Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:35

Şəkidə kəndliləri üzən suallı torpaqlar var


Traktor
Traktor

«Şəkinin kəndlərində ucdantutma hamının pay torpağı zorla əlindən alınıb. İndi də həmin torpaqları kənd camaatına daha baha təklif edirlər».

Şəkinin Bolludərə kənd sakinləri AzadlıqRadiosuna belə deyirlər. Onlar iddia edirlər ki, özlərini «Paşa Holdinq»in işçiləri kimi tanıdan bir qrup şəxs kəndlilərin icarə və pay torpaqlarını əllərindən alıb. Bolludərə sakini Hafiz Məmmədov:

«İcra hakimiyyəti deyir, amanın günüdür, susun, torpaqları götürən elə adamlardır ki, cınqırınızı çıxarsanız, həm özünüzün, həm də bizim başımız ağrıyar».

***Buna da bax-Şəki fermerləri Bakıya şikayətə gəldilər, amma...

«ƏVVƏL DEDİLƏR Kİ, BU İŞİ HÖKUMƏT GÖRÜR»

Eyni vəziyyət Sarıca kəndində də hökm sürür. Kənd sakini Elmar Səmədovun sözlərinə görə, torpaqları onlardan pulsuz-parasız götürüblər. Özü də qoz ağacı zolaqları salmaq adıyla:

«Əvvəl dedilər ki, bu işi hökumət görür. Guya prezidentin göstərişi var ki, torpaqlar kəndlilərdən alınsın və qoz ağacları əkilsin. Guya neftdən pul gəlmir, bundan sonra qozla pul tutacaqlar. Beləcə, bizi aldatdılar və «dövlət proqramıdır» deyib, əkin sahələrimizi götürdülər. Sonra da dedilər, «Paşa Holdinq» həmin sahələrdə irimiqyaslı əkin işləri aparacaq. İndi də başlayıblar bizdən pulsuz götürdükləri torpaqları özümüzə hektarı 80 manatdan təklif etməyə. Əgər qoz əkiləcəkdisə, niyə təzədən torpaqları satmağa başlayıblar? Bu torpaqların hər hektarının sənəd üzərindəki qiyməti qaçqına – 7 manat, yerliyə - 3 manatdır. Min hektarlarla torpağı kəndlilərin əlindən alıb sonradan bu oyunları oynayan kimdir, nəçidir, kimə arxalanıb minlərlə kəndlinin başına bu oyunu gətirir? Bunlar kəndliyə hələ də qaranlıq qalıb».

***Buna da bax-Kəndlilər: 'Fındıq bağları əlimizdən alınır'

«KƏNDLİLƏRİN İDDİASI ƏSASSIZDIR»

Kəndlilərin iddiasına görə, torpaqlar həm yerlilərə, həm də kənardan gələnlərə satılır. Məsələn, dünənədək taxıl sahəsi olan kəndli sabah həmin sahədə başqasının əkin işləri apardığını görəndə təəccüblənməməlidir.

Şəki rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, kəndlilərin iddiası əsassızdır. Geri götürülən torpaqlar zəbt olunmuş torpaqlardır: Bu məsələ ilə bələdiyyələr məşğul olur, ancaq o torpaqlar kəndlilərə məxsus olmayıb və qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr çərçivəsində əkin sahələri kimi hazırlanır».

BƏLƏDİYYƏ DURUMA AYDINLIQ GƏTİRƏ BİLƏR

AzadlıqRadiosunun müxbiri məsələyə aydınlıq gətirilməsi üçün, hələlik, kənd bələdiyyələri ilə əlaqə yarada bilməyib.

XS
SM
MD
LG