Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

İran sərhədində insident - yaralı var


İllüstrasiya
İllüstrasiya

Cəlilabad rayonunda Azərbaycan-İran dövlət sərhədini pozmağa cəhd edildiyi, yaralı sərhəd pozucusunun tutulduğu bildirilir. Həmin şəxsin əvvəllər də Azərbaycan sərhədini “qanunsuz keçmiş” və sərhədçini yaralamış Nəsiri Şekarın olduğu deyilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə noyabrın 29-da, "Göytəpə" sərhəd ərazisində axşam baş verib.

Məlumata görə, sərhədçilər Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd ərazisində iki sərhəd pozucusu aşkar ediblər. Kimliyi bilinməyən həmin şəxslərə "Dayan" komandası verilsə də onların tabe olmadığı deyilir.

“Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri yaralanaraq hadisə yerində tutulub. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub”, - DSX-nın məlumatında bildirilir.

Hadisə yerindən AKM-74 markalı silah, gecəgörmə cihazı və mobil telefon aşkar olunduğu qeyd olunur.

DSX-nın xəbərinə görə, yaralanmış sərhəd pozucusu Nəsiri Şəhzad Şekar-dır. Onun daha əvvəl də sərhəd pozucusu qismində tutulduğu, Azərbaycanda azadlıqdan məhrum edildiyi, 2014-cü ildə İrana təhvil verildiyi deyilir.

İyunun 21-də də eyni ərazidə dövlət sərhədinin pozulmasına cəhd edildiyi və çavuş Ramazan Kurupovun yaralandığı haqda rəsmi məlumat verilmişdi.

DSX-nın məlumatına görə, Ramazan Kurupovu yaralayanın noyabrın 29-da saxlanılan Nəsiri Şekarın olduğu müəyyən edilib.

XS
SM
MD
LG