Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

Senator Fərman Salmanov barədə dediklərinə görə cavab verəcəkmi


Fərman Salmanov
Fərman Salmanov

Surqut hava limanına «Rusiyanın böyük adları» layihəsi çərçivəsində azərbaycanlı neftçi Fərman Salmanovun adı verilib. Yuqrada (Xantı-Mansi Muxtar Dairəsi) onu hamı tanıyır. Ancaq vilayətdən kənarda siyasətçilər və məmurlar onun adını belə tələffüz edə bilmirlər, özünü də tanımırlar.

Yuqrada və vilayətin xaricində hakimiyyət və ictimai sektor nümayəndələri, jurnalistlər Tuvadan seçilmiş senator Lyudmila Narusovanın Surqut hava limanının adı ilə bağlı rəyini müzakirə edirlər.

Ötən il bu hava limanına əfsanəvi neft kəşfiyyatçısı Fərman Salmanovun adı verilib. Amma senator xalqın bu qərarını kəskin tənqid edib.

«Siz hakimiyyəti rüsvay edirsiniz!»

«Sibirdə hansısa şəhərə – məncə Surquta – Süleyman ibn-kiminsə adı verilib… Orada neft yataqlarını tapan azərbaycanlı. Ona halal olsun, ancaq birincisi, bu ad hava limanında rahat tələffüz olunmur. Bu da bir yana qalsın. Axı, bu aksiyanın mənası nədir? İctimai rəyi ayağa qaldırıb, ayıldıb, regionların sakinlərini bir-biri ilə dalaşdırmağın mənası nədir? Ümid edirəm bunun heç bir nəticəsi olmayacaq»,- Lyudmila Narusova «Exo Moskvı» radiostansiyasının efirində deyib.

Qeyd edək ki, «Rusiyanın böyük adları» müsabiqəsində 44 mindən çox adam Surqut hava limanına geoloq Fərman Salmanovun adının verilməsinə səs verib.

İctimai Palatanın Yuqradan seçilmiş üzvü Eduard Loqinov Tuvadan seçilmiş senatorun mövqeyini tənqid edib. O deyib ki, belə adamlar «hakimiyyəti rüsvay edirlər».

«Bu, Surqut şəhəri haqda tamamilə yanlış bəyanatdır. Senator üçün ad və soyadları, xüsusən də belə hörmətli insanların adlarını təhrif etmək qəbuledilməzdir. Federasiya Şurasında oturan insanların öz ölkələrinin tarixini, neft sənayesinin yaranması tarixini bilməsi lazımdır. Fərman Salmanovun Sibir ərazisində neft aşkar etməsini bilməmək dövlətimizi idarə edənlər üçün kifayət qədər qəribədir», – Loqinov deyib.

«Surqut hamımızın birlikdə yaşadığımız çoxmillətli şəhərdir. İctimai xadimin adını düzgün tələffüz etməkdə heç bir çətinlik yoxdur. Fərqi yoxdur, o, Dağıstandandır, Çeçenistandan və s. Fərman Salmanov – bunda çətin bir şey yoxdur, tələffüz olunur, normal oxunur», – deyə senator əlavə edib.

Eduard Loqinov daha sonra deyib ki, Lyudmila Narusovanın məsuliyyətə cəlbi məsələsinə uyğun qurumlar baxmalıdır.

Hörmətli insan

«Düzünü desəm, Narusovanın bu replikasında mənə ən çox təsir edən hava limanına adı verilmiş «hansısa azərbaycanlı» ifadəsidir», – diyarşünas, «Yuqra valideynlər komitəsi» təşkilatının rəhbəri Svetlana Polivanova deyir.

«1986-cı ildə «Novosti Radujnoqo» adlı yenicə açılmış qəzetdə işləməyə gəldim. O zaman bizim Sibirə Sovet İttifaqının hər yerindən qızlar və oğlanlar, o cümlədən Bakı Neft İnstitutunun gənc məzunları gəlirdi. Deyəsən, vilayətin bircə sakini yox idi ki, Sibir neftini ilk dəfə kəşf edən şəxsin – Fərman Salmanovun adını bilməsin. Artıq o zaman onun haqqında əfsanələr gəzirdi», - Polivanova xatırlayır.

«O, dövrünün əsl qəhrəmanı idi. Çox az adam karyerasını və hətta azadlığını bu qədər riskə atıb öz ekspedisiyası ilə Surquta neft axtarışına gedərdi», – azərbaycanlıların Surqutdakı milli-mədəni muxtariyyətinin sədri Azad Seyidov deyir.

Fəxri texaslı

Artıq təkcə Rusiyanın yox, Azərbaycanın da tanınmış şəxsləri vəziyyətlə bağlı rəy bildirməyə başlayıblar. Azərbaycanın xalq artisti Ramiz Fətəliyev özünün sosial şəbəkədəki səhifəsində senatora cavab verib.

«Salmanov kimdir? Rəsmi məlumatlara görə, o, 130 neft yatağı kəşf edib. Bu rəqəmləri yalnız peşəkarlar dəyərləndirə bilər. O, SSRİ-yə nə özündən əvvəl, nə də özündən sonra heç kimin əldə edə bilmədiyi energetik təkanı verib. O, Rusiyanın iki muxtar vilayətinin, Çinin Tsinçjou şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşıdır. 90-cı illərdə o, Qərbi Sibirin bütün neft təsərrüfatını özəlləşdirə bilərdi, heç kimin səsi də çıxmazdı – o bu neftin əsl yaradıcısı idi. O bunu özünə rəva görmədi. Bir dəfə onu «Moskva» mehmanxanasında Vısotski ilə tanış ediblər. Sonra hamı dağılışıb, o ikisi bütün gecəni söhbət ediblər. Səhər tezdən Vısotski gitarasıyla gəlib, onun otağının qapısını döyüb, ona həsr etdiyi mahnısını oxuyub», – Ramiz Fətəliyev yazır.

Federasiya Şurasının Tuvadan seçilmiş üzvünə gəlincə, o hələ də sükutunu qoruyub saxlayır: nə üzr istəyir, nə də mövqeyini müdafiə edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG