Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

Ketçupa pomidoru az vururlar – Şərqi Avropada problem


Ketçup
Ketçup

Şərqi Avropa ölkələrində istehlakçılar onlara aşağı sort məhsul satılmasından gileylənirlər. Məsələn, Slovakiyanın Bratislava şəhərində 31 yaşlı Simona Budinska məhəllədəki baqqal dükanında laktozasız məhsul axtarıb. Tapmayınca eləməyib tənbəllik, əriylə maşına minib sürüblər düz Avstriyaya və görüblər ki, mağazalar ağzınacan seçimlə doludur. «The New York Times» qəzetində Rick Lyman bu problemi araşdırıb.

Budinska-nı təbdən çıxaran təkcə seçim bolluğu da deyil. «Orada yuyucu toz daha keyfiyyətli idi, ketçupda Slovakiyadakından daha çox pomidor vardı», – deyə gileylənir.

Müəllif yazır ki, Şərqi və Mərkəzi Avropa ölkələrinə elə həmişə Avropa Birliyi ailəsinin yoxsul əmi uşaqları kimi baxıblar. On ildən çoxdur birliyin üzvüdürlər, maaşları azdır, korrupsiyanın kökü kəsilmir, məktəblər və xəstəxanalardakı xidmət aşağı səviyyədədir.

«ÖLKƏDƏN ÖLKƏYƏ FƏRQ VAR»

«İndi isə, ikinci dərəcəli vətəndaş rəftarının doğurduğu qəzəb regionda soyuduculara, dolablara da çatıb. Tanınmış siyasətçilər, yerli media ağızdolusu bu məsələdən danışır, «Şərqi avropalılara doğrudanmı aşağı növ məhsullar satılır» sualına cavab axtarır», – məqalədə deyilir.

Hətta ötən ay Polşa, Macarıstan, Slovakiya və Çexiya liderləri Avropa Komissiyasından bu məsələni araşdırmağı xahiş ediblər.

«Bu tendensiyadan danışanlar gənclər, orta sinif və yüksək gəlirləri olanlardır. Dəstək toplamaqdan ötrü siyasilərə düşmən lazımdır. Və onlar da həmin ərzaq məsələsini xoşlayırlar, çünki bunu xaricilərin üstünə yıxmaq olar», – Praqadakı «Median» özəl rəy və marketinq agentliyində sosial və siyasi araşdırma rəhbəri Daniel Prokop deyir.

Supermarket.
Supermarket.

Ərzaq istehsalçıları və sənaye sahəsi üzrə təhlilçilər isə vurğulayırlar ki, ölkədən ölkəyə ərzağın tərkibinin dəyişməsi adi haldır. Bəzən bunu yerli zövqü razı salmaq, bəzən də daha ucuz məhsul qatmaqla daha çox qazanmaqdan ötrü edirlər.

POPULİSTLƏRİN ƏLİNƏ GİRƏVƏ DÜŞÜB

Ancaq bu arqumentlər Şərqi Avropa əhalisinin qəzəbini soyudan deyil. Onlar düşünürlər ki, Avropa Birliyinin üzvüdürlər, ümumi bazar isə o deməkdir ki, ərzağın keyfiyyəti 28 ölkədə eyni cür olmalıdır, dəyişməməlidir.

«Vətəndaşlarımızla ikinci sinif kimi rəftara icazə verə bilmərik. Slovak istehlakçılar, AB-nin istənilən ölkəsində olduğu kimi, eyni istehsalçının eyni brend məhsulunu eyni keyfiyyətdə almalıdır», – Slovakiyanın kənd təsərrüfatı naziri Gabriela Matecna belə deyir.

Çexiya və Slovakiyada populist siyasətçilər bu məsələdən yapışıblar. Slovakiyanın populist baş naziri Robert Fico ifrat sağçı qrupların rəqabəti və korrupsiya qalmaqalıyla üz-üzəydi. «Avropa Komissiyasından xahiş edəcəyik ki, mümkün qədər tez uyğun qanunvericilik qəbul eləsin. Slovakiya, Macarıstan və Çexiya vətəndaşlarının alçaldılması praktikası dayandırılsın», – Fico söyləyib.

DEPUTAT DA SƏBƏTİNİ YOXLAYIB

2011-ci ildə Slovakiya İstehlakçılar Assosiasiyası Avstriya və Slovakiyada doldurulmuş ərzaq səbətlərinin müqayisəsini aparıb. Bircə məhsulu çıxmaqla, Şərqdə alınmış malların hamısı ikinci dərəcəli olub.

Sonucda Avropa Parlamentinin çex üzvü Olga Sehnalova məsələylə şəxsən məşğul olmağa başlayıb. O, özünün ərzaq səbətini yoxlayıb və içindəkilərin yarısının aşağı növ olduğunu üzə çıxarıb.

Coca-Cola
Coca-Cola

Belə testlərdən çox aparılıb, Məsələn, çexlər öyrəniblər ki, «Carbonell» zeytun yağı, yaxud «Heinz» ketçupunu Almaniya, yaxud Çexiyada almağın fərqi yoxdur, keyfiyyəti eynidir. Amma bir sıra digər məhsulların Şərqi Avropada daha keyfiyyətsizi satılır. Məsələn, «Rama Classic» marqarinini daha az yağlı olub, «Pepsi-Cola», «Sprite» və «Nestea» Çexiyada şirinləşdirici kimi fruktozadan, Almaniyada isə şəkərdən istifadə edir. Çex universitetlərindən biri 23 məhsulu beləcə yoxlayıb.

«COCA-COLA»NIN FORMULU EYNİDİR

Qəzet yazır ki, hələlik, araşdırmalar ancaq Almaniya və Çexiya, Slovakiya və Avstriya arasında aparılıb. Amma həmin ölkələrin rəsmiləri Avropa Birliyi ölkələrinin hamısını sınaq aparmağa, məsələnin nə dərəcədə yayıldığını üzə çıxarmağa çağırır.

Bəzi şirkətlərin təmsilçiləri iddiaları qəbul etməyib, fərqli ölkələrdən ötrü fərqli adlarla hazırlanan məhsullardan söhbət getdiyini vurğulayırlar. Onlar həm də ölkələr üzrə yerli zövqləri nəzərə aldıqlarını deyirlər.

«Coca-Cola»nın formulu bütün dünyada eynidir. Biz, hər bir ölkədə su, CO2 və təsdiqlənmiş, rəsmi, yüksəkkeyfiyyətli saxarin əlavə edirik», – «Coca-Cola» şirkətinin Slovakiya və Çexiya üzrə xarici işlər direktoru Petr Jonak deyib. Onun sözlərinə görə, Çexiya, İspaniya və Birləşmiş Ştatlarda fruktoza siropu, Almaniya, Avstriya və bir çox ölkələrdə şəkər qamışı və şəkər çuğunduru qatırlar.

XS
SM
MD
LG