Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 08:30

8 saylı dairədən də şikayət var


Deputatlığa namizədlər MSK qarşısında

Bu gün, fevralın 15-də günün ikinci yarısı 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən bəzi namizədlər Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) önünə gələrək qurumun sədri Məzahir Pənahovun onların şikayətini araşdırmasını istəyiblər.

Namizəd Ağasif Şakiroğlu bildirib ki, onların müraciətində seçki dairəsini əhatə edən bütün məntəqələrdə səslərin saxtalaşdırıldığı qeyd edilib:

" Bu səbəbən də dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi və təkrar seçkilərin keçirilməsini Mərkəzi Seçki Komissiyasının rəhbərliyindən xahiş və tələb edirik. Müraciətə beş namizəd imza atıb. Bu namizədlər dairə üzrə seçkinin nəticələrini total saxtakarlıqlara görə, tanımır".

MSK bu dairə üzrə şikayəti də Dairə Seçki Komissiyasına (DSK) göndərib.

Namizəd şikayətin DSK-ya göndərilməsini düzgün saymır:

"Fevralın 12-də mən Mərkəzi Seçki Komissiyasına müraciət etmişəm və bizim müraciətimiz araşdırması üçün 8 saylı Binəqədi Birinci Seçki Dairəsinə göndərilib. Saxtakarlıq edən heç vaxt saxtarlıq etməsini etiraf etmək gücündə olmayacaq və biz MSK sədri Məzahir Pənahovdan xahiş edirik ki, pozuntuları şəxsən araşdırsın".

Hələlik, bu açıqlmaya DSK və MSK-dan ayrıca münasibət almaq mümkün olmayıb.

Amma MSK-nın bu gün, fevralın 15-də keçirilən toplantısında qurumun sədri M.Pənahov belə demişdi:

“ Məntəqələrdə baş verən pozuntularla bağlı məsələyə DSK-larda baxılır. Əgər DSK-nın qərarı namizədi qane etmirsə, bu halda o, MSK-ya müraciət edə bilər. Bu zaman MSK həmin şikayəti araşdırıb müvafiq qərar qəbul edəcək. Bütün müraciətlər qanunun tələbinə uyğun şəkildə baxılacaq”.

MSK bu dairədən V Çağırış Milli Məclisin üzvü Azay Quliyevin lider namiizəd olduğunu açıqlayıb. Bu dairədə seçkinin saxtalaşdırıldığı haqqında iddialara, hələlik, A. Quliyevdən də münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb.

Amma, hələ də bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan seçkidən dərhal sonra deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına (YAP) aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG