Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

'O, təzəcə katorqadan qayıdana oxşayırdı'


S.Korolyov Kolımadan qayıdandan sonra Butırka həbsxanasında. 40-ci illər.
S.Korolyov Kolımadan qayıdandan sonra Butırka həbsxanasında. 40-ci illər.

Rusiyanın Maqadan vilayətinin qubernatoru Sergey Nosov «Zavtra» qəzetinə müsahibəsində deyib ki, Rusiyada heç vaxt insanları fərqli düşüncəyə görə məhv etməyiblər. O, həmçinin sovet alimi, ilk sovet kosmik gəmilərinin konstruktoru, sovet raketqayırmasının banisi, 1939-cu ildə Kolımaya sürgün edilmiş Sergey Korolyovu da yada salıb. «Korolyov burada qızıl çıxarmırdı. Ona şərait yaradılmışdı və o öz sahəsi üzrə çalışırdı», – Nosov deyib.

S.Korolyovun nəvəsi, tibb elmləri doktoru, tanınmış ortoped-cərrah , professor Andrey Korolyov «Sibir.Realii» portalına müsahibə verərək, babasının sürgünü necə keçirməsindən danışıb:

«Ölürmüş»

«Sovet İttifaqında repressiyaların olmadığını, hakimiyyətin heç kəsi öldürmədiyini, Maqadandakı Maldyak qızılçıxarma mədənində insanların hansısa imtiyazlı şəraitdə yaşadıqlarını deyə bilən insan mənəviyyatsız insandır. Bu adam tarixi yerli-dibli bilmir. Taleyin əmriylə gəlib çıxdığı diyarın tarixini bilmir. O, həqiqətin gözlərinə baxmaq istəmir… Mən belə ifadələrə yol verən və belə dünyagörüşünə malik olan adamların hakimiyyətin az-çox yuxarı qatlarında mövcud olmasına heyrət edirəm…

…Mən cərraham. Anatomiyanı bilirsənsə, əməliyyat edə bilirsən… Ancaq sən ümumiyyətlə, heç nə bilmirsənsə, əlin, ayağın, başın harada olduğunu anlamırsansa, onda kənara çəkil, get süpürgəçi işlə, özünü cərrahlığa soxma. Tarixi bilmirsənsə, ondan ibrət götürə bilmirsənsə, aşkar həqiqətləri danırsansa, qubernator olma, get süpürgəçi ol. Bu, məntiqli olardı...

Onlar orada qızılı yuyaraq süxurlardan təmizləməklə məşğul idilər. Buna görə o, ömür boyu qızılı sevməzdi… Səhər 5-də oyanıb gecə 11-ə qədər işləyirlərmiş. Yemək o qədər pis imiş ki, hamı sinqa xəstəliyinə tutulubmuş. O, orada bütün dişlərini itirib. Bir sözlə, ölürmüş».

Maldyak düşərgəsi.
Maldyak düşərgəsi.

Sergey Korolyovun qızı Natalya Korolyovanın «Ata» kitabından:

«Məhbuslar briqadalarla, taxta karkasın üstünə çəkilmiş 7x21 metr ölçülü qara brezent çadırlarda yaşayır, ikimərtəbəli məhbəs çarpayılarında, quru otla doldurulmuş döşəklərin üstündə yatırdılar. Başlarının altına buşlat – bədəni dizə qədər örtən gödəkcələri… qoyurdular. Yorğan-döşək üzü yox idi, yalnız vafli dəsmallar verirdilər. Üstlərinə əsgər adyalı örtürdülər. Hər bir çadır ortada qoyulmuş, dəmir çəlləkdən düzəldilmiş soba ilə qızdırılırdı. O illərdə Maldyakda kömür yox idi. Yanacaq kimi… məhbusların dağlardan gətirdikləri çırpı və ağac budaqlarından istifadə olunurdu. …Ancaq soba soyuqdan xilas etmirdi, çünki artıq oktyabrda başlayan küləkli şaxtalar qışda 40, 50, bəzənsə 60 dərəcəyə çatırdı… Qışda çadırların divarlarını qarla örtürdülər ki, bu yolla heç olmasa, necəsə istiliyi qoruyub saxlaya bilsinlər».

Korolyov necə xilas edilib

A.Korolyov deyir ki, babasını Moskva aviasiya zavodunun keçmiş direktoru, o zamanlar Valeri Çkalovun ölümünə görə ittiham olunaraq Kolımaya sürgün edilmiş Mixail Usaçov xilas edib:

«O onu cır-cındırın içindən tapıb. …Babamı müharibədən əvvəl tanıdığı adam barakın küncündə, ölümcül halda tapıb. O, boks üzrə idman ustası idi. Düşərgədə sərt qayda-qanun yaradıb, «blatnoy»lara, yəni canilərə ağalıq edib. O, fiziki baxımdan çox möhkəm adam idi. O, Korolyovu oradan çıxarıb, hamıya, o cümlədən «blatnoy»lara əmr edib ki, onu yedirsinlər, yemək paylarını onunla bölsünlər. Sonra da elə edib ki, onu tibbi baraka yerləşdiriblər. Burada ona qulluq edən qadın həkim var imiş. Mənim anam, Natalya Sergeyevna KQB, FSB və s.-nin arxivlərinin açıq olduğu qısa müddətdə Sergey Pavloviçin keçdiyi yolu tam öyrənib. Onun bütün yerdəyişmələri ilə bağlı bütün sənədlər açıq idi. Anam «Şövqlə yaşamaq lazımdır» adlı kitabını yazanda bu yolu tam keçib. O zaman Sergey Pavloviçi müalicə edən həkimi tapıb. Həkim ora öz iradəsi ilə düşməmiş gənc qız imiş. Hətta müharibənin bitməsindən 60 il sonra da çox qorxurmuş, deyirmiş ki, «Mən bu haqda danışa bilmərəm. Mən danışmamaq haqda sənədə qol çəkmişəm» və s.

Y.Qaqarin və S.Korolyov. 1961
Y.Qaqarin və S.Korolyov. 1961

…Korolyovun həbsxanada çox ciddi döyüldüyünü də unutmamaq lazımdır. Onun alt çənəsi qırılmışdı, buna görə o, ağzını sonadək aça bilmirdi. Onurğasının boyun nahiyəsi sınmışdı, buna görə başını sonadək əyə bilmirdi. Son nəticədə ölümünün əsas səbəblərindən biri də bu oldu. Çünki əməliyyat zamanı tənəffüs borusunu boğazına qoya bilmədilər…».

Moskvaya qaytarılmasından 4 ay sonra S.Korolyovu yenidən mühakimə edərək 8 il iş kəsiblər. Bundan sonra o, 4 ilini də təyyarəqayırma sahəsində ən yeni layihələrlə məşğul olan müəssisələrin nəzdindəki xüsusi həbsxanalarda keçirib. Onu 1944-cü ilin iyulunda Stalinin xüsusi göstərişi ilə azad ediblər: ölkənin raket texnikasına və Korolyovun dahiyanə ixtiralarına ehtiyacı var idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG