Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Emir Kusturica Rusiyada film çəkməyə söz verib


Emir Kusturica və xanımı Maja Mandic Kusturica prezident Putinlə (Foto arxivdəndir)
Emir Kusturica və xanımı Maja Mandic Kusturica prezident Putinlə (Foto arxivdəndir)

Tanınmış serb kinorejissor Emir Kusturica TASS xəbər agentliyinə müsahibəsində Rusiyada film çəkmək niyyətini açıqlayıb.

"Film çəkməyə son qoymazdan öncə mütləq Rusiyada bir film çəkəcəyəm", – deyə rejissor söz verib.

Kusturica-nın sözlərinə görə, o, klassik rus ədəbiyyatından ilham alır.

“MƏNƏVİ İFLAS”

"Əslində, Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsəri əsasında film çəkmək və onu, deyək ki, Suriyadakı vətəndaş müharibəsinə həsr etmək olardı", – deyə Kusturica qeyd edib.

Serbiyalı rejissor hazırda müasir Çin haqda kitab üzərində çalışır. Onun sözlərinə görə, bu kitabı yazarkən də rus ədəbiyyatından ilhamlanıb.

"Bu, çox maraqlı hekayədir. Burada mənəvi iflasdan söhbət gedir. Bu kitab Dostoevsky-nin "İdiot" və "Cinayət və cəza" əsərlərinin qarışığıdır. Bu, 1990-cı illərdə bütün dünya üçün tipik idi. Ancaq bu faciənin sonunda xeyir qalib gəlir", – Kusturica yeni kitabı haqda danışarkən deyib.

Emir Kusturica Rusiyanın TASS agentliyinə müsahibəsində insanların televiziya seriallarını sevməsindən də danışıb. Onun fikrincə, kinoteatrların köhnəlməsi məhz insanların bu yeni aludəçiliyi ilə bağlıdır.

"Kinematoqrafiya qalacaq, ancaq fərqli formaya keçəcək. Hesab edirəm ki, insanların evdə izlədikləri televiziya serialları filmləri əvəzlədikcə ənənəvi kinoteatrlar keçmişdə qalacaq", – o deyib.

“İNSANLARIN FİLM İZLƏMƏ TƏRZİ DƏYİŞƏCƏK”

Kinorejissorun fikrincə, bu zaman ənənəvi film janrları qalacaq. "Hələ də fentezi və realizm olacaq, ancaq insanların film izləmə tərzi dəyişəcək", – deyə o vurğulayıb.

Ancaq Kusturica hesab edir ki, bu dəyişikliklər qısa zaman ərzində ortaya çıxmayacaq. Onun özü də elə bu səbəbdən hələ də böyük ekran layihələri üzərində çalışmaqdadır.

Rejissor tanınmış qırğız yazıçısı Chyngyz Aitmatov-un "Çingiz xanın bəyaz buludu" adlı əsəri əsasında filmin çəkilişinə başlamaq və onu Rusiyada çəkmək niyyətindədir.

Emir Kusturica 30-dan artıq filmin yaradıcı qrupunda rejissor, ssenarist və aktyor qismində iştirak edib. Onun dünyada tanınan işlərindən "Qaraçıların dövrü" (Time of the Gypsies) (1988), "Arizona arzusu" (Arizona Dream) (1993), "Anderqraund" (Underground) (1995), "Qara pişik, ağ pişik" (Black Cat, White Cat) (1998), "Həyat möcüzədir" (Life Is a Miracle) (2004) və "Süd yolunda" (On the Milky Road) (2016) filmlərini qeyd etmək olar.

Onun aktyor kimi çəkildiyi filmlər arasında fransalı rejissor Patrice Leconte-un "Sen-Pyerli dul qadın" (The Widow of St. Pierre) (2000), irland kinorejissoru Neil Jordan-ın 2002-ci ildə çəkdiyi "Yaxşı oğru") (The Good Thief), fransalı rejissor Christian Carion-un 2009-cu ildə çəkdiyi "Vida" (L'affaire farewell) kimi əsərlər var. "Vida" filmində o, KGB casusu, polkovnik Sergei Gregoriev obrazını canlandırıb.

KƏND VƏ ŞƏHƏRCİK SALIB

Kusturica öz karyerası ərzində nüfuzlu Avropa film festivallarının çoxsaylı mükafatlarına layiq görülüb.

Bundan başqa, Kusturica bir neçə qeyri-adi layihəyə də imza atıb. O, Nobel mükafatı laureatı, Yuqoslaviya yazıçısı Ivo Andric-in "Drina körpüsü" romanı əsasında çəkdiyi "Həyat möcüzədir" filmi üçün paytaxt Belqraddan 200 kilometr cənub-qərbdə Drvenqrad (mənası "taxta şəhər") adlı koloritli bir kənd salıb.

"Mən müharibədə öz şəhərimi (Sarayevonu) itirmişəm. Ona görə də öz kəndimi tikmək qərarına gəlmişəm", – Kusturica deyib. Onun digər adı Küstündorf olan bu kənddə 2008-ci ildən bəri keçirdiyi kinofestivala Johnny Depp, Monica Belucci, Kim Ki-duk, Audrey Tautou kimi kino ulduzları qatılıb.

Drvenqraddan bir neçə kilometr aralıda, Bosniya və Herseqovina ərazisində isə o, Andriçqrad (yazıçı Ivo Andric-in adına) adlı ikinci şəhərciyi salıb. Burada o, yazıçının məşhur "Drina körpüsü" romanı əsasında daha bir filmini çəkməyi planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG