Kinematoqrafçılar daim Şekspir yaradıcılığına müraciət edirlər. Bu filmlərin arasında romantik komediyalardan tutmuş, klassik animasiya və müzikllərə qədər hər şey var.
Ancaq elə filmlər var ki, onların Şekspirin əsərləri əsasında çəkildiyini öyrənməyiniz sizi təəccübləndirəcək. Baz Lurman və Maykl Hoffman kimi rejissorlar dahi dramaturqun əsərlərini olduğu kimi filmə köçürüblər. Akira Kurosava isə əsərin məğzini, mövzusunu, elementlərini və ruhunu götürərək tamamilə fərqli kontekstə köçürüb. Buna görə də tamaşaçı ilk baxışdan bu filmlərin Şekspirin pyesləri əsasında çəkildiyini anlamaya bilər. "Screen Rant" saytı bu filmlərin bir neçəsi haqda yazıb.
"The Lion King" (1994) – "Hamlet"
Məşhur "The Lion King" animasiya filmi əsasən "Hamlet" dramından ilhamlanaraq çəkilib. Həm Hamlet, həm də Simba kralın oğullarıdır. Hər ikisinin qanuni hökmdar olan atası xain əmiləri tərəfindən öldürülür.
Filmdə Simbanın dostu və yol göstərəni olan Rafiki (mandril meymunu) "Hamlet"dəki Horatsionu əvəz edir. O, Simbaya atası Mufasanın ruhunu göstərir.
"Ran" (1985) – "Kral Lir"
Akira Kurosava bu filmi 1985-ci ildə bilavasitə "Kral Lir"dən ilhamlanaraq çəkib. Bu, Kurosavanın Şekspir yaradıcılığından ilham alaraq çəkdiyi yeganə film deyil. Filmdə yaşlanan feodal Hidetora böyük oğlunu öz varisi təyin edir, kiçik oğlununsa krallığına girişini qadağan edir.
Film epik döyüş səhnələri və Hidetora ilə məkrli arvadı Kaede tərəfindən qızışdırılan böyük oğlu arasında xəyanət səhnələri ilə zəngindir. "Ran" dramatik olduğu qədər də gözəl və baxımlı filmdir.
"Throne Of Blood" (1957) – "Makbet"
Kurosava bu filmdə "Makbet"i olduğu kimi ekrana köçürməyib. Dahi rejissor burada pyesdəki XI əsr Şotlandiyasında cərəyan edən hadisələri çox hamar şəkildə feodal Yaponiyası kontekstinə köçürüb. XVI əsr Yaponiyasındakı saray xəyanətləri, qətllər və fəthlər Şekspirin pyesinin məğzini tamaşaçıya ötürür.
Film rəqs, mahnı, şeir və pantomima elementlərini özündə birləşdirən No üslubunda çəkilib. Vasidzu Takitoki adlı general məkrli arvadının təsiri ilə Makbet kimi qələbə üçün dağıdıcılıq yolunu seçir.
"Omkara" (2006) – "Otello"
Bu film Vişal Bhardvacın Şekspirdən ilhamlanaraq çəkdiyi trilogiyanın ikinci filmidir. O, həm də ingilis dilində çəkilməmiş ən yaxşı Şekspir filmlərindən biri sayılır. Bir yerli siyasətçinin sağ əli olan Omkara Hindistanın Uttar-Pradeş ştatında seçkilərdə namizəd olur. O, kampaniyanı birlikdə aparmaq üçün Lanqdanı deyil, yuxarı sinfə mənsub Kesunu seçəndə Lanqda Omkaranın arvadı Dolli ilə Kesu arasında sevgi macərası olduğu görüntüsünü yaradır. Bu isə Omkaranın Dollini öldürməsi ilə nəticələnir.
"Forbidden Planet" (1956) – "Fırtına"
Elmi fantastika janrında çəkilmiş bu filmdə doktor Morbius qızı Altaira ilə birlikdə tənha bir planetdə təcrid olunmuş həyat yaşayır. Texnologiyanı çox yaxşı bilən Morbius planetə səfər edən insanların fəza gəmilərinə hücum edir. Bu insanlardan biri olan komandir Adams onun qızının sevdiyi adamdır. Şekspir "Fırtına"da sehr mövzusuna müraciət etmişdisə, "Forbidden Planet" texnologiya haqdadır.
"West Side Story" (1961) – "Romeo və Cülyetta"
Romeo və Cülyetta bir-birinə düşmən olan Montekki və Kapuletti ailələrinin uşaqlarıdır. "West Side Story"dəki Toni və Mariya isə rəqib dəstələrin üzvləridir. Hər iki dəstə Nyu-Yorkun yuxarı qərb məhəlləsi üzərində nəzarəti ələ keçirməyə çalışır.
İki hekayə arasındakı əsas fərq odur ki, Toni ölsə də, Mariya yas içində olsa da, sağ qalır.
"Warm Bodies" (2013) – "Romeo və Cülyetta"
Bu apokaliptik dram filmi "Romeo və Cülyetta"ya zombi əhvalı qatır. Film eyniadlı kitab əsasında çəkilib. Ancaq həmin kitab "Romeo və Cülyetta"dan ilhamlanaraq yazılıb.
Culi getdikcə zombiyə çevrilməkdə olan R adlı oğlana aşiq olur. Sağ olan R də Culiyə aşiq olmağa başlayır və hətta onu digər zombilərdən qoruyur. Onların arasındakı öpüş zombi oğlanı xilas edir və bu distopik dünyada həyatda qala bilən az sayda insana ümid verir.
"She's The Man" (2006) – "On ikinci gecə"
Çox gözəl futbol oynayan Viola Hastinqs qızlar komandasının buraxılmasından sonra özünü qardaşı Sebastyan kimi təqdim etmək qərarına gəlir. Ancaq o, komanda yoldaşı Düka aşiq olmağa başlayanda vəziyyət dəyişməyə başlayır. Düksa hələ də Violanı əkiz qardaşı Sebastyan bilir.