Serbiya prezidenti Aleksandar Vuçiç yaxın gələcəkdə istefa verəcəyini və ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Bu açıqlama Novi-Sad şəhərində tələbələrin növbədənkənar ümumi seçki tələbi ilə keçirdiyi kütləvi etirazlardan bir neçə gün sonra səsləndirilib.
İyunun 27-də Belqradda hakim Serbiya Proqressiv Partiyasının (SPP) minlərlə tərəfdarı qarşısında çıxış edən Vuçiç deyib: "Bunlar mənim prezident kimi son günlərim və həftələrimdir. Bundan sonra istefa verəcəyəm". Normal şəraitdə onun ikinci və sonuncu səlahiyyət müddəti 2027-ci ildə başa çatmalı idi. Vuçiç istefa və ya seçkilərin dəqiq tarixini deməsə də, SPP rəhbərliyinə partiyanın "növbəti dörd il ərzində xalqın etimadını qazanması" planlarını açıqlayıb.
Serbiyada hökumət əleyhinə etiraz aksiyaları artıq ildən çoxdur ki davam edir. Etirazlar 2024-cü il noyabrın 1-də Novi-Sad dəmiryol vağzalında tavanın çökməsi nəticəsində 16 nəfərin ölümünə səbəb olan faciədən sonra başlayıb. Çin şirkətlərinin icra etdiyi bu dövlət layihəsindəki keyfiyyətsiz tikinti işlərinin korrupsiya ilə bağlı olduğu iddiaları həm ictimaiyyətdə, həm də mediada kəskin narazılıq doğurub. Tələbələrin fəal iştirak etdiyi bu etiraz dalğası 25 il əvvəl Miloşeviçin devrilməsinə yol açan nümayişlərdən bəri Serbiyada görülən ən böyük etiraz hərəkatıdır.
Son mitinqdə Vuçiç etirazçılarla dialoqa hazır olduğunu bildirsə də, müxalif hərəkatı ölkənin daxili işlərinə müdaxilə edən xarici qüvvələrin təsiri altında olmaqda günahlandırıb.
Bundan əlavə, Serbiya son aylarda millətçiliyin artması, mübahisəli tikinti layihələri və Avropa İttifaqına inteqrasiya yolundakı qeyri-müəyyənliklərlə üz-üzədir. Belqradın Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi bəzi Aİ üzvlərinin narahatlığına və inteqrasiya prosesinin ləngiməsinə səbəb olur.
Keçmişdə ifrat millətçi kimi tanınan Vuçiç 2017-ci ildən ölkəyə rəhbərlik edir. O, özünü Aİ kursuna sadiq islahatçı kimi təqdim edərək hakimiyyətini möhkəmləndirsə də, Moskva və Pekinlə yaxın əlaqələrini qoruyub. Prezident vurğulayıb ki, hakim partiya yenidən qalib gələcəyi halda Belqrad "çətin günlərdə dostlarını tərk etməyəcək", Rusiya və Çinlə ənənəvi tərəfdaşlığını qoruyacaq.
Vuçiç həmçinin bəyan edib ki, hakim partiya bu dəfə seçkilərə "Vahid Serbiya" adlı daha geniş koalisiya tərkibində qatılacaq. Bu adın Rusiyanın hakim "Vahid Rusiya" partiyası ilə səsləşməsi isə diqqətdən yayınmayıb.