Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:54

ABŞ-ın keçmiş səfiri Azərbaycanı gözləyən təhlükələrdən yazıb


Robert Cekuta

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Azərbaycanda həyati vacib infrastruktur obyektlərinin qorunması və təhlükəsizliyindən narahatdır.

Keçmiş səfir Robert Cekuta Amerikadakı Xəzər Siyasi Mərkəzinin - Caspian Policy Center-in saytındakı məqaləsində yazır ki, Amerikanın təhlil mərkəzləri Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında vacib infrastrukturların mühafizəsini araşdırıb.

Robert Cekuta yazır ki, Azərbaycanda elektrik şəbəkələri, IT və telekommunikasiya sistemləri həm köhnəlib, hazırki tələbatlara cavab vermir, həm də xarici təsirlərə, müdaxilələrə açıqdır.

"Vacib infrastrukturun mühafizəsi bu sistemlərin qurulması qədər vacibdir, amma çox vaxt bu infrastruktur sistemlərinin mühafizə və ya bərpası işləri ya təxirə salınır, ya maliyyələşdirilmir, ya da ümumiyyətlə diqqətdən kənar qalır. Nəticədə isə ən müxtəlif fəsadlar ortaya çıxa bilər – cəmiyyətdə ciddi narazılıqlardan tutmuş kütləvi insan ölümlərinə, siyasi çaxnaşmalara qədər. Şirkətlər, o cümlədən hökumət təhlükəsizliyin yollarını tapmaqda, ehtiyacların müəyyənləşdirilməsində üzərinə düşəni etməlidir."

Keçmiş səfir bu ilin iyulunda Azərbaycanın elektrik şəbəkəsində yaranan qəzanı və elektrik enerjisinin bütün ölkə boyu kəsilməsini xatırladır və yazır ki, bu sahədə boşluqlar nəticə etibarilə siyasi çaxnaşmalara da gətirib çıxara bilər.

"Çin yeni Trans-Avrasiya şəbəkəsinin qurulmasında mühüm rol oynayıb, habelə Rusiya ilə optik kabellər şəbəkəsinin və digər sistemlərin qurulması üzərində birgə işləyib. Narahatlıq və təhlükə var ki, Çin və Rusiya hökumətləri bu sistemlər üzərindən ötürülən məlumatları izləyir, onları öz serverlərində yerləşdirir və saxlayır. Ona görə də region hökumətləri informasiyaların ötürülməsi üzərində nəzarətlərini itirə və məlumatların lokallaşdırılması üçün Pekinin artan təzyiqləri ilə qarşılaşa bilərlər. Nəticədə isə bütün vətəndaşlar, özəl sektor və hökumətlər zərər çəkər".

Hələlik ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Cekutanın narahatlığına ölkə rəsmilərindən bir münasibət açıqlanmayıb. Amma Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl da keçmiş səfirin bu narahatlığını bölüşür, deyir ki, keçmiş səfirin dedikləri ölkə üçün çox ciddi siqnaldır.

"Biz bunun bir hissəsini bu ilin yayında enerji ilə bağlı durumda gördük. Səhlənkarlığın, ayrılan vəsaitlərin mənimsənilməsi öz yerində, amma sistemin xarici müdaxiləyə açıq olması da faktdır. Bu nöqteyi-nəzərdən Sekutanın dedikləri Azərbaycanın təhlükəsizliyində bir nömrəli məsələlərdir. Çox təəssüflər ki, bizim İT xidmətləri üzərindən verilən informasiyanın başqa ölkələrin asanlıqla ələ keçirməsi mümkündür. Məsələn, sabah Qarabağla bağlı hər hansı bir addımlar atsaq, tutaq ki, qəfil hücumla bağlı qərar olsa bunun məxfiliyini qoruya bilməyəcəyik".

İlham İsmayıl düşünür ki, hökumət sözü gedən təhlükəsizliyin qorunmasını çox ciddi məsələ kimi ortaya qoymalı, buna dair dövlət proqramı qəbul olunmalıdır.

XS
SM
MD
LG