Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Serj Sarqsyan: ‘Əliyevlə birbaşa danışıqlar böyük səhvdir’


Serj Sarqsyan (sağda) və İlham Əliyev 2016-cı il danışqılarında (Arxiv fotosu)
Serj Sarqsyan (sağda) və İlham Əliyev 2016-cı il danışqılarında (Arxiv fotosu)

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Britaniyanın The Independent qəzetinə müsahibə verib.

Qəzet yazır ki, “son dərəcə ziddiyyətli fiqur” olan Sarqsyan hazırda Ermənistan və Azərbaycan arasında gedən müharibəni “divanəlik” adlandırıb və buna görə prezident İlham Əliyevi günahlandırıb:

“Strateji baxımdan bu müharibə divanəlikdir və mülkilər Əliyevin divanə arzusu üçün bədəl ödəyirlər”.

The Independent qəzetinin suallarına e-mail vasitəsilə cavab verən Sarqsyan deyib ki, “onlar əllərində olan bütün silahlardan istifadə edirlər”.

O iddia edib ki, “Azərbaycanın indiki uğurları müharibənin sonu demək deyildir”.

“Xocalı qətliamının iştirakçısı”

The Independent yazır ki, Sarqsyanın bu iddiasına cavab olaraq Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev onu “hərbi canı” adlandırıb.

Hacıyev deyib ki, Sarqsyan 1992-ci ildə törədilmiş Xocalı qətliamına görə məsuliyyət daşıyır:

“O Azərbaycan vətəndaşlarının qətlində birbaşa iştirak edib, indi isə özünü mələk və sülhsevər kimi göstərir. Azərbaycan üçün o hərbi cani və uşaq qatilidir”.

The Independent xatırladır ki, Sarqsyan prezident olduğu illərdə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasdına can atıb, lakin bu təşəbbüs uğursuzluqla nəticələnib. Qəzet yazır:

“Lakin bir çox ermənilər onu korrupsioner, avtokrat və Kremlin pəncəsi kimi görürlər. Onu 2018-ci ildə geniş küçə etirazları ilə deviriblər və baş nazir Nikol Paşinyanın hakimiyyəti ilə Ermənistanda yeni siyasi eraya başayıblar”.

The Independent qeyd edir ki, əvvəlcə Azərbaycanla dialoqa ümidlər verən “populist jurnalist” Nikol Paşinyanı hazırda bəziləri daha şovinist və Dağlıq Qarabağ münaqişəsində daha davakar siyasi fiqur kimi görürlər.

Sarqsyan deyib ki, Ermənistanın keçmiş rəsmiləri və müxalifət liderləri yeni hökumətə məsləhətlər vermək istəsələr də, onların bu təşəbbüsü qulaqardına vurulub.

Paşinyanın səhvi

The Independent yazır ki, müharibədən əvvəlki aylarda Ermənistanın müdafiə naziri David Tonoyanın aqressiv ritorikası Azərbaycanda ciddi həyəcan doğurmuşdu.

Tonoyan “yeni ərazilər üçün yeni müharibələr” ideyasını irəli sürmüşdü.

Sarqsyan The Independent qəzetinə müsahibəsində bunun yanlış doktrina olduğunu bildirib:

“Mənim xələfim bizim əhəmiyyətli zaman ərzində tutduğumuz yolu davam etdirməyib və özünün dediyi kimi danışıqlara öz nöqteyi-nəzərindən başlamaq qərarına gəlib”.

Qəzet yazır ki, Hacıyev, əksinə Sarqsyanın sülh səylərini dəfələrlə pozduğunu xatılrladıb. O deyib ki, Sarqsyanın məqsədi Azərbaycan torpaqlarının işğalının uzadılması olub:

“Bizim üçün o bir qumarbazdır. O inanılası və etimad göstəriləsi adam deyil”.

“Bu münaqişə heç vaxt donmayıb”

Lakin The Independent qəzetinə müsahibəsində keçmiş prezident Serj Sarqsyan Azərbaycanı bütün sülh ümidlərini puça çıxarmaqda ittiham edib:

“Bu münaqişə əslində heç vaxt donmayıb. Buna baxmayaraq biz Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinə təminat yaratmağı bacarmışdıq. Azərbaycan bütün bu illər ərzində kiçik miqyasda olsa da hücumlarını davam etdirirdi”.

Sarqsyan bildirib ki, bu müharibədə Azərbaycana Türkiyənin dəstəyi həlledici rol oynayıb.

O deyib ki, “Türkiyə dronları Azərbaycanın hücum əməliyyatlarının bel sütunudur”.

Sarqsyan ehtimal etdiyini bildirib ki, hərbi əməliyyatlar barədə qərarlar da Azərbaycan və Türkiyə tərəfindən birlikdə qəbul edilir.

Keçmiş Ermənistan prezidenti müsahibənin sonunda deyib:

“Mən qətiyyətlə inanıram ki, Əliyevlə birbaşa danışıqlar ən böyük səhvdir. Bunun sadə bir səbəbi var. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyi ilə heç vaxt razılaşmayacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG