Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Noyabrın 15-də Şəkidə «Çölyol» adlanan ərazidə söküntüyə etiraz edən yerli sakinlərdən dördü saxlanılaraq, məhkəmə qarşısına çıxarılıb. Onlardan birinə həbs cəzası verilib, üçü isə cərimələnib. Bu haqda AzadlıqRadiosuna Şəkidəki fəallar məlumat verib.

Yerli icra hakimiyyəti sözügedən ərazidəki evlərin sökülməsinə qərar verib. Sakinlər isə evlərin qanunsuz tikili olmadığını bildirir və şəhərin mənzərəli hissəsində yerləşən bu ərazinin obyekt tikintisi üçün satıldığını iddia edirlər.

Sakinlər söküntünün qarşısını almaqdan ötrü əraziyə toplaşaraq, yolu bağlamağa cəhd ediblər. Dərhal hadisə yerinə xeyli polis gətirilib. Onlar etiraz aksiyasını dağıdıblar. Etirazçıların bir qismi isə tutularaq, Şəki Rayon Polis Şöbəsinə aparılıb.

Şöbədə etiraz edən sakinlərdən dördü haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq), 513 (toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və onlar məhkəməyə aparılıb. Şəki Şəhər Məhkəməsinin qərarı ilə narazı vətəndaşlardan Şamxal İslamova 20 sutka inzibati həbs cəzası verilib, Mahmud Abdullayev və Anar Fədiyevin hər biri 600 manat, adının açıqlanmasını istəməyən daha bir yerli sakin isə 500 manat cərimələnib.

Sakinlərin etirazına səbəb olan söküntünün isə müvəqqəti dayandırıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG