Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:12

“Mənə yazdırdılar ki, adamı öldürmüşəm...”


Vəkil Adil İsmayılovun AzadlıqRadiosuna müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Vəkil Adil İsmayılovun AzadlıqRadiosuna müsahibəsi

Qonşunun qətli Səfər Əliyevin başına necə bəla oldu?

Vəkil hesab edir ki, polis qətli qonşunun boynuna yıxıb sadəcə “cinayətin üstünü açdığı” barədə hesabat yazmaq istəyir.

Binəqədi rayonu 7-ci mikrorayon sakini 43 yaşlı Səfər Əliyevin qonşuluğunda baş verən ölüm hadisəsi əvvəlcə onun polis tərəfindən saxlanması, daha sonra isə 7 aya yaxın həbsdə qalması ilə nəticələnir. O, tutulduğu gün Binəqədi Rayon 5-ci polis bölməsində başına gələnləri belə xatırlayır:

“Üst paltarım başdan-ayağa hamısı ayaqqabı izi idi. Məni iyunun 21-i axşam (2018-ci ilin iyunu – red.) tutdular və gecə 3-ə 15 dəqiqə işləmişdən 5-ə qalmışa kimi məni sürüdülər, olmazın işgəncələr verdilər. Söydülər, təhqir etdilər. Çılpaq soyundurdular, dubinka ilə vurdular, ora-buramı yandırdılar. Bunları adam öldürdüyümü etiraf etməyim üçün edirdilər. Etiraf etməliydim ki mən öldürmüşəm, mən boğmuşam, evdəki əşyaları mən daşıyıb aparmışam”.

Beşmərtəbəli evin sakini Səfər Əbiyevin 2-ci mərtəbədə yaşayan qonşusu Ələsgər Dadaşov mayın 27-də öldürüldükdən sonra, o, qonşu kimi ifadə verməyə çağırılır, daha sonra isə şübhəli şəxs qismində saxlanılır. Səfər Əliyevin vəkili Adil İsmayılov deyir ki, tutulduğundan az sonra onu tamam başqa işlə bağlı məhkəmə qarşısına çıxarıb 10 sutka veriblər:

“İyunun 1-də qonşu kimi ifadə alanda görüblər ki, zəif adamdır və ona təsir etmək olar. Ayın 21-də bir də çağırıb və heç bir sənədləşmə aparmadan tutublar. Qanuna görə, iki sutka ərzində o ya buraxılmalı, ya da ittiham edilmək üçün məhkəməyə çıxarılmalı idi. Məhkəməyə də çıxara bilmirlər, çünki işgəncə izləri var. Maraqlısı odur ki, iyunun 22-də Səfər Əliyevin tutulması haqqında protokol yazan müstəntiq iyunun 24-ü yenidən protokol tərtib edir və kifayət qədər sübut olmadığından onu azad etdiyini yazır. Guya 24-ü buraxıblar, amma təbii ki azad etmirlər, sadəcə belə qurulub. Guya Səfər Əliyev küçədə söyüş söyürmüş və sahə inspektoru ona yaxınlaşıb. Səfər Əliyev ona müqavimət göstərib və onu da soyüb. Səhər bu işə görə onu məhkəməyə çıxarıblar. Amma xuliqan kimi. Bundan əvvəlki işə heç bir aidiyyatı olmadan. Bu məhkəmə də Səfər Əliyevə 10 sutka verib.”

Səfər Əliyevin atası Sabir Əliyev deyir ki, Binəqədi rayon 5-ci polis bölməsinə oğlunu özü aparıb və bir müddət keçdikdən sonra oğlu Səfərin qışqırıq səslərini eşidib: «Qışqıraraq məni çağırırdı. Mən də dözməyib 2-ci mərtəbəyə çıxdım. Gördüm ki, onu sürütdüyüblər. Səfər mənə dedi ki, «ata, axı mən heç kimi öldürməmişəm! Zorla istəyirlər, etiraf edim ki, mən öldürmüşəm». Ona işgəncə verirdilər ki, dediklərini yazsın. Oğlumun hemofiliya xəstəliyi var və onlar bunu bilirlər deyə, bədəninə zərbə vurmurlar ki, yeri qalmasın. Əvəzində yandırıblar nə iləsə».

Sabir Əliyevin sözlərinə görə, oğlunun psixoloji zəifliyini gördükdən sonra ölüm hadisəsini onun boynuna qoymaq istəyirlər:

«Oğlum tibbi ekspertiza olunsun deyə, Maştağadakı psixoloji xəstəxanada 21 gün qalıb. Həbsdə ola-ola oktyabrda onu ora göndəriblər. Məlum olub ki, anlaqlı vəziyyətdədir».

Sabir Əliyev deyir ki, oğluna işgəncə verərək adam öldürdüyünü etiraf etməsinə çalışıblar, özünü isə aldadaraq yalan ifadə verməsinə məcbur ediblər: «Mənə telefon zənglərimin siyahısını - saxta sənəd göstərib dedilər ki, oğlunla ölüm hadisəsindən sonra danışıb görüşmüsən. Amma sənəd saxta imiş, mobil operatorlarından məhkəmə yolu ilə alınmamış sənəd idi».

Vəkil Adil İsmayılovun AzadlıqRadiosuna müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Vəkil Adil İsmayılov bildirir ki, ilk təkbətək görüşlərində Səfər Əliyev ona adam öldürmədiyini deyib:

“Dedi ki mənə təzyiq ediblər, işgəncə veriblər. Məcburən etiraf etmişəm. Ekspertizanın rəyində də göstəririlir ki, düzdür, adam anlaqlıdır, amma bir sıra psixi pozuntuları var - anlaqlığı istisna etməyən pozuntular. Bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddə də var. Bunları biləndən sonra, istintaqın gəldiyi nəticəyə şübhə etdim. Xahiş etdim ki, ifadələrini oxuyum. Təxminən 1 ay bu prosesi uzatdılar. Məhkəmədən həbsi ilə bağlı qərarları aldım. Ortaya maraqlı məqam çıxdı. Məlum oldu ki, adamı birinci dəfə məhkəmə qarşısına çıxaranda dərhal deyib ki, ona işgəncə verib boynuna qoyublar. Bir şübhəni də bu yaratdı.”

“Bədənimin müxtəlif nahiyələrinə tok vururdular”

Səfər Əliyev də tutulduğu günü ağlayaraq xatırlayır. Onun sözlərinə görə, əvvəl işgəncələrə rəğmən heç nəyə imza atamayacağını bildirib:

“Bədənimin müxtəlif nahiyələrinə tok vururdular. Arxamı alışqanla yandırmışdılar. Dedilər ki ərizədə yaz ki, əməlimdən peşmanam. Dedim axı mən nə iş törətmişəm ki? Dedilər, yazmalısan vəssalam, yoxsa silahı çıxardarıq. Belə deyəndə, ağlaya-ağlaya dedim saxla. Nə desəniz edəcəm. Mənə yazdırdılar ki, adamı öldürmüşəm, filan şeyi götürmüşəm. Qorxuda-qorxuda 3-4 sənədə qol çəkdirdilər.”

Səfər Əliyevin dediyinə görə, onu üç dəfə istintaq çəkilişinə aparıblar.

“Yalandan dedilər ki, dədənlə danışmışıq, qurtaracağıq səni. Sən bunları etiraf et. Sonra dedilər ki necə öldürmüsən göstər. Dedim necə göstərim? Bir nəfəri ayaqüstə saxladılar və dedilər ki, boğazından tut boğ. Mən dəbaş və işarət – iki barmağımla sıxmağa başladım. Qorxa-qorxa dedikləri hər şeyi göstərdim. Hər şey qurtarandan sonra dedim ki, vallah mən öldürməmişəm... (ağlayır – red)”

Müdafiəçi Adil İsmayılovda şübhə yaradan başqa məsələ Səfər Əliyevin istintaq çəkilişi zamanı verdiyi ifadələr olub:

“İfadəsində deyir ki, guya ayaqüstə dayanıb və adamı iki barmaqla boğub, amma ekspertizanın rəyi var ki, meyit arxası üstə uzanılmış vəziyyətdə üstdən sıxmaqla boğulub, çünki onun boyun nahiyəsi də göyərib. Üstəlik, ya başını yerə vurublar, ya da başından küt alətlə vurublar. Bunun izahı nədir? Çünki bu çəkiliş olanda hələ ekspertiza rəyi hazır deyildi. Onlar orda nə olub, nə yazılıb xəbərsiz olublar.”

Vəkil: “Birinci dəfə idi ki belə şey görürdüm...”

Vəkilin sözlərinə görə, Səfər Əliyev sonradan bu ifadəsindən imtina edib, amma iyuldan dekabra kimi ondan niyə imtina etdiyini və ya niyə bu ifadələri verdiyini soruşan olmayıb.

“Prokuror da izah etməyə başladı ki, bizim özümüzdə də şübhələr var, amma bizim obyektiv sübutlarımız da var. Nədir sübut? Dedi ki, onun atası və yoldaşı ifadə veriblər ki, Səfər hadisədən sonra onlarla danışıb ki, qətl törədib. Onlar da Səfərin dediklərini təsdiq ediblər. Prokuror isə bunu telefon danışıqları ilə sübut etdiklərini deyir. O bildirdi ki, onlarda telefon danışıqlarının siyahısı var və bu siyahıya görə müəyyən ediblər ki, Səfər hadisə olan günü atası ilə danışıb, sonra onlar iş yerlərinin yanında görüşüblər.”

Vəkil Adil İsmayılov
Vəkil Adil İsmayılov

Adil İsmayılov Səfər Əliyevin atası Sabir Əliyevin nömrəsi üzrə telefon zənglərinin siyahısını nömrənin məxsus olduğu mobil operatordan alıb:

“Bu siyahıdan görünən odur ki, onlar arasında sonuncu danışıq hadisə günü – mayın 27-də, axşam saat 9-da olub. Ondan sonra danışıq yoxdur. Prokurorda olan siyahıda isə Səfərlə atasıarasındakı danışıq guya mayın 28-i gecə 1-ə qalmış olub. Prokuror dedi ki, onlar sənədi Daxili İşlər Nazirliyindən alıblar. Mən baxdım siyahılara – birinci dəfə idi ki belə şey görürdüm. Uzun müddətdir vəkil işləyirəm, bilirəm ki “raspeçatka”(hər hansı bir nömrə üzrə telefon zənglərinin siyahısı) belə olmur. Özümlə əsl nümunəsini də gətirmişdim. Sonradan prokuror da mobil operatora müraciət etdi və rəsmi “raspeçatka”nı aldı. Məni özləri dəvət etdilər ki, doğrudanda o danışıqlar – hansı ki onların əsasında Səfər Əliyevin atasıyla danışdığını göstərirdi – onlar orda yoxdur. Bu o deməkdir ki, Səfər Əliyevin şübhəli şəxs qismində saxlanması ilə bağlı heç bir sübut qalmır.”

Yanvarın 28-i Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayev hər iki tərəfi dinlədikdən sonra Səfər Əliyevin həbs müddətinin uzadılmaması haqqında qərar verdi və onu azad etdi. Lakin vəkil Adil İsmayılov deyir ki, ittiham tərəfi Səfər Əliyevi yenidən həbsə qaytarmaq istəyir:

“Yenidən ekspertiza təyin etmək istəyirlər. Hesab edirəm ki, bu qanunu tapdalamaqdır. Səfər Əliyevə ittiham iyunun 30-da elan olunub. 6-cı ayın axırıncı günü. Hüquq sistemində işləyənlərə bu tarix çox şey deyir. Yarım illik hesabat vermək lazımdır, rayon prokurorundan, polisindən soruşurlar ki, sənin rayonunda ölüm hadisəsi baş verib, niyə açılmır. Bunlar da həmin günə qədər guya həm cinayət işini açıblar, həm də hesabat veriblər. Plan xətrinə kiminsə həyatını məhv etmək, doğru deyil. Bu məsələnin araşdırılması ilə bağlı, iki dəfə şəxsən baş porkuror Zakir Qaralova müraciət etmişəm.”

DİN təkzib edir

Gözlə

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid

Daxili İşlər Nazirliyinin mətbuat xidməti AzadlıqRadiosuna qurumun saxta sənəd verməsi məsələsini yalanladı. Bildirdilər ki, nazirlik heç bir saxta sənəd vermir. Polis bölmələrində işgəncə iddialarına gəlincə isə, bildirildi ki, «polis orqanlarının müvəqqəti saxlanma təcridxanalarında müntəzəm olaraq reydlər keçirilir, Ombudsmanın əməkdaşları vaxtaşırı görüşlər keçirir, nəzarət olunur. Bu orqanlarda belə hallara rast gəlinməyib və işgəncə halları qeydə alınmayıb».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG