Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Brüssel sammiti: 'Şərq Tərəfdaşlığı' kimə tərəf çıxacaq


İ.Əliyev Brüsseldə
İ.Əliyev Brüsseldə

Noyabrın 24-də Brüsseldə Avropa Birliyi və «Şərq Tərəfdaşlığı»na daxil olan 6 ölkənin – Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Gürcüstan və Moldova liderlərinin sammiti keçirilir.

Sammitdə əsas hadisə Ermənistanla Avropa Birliyinin Assosiasiya sazişinin imzalanması olmalıdır.

Ancaq AzadlıqRadiosu müxbiri Brüsseldən xəbər verir ki, Avropa Birliyinin Ermənistanla bu sazişi Ukrayna, Gürcüstan və Moldova ilə əvvəllər bağlanmış sazişlərdən zəifdir, burda azad ticarət yoxdur.

Ermənistan hələ 2013-cü ildə bu sazişi imzalamağa hazır idi, ancaq prezident Serzh Sarkisian Rusiyanın təzyiqi ilə geri çəkildi və Moskvanın idarə etdiyi Avrasiya İqtisadi İttifaqına qoşuldu. İndi isə Sarkisian-ın fikrincə, həm Avrasiya İttifaqının, həm də «Şərq Tərəfdaşlığı»nın üzvü olmaqda ziddiyyət yoxdur:

«Bu sazişi imzalamaqla biz göstəririk ki, həm Avrasiya İttifaqının, həm də «Şərq Tərəfdaşlığı»nın üzvü olmaq mümkündür».

Sammitdə Ermənistan yekun bəyannamənin mətni ətrafında Azərbaycanla mübahisə ilə də gündəmə gəlib. Yekun bəyannamənin layihəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın və Ermənistanın təklif etdiyi ifadələr bir-birinə zidd olub.

S.Sarkisian
S.Sarkisian

Sarkisian noyabrın 23-də AzadlıqRadiosuna deyirdi ki, problem ondadır ki, Azərbaycanın təklif etdiyini başqa ölkələr qəbul edirmi?

«Azərbaycan sərt ifadələrə çalışa bilər, ancaq məsələ ondadır ki, başqaları bunu qəbul edəcəkmi?. Mən hesab etmirəm ki, «Şərq Tərəfdaşlığı» sammiti bizim Azərbaycanla münasibətlərimizi müzakirə və həll etməyə münasib yerdir. Dağlıq Qarabağ məsələsi ilə ATƏT-in Minsk qrupu və onun həmsədrləri məşğuldur».

Sammit ərəfəsi Brüsseldə NATO baş katibi Jens Stoltenberg-lə görüşdə Azərbaycan prezidenti İlham Əliyev də Dağlıq Qarabağı müzakirə etmişdi. Stoltenberg demişdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. İ.Əliyev isə bildirmişdi ki, ancaq münaqişə ətrafında heç nə dəyişmir və Ermənistan status-kvonu saxlamağa çalışır.

Avropa Birliyi hələlik Ukrayna, Gürcüstan , Moldova ilə Assosiasiya sazişi imzalayıb. Bu sazişdən sonra həmin ölkələrin vətəndaşlarına Avropaya sərbəst gediş-gəliş imkanı verildi.

İndiki sammitin yekunlarından nələri gözləmək olar? Yekun sənəd layihəsində «Şərq Tərəfdaşlığı» ölkələrində xırda və orta biznesin kreditə çıxışının asanlaşdırılması, yüksəksürətli internet, tərəfdaş ölkələr arasında rominq tariflərinin azaldılması məqsəd kimi qoyulur. Gözləmək olar ki, yaxın illərdə bu dəyişikliklər olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG