Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 15:44

Mirzoyan 'sülh müqaviləsi' ifadəsinə belə düzəliş verdi


Ermənistan və Azərbaycan rəsmiləri yenidən görüşür
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ermənistan və Azərbaycan rəsmiləri yenidən görüşür

Moskva Cənubi Qafqazın sülh, davamlı inkişaf və çiçəklənmə zonasına çevrilməsində maraqlıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Rusiya mənbələrinə istinadən yazır ki, bunu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 12-də Düşənbədə keçirilən üçtərəfli görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavov deyib.

Lavrovun sözlərinə görə, Moskva üçün mühüm olanı Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşdırılması üçün tərəflər arasında qarşılıqlı etimadın yaradılmasıdır.

“Mən ümid edirəm ki, bugünkü görüş bizim rəhbərlərimiz tərəfindən müəyyən edilmiş yolla irəliləməyə imkan yaradacaq”.

Bayramov: “Ən azı bu prosesin başlanması...”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, bu görüş “əldə oluna biləcək” irəliləyişin müzakirəsi üçün yaxşı imkan olub.

Lakin o təəssüflə əlavə edib ki, hələki regionda nəqliyyat kommunikasiyalarının açılması işində lazımi irəliləyiş yoxdur.

“Bilirəm ki, həmkarlarımız arasında təmaslar davam edir. Biz hesab edirik ki, nəticə əldə olunması üçün, üçtərəfli bəyənatların tam icrası üçün yaxşı perpektiv, yaxşı imkan var”.

Bayramov qeyd edib ki, son vaxtlarda dövlət sərhədinin delimitasiyası prosesinə başlanması üçün intensiv təmaslar olub:

“Hesab edirəm ki, yaxşı planlar, delimitasiya komissiyasının tərkibi və tərəflərin təmsilçiliyi baxımından anlaşma var. Bunu da hesab edirəm ki, ən yaxın vaxtlarda ən azı bu prosesin başlanması mümkün ola bilər”.

Erməni tərəfi Qarabağın statusu məsələsini qaldırıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşün əvvəlində deyib ki, Yerevan üç ölkə liderlərinin bəyanat və razılaşmalarının icrasına sadiq qalır:

“Biz bütün fəaliyyətdə olan formatlar üzrə işi davam etdirməyə hazırıq. Bunlar regionda iqtisadi infrastruktur kommunikasiyalarının açılması, sülh müqaviləsi, yaxud, yəqin ki, daha düzgün desək münasibətlərin normallaşdırılması müqaviləsi, münasibətlərin qurulması və əsirlərin azad edilməsi və başqa həll olunmamış məsələlərin həlli kimi humanitar məsələlər də daxil qalan bütün problemlərin həllidir”.

Bu bəyanatlardan əvvəl Lavrov Mirozyan və Bayramovla ayrı-ayrılıqda görüşmüşdü.

Ermənistan XİN-in bu görüşün nəticələri barədə məluamtında deyilir ki, nazirlər üçtərəfli bəyanatların icrası prosesini müzakirə ediblər.

Azatutyun yazır ki, Ararat Mirzoyan bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi çərçivəsində Qarabağ ermənilərinin təhlükəsziliyi, onların hüquq və azadlıqlarının təmin olunması, eləcə də Dağlqı Qarabağın statusu məsələsində Yerevanın mövqeyini bir daha təsdiqləyib.

Azərbaycan-Ermənistan görüşü gələn həftə Moskvada olacaq

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə iki ölkə komissiyalarının görüşü mayın 16-17-də Moskvada keçiriləcək.

Mirzoyan bu məlumatı mayın 12-də Düşənbədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı verib:

“Sizə məlumat vermək istəyirəm ki, biz azərbaycanlı həmkarlarımızla sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyalar barədə məsələni müzakirə etmişik. Düşünürəm ki, kommunikasiyalar məsələsinin mayın 16-da və 17-də Rusiya baş nazirinin müavini Aleksey Overçukla müzakirəsinə dair razılaşma var. Bu da razılaşdırılıb ki, həmin günlərdə sərhədin delimitasiyası və təhlükəsizliyi ilə bağlı ikitərəfli görüş təşkil olunacaq”.

Azərbaycan və Ermənistan nazirləri görüşüb

Mayın 12-də Tacikistan paytaxtı Düşənbə şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında da görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər:

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb”.

Bildirildiyinə görə, tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıblar.

Bayramov Düşənbədə Lavrovla görüşüb

Bu gün, mayın 12-də Tacikistan paytaxtı Düşənbə şəhərində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Müstəqil Dövlətlər Birliyi ( MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak çərçivəsində gerçəkləşib.

Məlumata görə, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

"Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar", - məlumatda qeyd edilir.

Nazirliyin bildirməsinə görə, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti vurğulanıb.

İclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də görüşü gözlənir.

MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı mayın 13-də gerçəkləşməlidir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Ötən il də tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Bu il aprelin 6-da isə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG