Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 08:17

Seksizm haqda ən yaxşı filmlər


Colette filminin afişası
Colette filminin afişası

Bu filmlərin bir çoxunda gender bərabərliyi ilə yanaşı irqi ayrıseçkilik, homofobiya və digər utancverici məsələlər də önə çəkilir

Hər kəs Hollivudda qadınların bərabərlik uğrunda mübarizəsi haqda eşidib. “Women and Hollywood” təşkilatı bu sahədə vəziyyətin hələ də ürəkaçan olmadığını, qadınların rejissorların cəmi 10 faizini, ssenari müəlliflərininsə cəmi 19 faizini təşkil etdiyini bildirir. Qadınların məruz qaldıqları ayrıseçkiliyi, seksizm və mizoginiyanı qələmə alaraq filmə çevirməsi kinoda ayrıca mövzudur.

“Esquire” jurnalı seksizm haqda filmlərin siyahısını tərtib edib. Bu filmlərdə NASA-dan tutmuş ABŞ-ın Ali Məhkəməsinədək hər yerdə qadınların bərabərlik uğrunda mübarizəsindən söz açılır.

Bu filmlərin bir çoxunda gender bərabərliyi ilə yanaşı irqi ayrıseçkilik, homofobiya və digər utancverici məsələlər də önə çəkilir. Qadınlar bu filmlərdə özlərini görə biləcək, bütün digər tamaşaçılarsa maariflənərək daha empatik olmağı öyrənəcəklər.

“On the Basis of Sex” (“Cinsi zəmində”)

Felisiti Kuns mərhum hakim Rut Beyder Ginsburqun həyatına həsr olunmuş bu biopikdə baş rolu ifa edir. Filmdə Ginsburqun Harvardda tələbə olduğu vaxtdan hüquq professoru olduğu dövrədək hər yerdə ayrıseçkiliyə məruz qaldığı vurğulanır. Qadın olduğuna görə heç bir hüquq şirkəti onu işə götürmək istəmir.

Film həm də Ginsburqun gender ayrıseçkiliyinə son qoyacaq konstitusyon nəzəriyyə ortaya qoymağa çalışması haqdadır. Bugünədək onun mükəmməl hüquq strategiyası sosial ədalət uğrunda feminist mübarizənin önündədir.

“Colette” (“Kolet”)

Kira Naytlinin baş rolunu ifa etdiyi bu filmdə 80-dən çox kitabı çıxmış fransız qadın yazarın həyatından bəhs edilir.

Koletin kitabları Fransada qadın yazarlar üçün ilk cığır açıb və onları istədiklərini yazmağa həvəsləndirib.

Film iyirmi yaşlı Sidoni-Qabriel Koletin “Villi” kimi tanınan ziddiyyətli insanla evlənməsi ilə başlayır. Villi çox sayda yazarı işlədərək onlara yaxşı satılan populyar romanlar yazdırır və öz adından çap etdirir.

Əri Koletin yazı istedadını görüb onu sözün həqiqi mənasında bağlı otaqda saxlayaraq ona iki bestseller yazdırır.

Kolet öz romanları üzərindəki mülkiyyətini bərpa edir, üstəlik, kənarda yaşadığı sevgi macəraları ilə seksual azadlığını da qazanır.

“Hidden Figures” (“Gizli fiqurlar”)

Oskar mükafatına namizəd göstərilmiş bu film real hadisələr əsasında çəkilib və 1960-cı illərin kosmik yarışında aparıcı rol oynayan üç qaradərili alimə həsr olunub.

Filmdə həmin alimlərin NASA-dakı həmkarları tərəfindən qəddar mizoginiya və irqçiliyə məruz qaldığı nümayiş etdirilir.

NASA-nın baş qərargahında da heç bir yüksəliş perspektivi olmayan məlumat emalı işlərində çalışan bu alimlər hətta bu qədər qabaqcıl elm müəssisəsində belə seqreqasiyaya məruz qalırlar.

“North Country” (“Şimal ölkəsi”)

Cosi Eymz (Şarliz Teron) evliliyi sona çatandan sonra Minnesotadakı ata evinə qayıdır. Burada o, yerli dəmir mədənində iş tapan ilk qadınlardan biri olur. Qadınla işləməli olduqlarından özlərini təhqir olunmuş hiss edən kişilər onları mədəndən uzaqlaşdırmaq üçün qəddar cinsi təhqirə məruz qoyurlar.

Cosi bütün məsləhətlərə rəğmən şikayətini məhkəməyə aparır və beləliklə filmin kameraları mədəndən qızğın mübahisələrin getdiyi məhkəmə zalına daşınır. Film ABŞ-da cinsi təcavüzlə bağlı ilk məhkəmə işi ətrafında baş verən real hadisələrdən ilham alınaraq çəkilib. Həmin məhkəmənin qəbul etdiyi hökm bugünədək Amerika qadınlarını iş yerində qorumaqdadır.

“Set It Off” (“Çağırış”)

Kuin Latifa, Cada Pinkett-Smit, Vivika A. Foks və Kimberli Elisin oynadığı bu filmdə Los Ancelesdə yaxın rəfiqə olan dörd qara dərili qadın bankları yarır.

Film sistemin bu qadınların doğru yolla pul qazanmasının qarşısını alması, ağdərili olmayan qadınların daim üzləşməli olduğu təzyiqlər haqdadır

“A League of Their Own” (“Onların öz liqası”)

Tom Henksin karyerasında xüsusi yeri olan bu film Amerikada ilk peşəkar qadın beysbol liqasının yaranması haqdadır.

Rejissor Penni Marşallın çəkdiyi bu filmdə 1943-cü ildə kişilər cəbhədə ikən qadınlar peşəkar beysbolu ayaqda saxlamaq üçün öz liqalarını yaradırlar.

Cina Devis, Madonna, Lori Petti və Rozi O’Donnellin beysbolçuları canlandırdığı bu film məzəli anlarla zəngindir.

Filmdə bundan başqa Dolli Parton, Lili Tomlin və Ceyn Fonda kimi ulduzlar da rol alıb. Film 1980-ci ildə çəkilsə də, burada önə çəkilən bərabər maaşlar və uşaqlara qayğı (uşaq bağçaları və s.), bərabər karyera imkanları kimi sosial məsələlər bu gün də Amerikanın gündəmindədir.

Siyahıda bundan başqa “The Life and Death of Marsha P. Johnson” (“Marşa P. Consonun həyatı və ölümü”), “Confirmation” (“Təsdiq”), “In A World...” (“…Dünyada”) kimi filmlərin də adı çəkilir.

XS
SM
MD
LG