-də ötən əsrin 37-ci, 38-cı illərindəki repressiyalarda güllələnənlər olub və sonradan onlara bəraət verilib: "Gün olacaq bu İctimai TV-də bizlərə də bəraət oxunacaq. Çünki bizim, həbsdə yatan jurnalistlərimizin heç bir günahı yoxdur".

A.Qafarov və B.Manafovdan bu məsələyə, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb. Lakin onların da ittihamla razılaşmadıqları bildirilir.

Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir çox bloqer və internet televiziyalarının təmsilçilərini oxşar ittihamlarla istintaqa çağırıb, onların haqqında qiyabi həbs qərarları verib.

Xatırlatma

"Osmanqızı TV" internet kanalı 2018-ci ildən fəaliyyətdədir. S.Osmanqızı daha əvvəl BBC radiosu və ANS televiziyasında da çalışıb. Son illər o, hakimiyyətə yaxın bəzi media orqanlarında sərt tənqid və təhqiramiz ifadələrin hədəfinə çevrilib.

"KİM" internet televiziyasının əməkdaşı olan Abid Qafarov Azərbaycanda olarkən həbs həyatı yaşayıb. 2022-ci il iyulun 13-də Yasamal rayon Məhkəməsinin qərarı ilə 1 il müddətə azadlıqdan məhrum edilmişdi. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılırdı. Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğrunda mübarizə aparmadıqlarına görə onları qınayıb. Qafarov da özünü təqsirli bilmir və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirirdi.

Hazırda ABŞ-də yaşayan Beydulla Manafov "Turan TV" və xaricdən yayımlanan bir sıra internet televiziyalarında tənqidi mövqeyi ilə diqqət çəkir.

XS
SM
MD
LG