Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Selcuk Önal: “İndiki hakimiyyətdən Rəsulzadəyə gərəkən sevgi və sayğı göstərməsini istəyirik”


Mammad Amin Rasulzade
Mammad Amin Rasulzade

Selcuk Önal: “İndiki hakimiyyətdən Rəsulzadəyə gərəkən sevgi və sayğı göstərməsini istəyirik”

“Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Onun qəbrinin dövlət törəniylə Azərbaycana aparılmasını, gərəkən sayğının göstərilməsini gözləyirik. Ancaq Rəsulzadənin evini muzeyə çevirməyənlər, onun qəbrini Azərbaycana apararmı? Aparmaz. Açıq və qəti deyirəm, dövlətdən belə bir şey gözləmirik. Belə bir düşüncə olduğunu da görmürük”.

Ankaradakı Azərbaycan Kültür Dərnəyinin idarə heyətinin üzvü Selcuk Önal AzadlıqRadiosuna müsahibəsində belə deyib.

“Rəsulzadənin ruhu şaddır ki, Heydər Əliyev bu dövləti qurdu”

Deputat Zahid Orucun qənaətincə, Məmməd Əmin Rəsulzadənin və digər cümhuriyyət qururucularının məzarlarının indiyədək Azərbaycana gətirilməməsinin altında “əlahiddə, xüsusi səbəb” axtarmaq yanlışdır. “Bu qəbirlərin gətirilməsiylə bağlı bəlkə də indiyə kimi vahid milli münasibət olmayıb” deyə izah edir. Ancaq Zahid Oruc yaxın zamanda deputatların bu məsələni gündəmə gətirəcəklərini də bildirir.​

Zahid Oruc
Zahid Oruc

“Birinci dövr dövləti qurmaq lazım idi və bu müəyyən vaxt apardı. Başqa dairələrin bu məsələyə münasibətinin fərqində olduğum üçün demək istəyirəm ki, Rəsulzadənin də, Nəsib bəy Yusifbəylinin də, Fətəli xan Xoyskinin də, eləcə də digərlərinin də ruhu şaddır ki, Heydər Əliyev bu dövləti qurdu”, – deputat əlavə edir.

Hüseyn Cavidin nəşi gətirildisə...

Zahid Oruc Azərbaycandan kənarda vəfat edənlərin nəşinin vətənə gətirilməsi ənənəsinin olduğunu bildirir və o şair, dramaturq Hüseyn Cavidin məzarının 1980-ci illərdə sürgün edildiyi Rusiya ucqarlarından tapılaraq Naxçıvanda dəfn edildiyini yada salır.

Hüseyin Cavidin ev muzeyi
Hüseyin Cavidin ev muzeyi

Deputat indiki halda qəbirlərin gətirlməsinin çətin olmadığını və üstəlik də bunun dövlətçilik baxımından əhəmiyyətini qeyd edir: “Bu insanlar demokratik cümhuriyyətimizin qurucuları olmaqla yanaşı, həm də onu simvolizə edirlər. Onların hamısının qəbrini Azərbaycana gətirmək, dövlət binalarının qarşısında büstünün, abidəsinin ucadılması onların narahat ruhuna sakitlik verərdi. O biri tərəfdən sevinərdilər ki, arzusunda olduqları dövlət qurulub. Onların qarşısında bir mənəvi, siyasi borcumuz var. Bunu həm də Azərbaycan dövlətinin gələcəyi tələb edir. Bununla bağlı dəqiq qərarlar verilməlidir”.

Selcuk Önal: “Verməlidirlər!”

Selcuk Önal isə məsələyə nikbin baxmır, səbəblərini də belə izah edir:

“Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana aparılması mövzusunu bir kənara qoyaq. Məmməd Əmin Rəsuzladənin adını universitetdən götürdülər, onun xatirəsini nə Bakıda, nə də Azərbaycanın başqa bir yerində əbədiləşdirdilər. Rəsulzadəylə bağlı narahatlıq duyurlar. Yaşadığı evin muzeyə çevrilməsi gərəkirdi, bunu etmədilər. Bəli, biz Azərbaycan Demokratik Cümhuriyyəti qurucularının Ankarada, İstanbulda olan məzarlarının, başda da Rəsulzadənin məzarının Bakıya aparılmasının tərəfdarıyıq. Bu, Azərbaycan türklərinin tarixlərinə, dövlət qurucularına sayğısının bir ifadəsi olardı. Azərbaycanda daha öncədən istər Rəsulzadəyə, istər Fətəl xan Xoyluya, istərsə də Yusif bəy Nəsibbəyliyə və ya başqalarına gərəkən dəyəri, önəmi verməliydilər. Verməlidirlər! Amma 100-cü ildə cümhuriyyətin qururucuları haqqında tək kəlmə kəsmirlərsə, deməli, onların məzarını Azərbaycana aparmaq düşüncələri də yoxdur”.

Azərbaycan Kültür Dərnəyinin idarə heyətinin üzvü Selcuk Önal cümhuriyyət qurucularına indiki hakimiyyətin münasibətinin səbəblərindən də danışır: “Azərbaycanın öndərlərindən Rəsulzadəyə bu antipatiyanın və ya mənfi baxışın məncə, ən böyük səbəbi sovetlərdən gələn münasibətin, kommunizm anlayışının davamıdır. Bugünkü Azərbaycanı idarə edənlərin özləri ya ataları ömür boyu ya Rəsulzadəylə, ya da Müsavatla qovğa ediblər. Bu, tarixdən gələn kindarlıqdır. Olaylara bu şəkildə baxmamalıyıq, tarixi doğru yorumlamaq lazımdır. Rəsulzadə və ya digərləri ilə bağlı sadəcə sevgi, sayğı gözləyirik. Rəsulzadəyə və silahdaşlarına, milli qəhrəmanlarımıza Azərbaycan dövlətinin böyük qiymət, önəm verməsini istəyirik, yəni sözdə deyil, işdə verilməsini istəyirik. Yalandan da olsa, Rəsulzadənin və tərəfdaşlarının adını 100 illiklə bağlı sərəncama yazmaq olardı. Amma onu belə yazmadılar...”

Buna da bax: "28 May - Respublika günüdür. Rəsulzadənin abidəsi önündə" [fotolar]

ADR-in 100 illiyi ərəfəsində dövlət başçısı sərəncam imzalayıb, bu yubileyin dövlət səviyyəsində qeyd olunmasını tapşırıb. Cümhuriyyət qurucularının adlarının sərəncamda qeyd edilməməsi müzakirələrə səbəb olub.

Bu zaman onların nəşlərinin Azərbaycana gətirilməsi məsələsi də yenidən gündəmə gəlib. Hətta bununla bağlı prezidentə təklif də verilib.

Fətəli Xan Xoyski
Fətəli Xan Xoyski

Cümhuriyyət qururucularından M.Ə. Rəsulzadənin, Əhmədbəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin məzarları Türkiyədə, Ceyhun Hacıbəyli və Əlimərdan bəy Topçubaşovun məzarları Fransada, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin məzarları isə Gürcüstandadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG