2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Kreml Vuçiçi təriflədi, yeni hakimiyyətə isə mesaj göndərdi

Aleksandar Vuçiç və Vladimir Putin
Aleksandar Vuçiç və Vladimir Putin

Oktyabrın 26-da Kreml Serbiyaya uzun müddət rəhbərlik etmiş müttəfiqi Aleksandar Vuçiçin fəaliyyətini yüksək qiymətləndirib. Bir gün əvvəl keçirilən seçkilərdə Vuçiçin məğlubiyyətə uğraması ilə Rusiya daha bir tərəfdaşını itirmiş oldu. Cəmi altı ay əvvəl isə Moskvanın Macarıstandakı digər müttəfiqi Viktor Orban seçkilərdə məğlub olmuşdu.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva seçkilərin nəticələrini nəzərə alıb. O, Vuçiçin xidmətlərini yüksək qiymətləndirərək Serbiyanın yeni rəhbərliyinin Rusiya ilə əməkdaşlığın ölkənin öz milli maraqlarına cavab verdiyini anlayacağına ümid etdiyini vurğulayıb.

Rusiya ənənəvi olaraq Serbiyanın əsas enerji təchizatçılarından biri hesab olunur.

Serbiya Avropa İttifaqına (Aİ) üzv olmağa çalışsa da, blokun Ukraynadakı müharibəyə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Belqrad Moskva ilə iqtisadi, siyasi və hərbi əlaqələrini aktiv şəkildə davam etdirib.

Vuçiç seçkilərdə məğlubiyyətini etiraf edib

Serbiyanın keçmiş prezidenti A.Vuçiç parlament seçkilərində tələbələrin etiraz hərəkatına məğlub olduğunu etiraf edib. 10 ildən çoxdur ölkənin siyasi həyatında dominant mövqe tutan Vuçiçin bu məğlubiyyəti Serbiyanın Kremlin təsirindən uzaqlaşaraq Avropaya yaxınlaşmasının başlanğıcı ola bilər.

"Bu seçkilərdəki məğlubiyyətimiz aydındır", – Vuçiç oktyabrın 25-də axşam keçirdiyi mətbuat konfransında bildirib.

""Tələbə Siyahısı" qalib gəlib. Onlar parlamentdə 135-140, biz isə 105 yer qazanacağıq. Parlamentə başqa heç kim keçməyib", – Vuçiç ilkin nəticələrlə bağlı deyib.

Bu açıqlamadan sonra Belqrad, Novi Sad və digər şəhərlərdə tələbə liderləri ilə onların tərəfdarları qələbəni qeyd etməyə başlayıblar.

Belqrad
Belqrad

Bəzi müşahidəçilər Vuçiçin məğlubiyyətini Rusiyaya dost münasibəti ilə tanınan digər avtoritar liderin – Macarıstanın baş naziri Viktor Orbanın apreldə parlament seçkilərində uduzması ilə müqayisə ediblər.

Serbiyadakı seçkilərdə 18 seçki siyahısı üzrə 2 min 400-dən çox namizəd iştirak edib ki, onlardan da 250-si parlamentə düşməlidir.

"Sabahdan qanunun aliliyinə əsaslanan dövlət qurmaq üçün işə başlayacağıq", – bunu "Tələbə Siyahısı"nın əsas namizədi İliya Srdanoviç bildirib.

Reaksiyalar

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen seçkilərin nəticələrini alqışlayıblar. Onların fikrincə, bu nəticələr Serbiyanın Avropa İttifaqına mümkün üzvlük prosesinə təkan verəcək.

Təxminən 6.6 milyon əhalisi olan Serbiyada, ilkin hesablamalara görə, seçici fəallığı 70 faizə yaxın olub.

2017-ci ildən prezident vəzifəsini tutan Vuçiç sentyabrın sonunda istefa vermişdi. O, üçüncü dəfə prezident seçilə bilməzdi və növbədənkənar parlament seçkiləri təyin edərək baş nazir postuna sahib olmağa ümid bəsləyirdi.

Vuçiçin hakim Serbiya Tərəqqi Partiyasının (SNS) rəqibi olan "Tələbə Siyahısı" hərəkatı 2024-cü ilin noyabrında yaranıb. O zaman Novi Sad şəhərində dəmiryol vağzalının beton örtüyünün uçması nəticəsində 16 nəfər həlak olmuş, bundan sonra ölkədə etiraz aksiyaları aylarla davam etmişdi.

Vuçiç seçkinin nəticələrindən doğan qəzəbini də gizlətməyib. O, baş verənləri ABŞ-də prezident Donald Trampın siyasətinə qarşı çıxan qüvvələrin və Avropanın digər paytaxtlarındakı liderlərin "çirkli işi" adlandırıb. O, rəqiblərini suveren dövləti devirmək üçün xarici güclərin hazırladığı çirkli planı kor-koranə yerinə yetirməkdə günahlandırıb.

​
XS
SM
MD
LG