Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 20:07

Məşhur Rusiya jurnalisti Sergei Dorenko ölüb


Sergei Dorenko

Rusiyanın tanınmış jurnalistlərindən Sergei Dorenko Moskvada 59 yaşında ölüb.

Bəzi məlumatlara görə Dorenko paytaxtın mərkəzi küçələrindən birində motosiklet sürərkən huşunu itirib.

TASS onun ürək infarktı keçirdiyini bildirir.

Bundan əvvvəl verilən xəbərlərdə deyilirdi ki, Dorenko toqquşma qəzasına düşüb.

Dorenko 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində xüsusilə məşhur idi.

Onun apardığı xəbər proqramı 2000-ci ildə Kursk atom sualtı gəmisinin batması ilə bağlı hökuməti sərt tənqid etdikdən sonra bağlanmışdı.

Dorenko bu hadisədən sonra artıq Rusiya televiziyasında işləmədi. Lakin o son vaxtlarda Qovorit Moskva radiosunun baş redaktoru kimi çalışırdı.

O xəbər başlıqlarına bir də 2007-ci ildə Aleksandr Litvinenko və başqa FTX zabitlərindən 1998-ci ildə götürdüyü müsahibələrini açıqlayanda çıxmışdı.

Həmin müsahibələrdə Litvinenko və onun həmkarları onlara tanınmış siyasətçi və biznesmenlərin qətli, oğurlanması və şantaj edilməsi kimi əmrlərin verildiyini etiraf etmişdilər.

Bundan bir il əvvəl, 2006-cı ildə Litvinenko Londonda radiasiya zəhərlənməsindən ölmüşdü.

Britaniya müstəntiqləri onun Rusiya Federal Mühafizə Xidmətinin zabiti Andrei Lugovoi tərəfindən plutonium 210 maddəsi ilə zəhərləndiyini aşkara çıxarıb.

Lugovoi və Rusiya hökuməti Litvinenkonun qətlə yetirilməsindəki iştiraklarını bugünüdək danırlar.

XS
SM
MD
LG