Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 10:10

Əli Həsənovun 'keçirəcəyi' 'exit-poll'


Əli Həsənov
Əli Həsənov

Aprelin 11-də baş tutacaq növbədənkənar prezident seçkiləri zamanı «exit-poll» keçirəcək dörd təşkilat Mərkəzi Seçki Komissiyasında qeydə alınıb. Bunlar «Els» Müstəqil Araşdırmalar Mərkəzi, «RƏY» Monitorinq Mərkəzidir. Eləcə də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın «Artur Finkelşteyn və Assosiasiya» şirkəti, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın «Opinion Way» təşkilatı ilə birlikdə «exit-poll» keçirəcək.

«Biz niyə onu hakimiyyətə yaxın hesab etməliyik?»

AzadlıqRadiosu öncəki seçki və referendumlarda iştirak edən «Els» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ilə əlaqə saxlayıb. O, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsində, 400 seçki məntəqəsində «exit-poll» keçirəcəklərini bildirir.

- Az qala, bütün dairələrdə «exit-poll» keçirəcəksiniz. Bunun üçün yetərincə resursunuz varmı?

- Resursumuz var, əlbəttə. Kadrlarımız var. Bu günə qədər də bizə burda iştirak etmək istəyən nə qədər insan müraciət edib və yenə də var. Biz seçki məntəqələrinin yaxınlığında yaşayanları cəlb edirik, əsasən. Onlara heç yerə getmək, yol xərci lazım deyil.

- Bu, «exit-poll» keçirəcəyiniz neçənci seçkidir?

- Bu, səkkizinci olacaq. 2008-ci ildən başlayaraq altı seçkidə və iki referendumda rəy sorğusu aparmışıq.

- Sizi kim maliyyələşdirir?

- «Kaspi» qəzeti. Bizim «exit-poll»u o maliyyələşdirir.

İradə Yaqubova
İradə Yaqubova

- «Kaspi» qəzeti hakimiyyətə yaxın mənbədən maliyyələşir. Bu sizin nəticələrə kölgə salmayacaqmı?

- Bir dəqiqə. Belə danışaq. Bir-birimizi harasa yaxın, harasa uzaq etməyək. Söhbət ondan gedir ki, bizə o qədər də çox maddi təminat lazım deyil. Avadanlığımız var, neçə illərdir almışıq, hər dəfə «exit-poll» keçirəndə bir az-bir az almışıq. Bizə böyük məbləğdə resurs lazım deyil. İkincisi, «Kaspi» qəzeti buna qoşulmaq istəyirsə və bizə dəstək verirsə, burda nə var? Biz niyə onu hakimiyyətə yaxın hesab etməliyik? Düzgün deyil.

- İradə xanım, bu mətbu orqan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova yaxınlığı ilə seçilir.

- «Kaspi» qəzetində gözəl məqalələr, gözəl təhlillər var. Kimə yaxındır, mən onu bilmirəm.

- Amma bunu siz araşdırmalı deyilsinizmi?

- Araşdırmağa qalsa, AzadlıqRadiosunun kimə yaxın olduğunu araşdıraq, Dövlət Departamentindən başlayaraq gedək.

- Hər halda, «exit-poll»u keçirən qurumun maliyyə mənbələrinin şəffaflığı, hansısa siyasi dairələrə bağlı olmaması onun ortaya qoyacağı işə, nəticələrə kölgə salmır, şübhələrə yol açmır.

- Mən başa düşürəm. Yenə də deyirəm ki, bizə bir o qədər də maliyyə lazım deyil. Avadanlığımız var. Dəstək olublar, çox sağ olsunlar. Amma mənə elə gəlir ki, sizin mövqe əvvəldən düzgün deyil ki, siz bu başdan təməl daşı qoyursunuz, haradan maliyyələşir, bunu araşdırmısınızmı?.. Araşdırmışam, bəli...

- Sizə nə qədər maliyyə ayrılıb?

- «Kaspi»nin ayırdığı maliyyə 35 min manatdır.

Sona Vəliyeva
Sona Vəliyeva

«Kaspi»nin təsisçisi Sona Vəliyeva həm də...

«Kaspi» qəzetinin rəsmi saytında «Haqqımızda» bölməsində yazılır: «1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə «Kaspi» qəzeti bərpa olunmuşdur».

Təsisçi haqqında isə bu qeydlərə rast gəlirik: «Sona Vəliyeva filologiya elmləri namizədi, jurnalist-alim, Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir...».

O, eləcə də 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 2013-cü ildə yenidən 6 il müddətinə Şura üzvü təyin olunub. Hazırda MTRŞ sədrinin müavinidir.

«Əməkdar jurnalist» olan Sona Vəliyeva həm də prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşıdır.

Dörd təşkilat «exit-poll» keçirəcək
Dörd təşkilat «exit-poll» keçirəcək

«RƏY»in rəhbəri: «Bu məsələdə maliyyə mənbəyinin o qədər də əhəmiyyəti yoxdur»

«RƏY» Monitorinq Mərkəzinin rəhbəri Rizvan Abbasov isə 48 DSK-nı əhatə edəcək 350 seçki məntəqəsində «exit-poll» keçirəcəklərini deyir. Bu mərkəz 2008, 2013, 2015-ci il seçkiləri və 2016-cı il referendumu zamanı seçki məntəqələrinin yaxınlığında səsləri sayıb.

- 11 aprel seçkiləri növbədənkənar keçirilir. Qısa müddətdə maliyyə mənbəyi tapmaq, hazırlıq görmək çətin olmadı?

- Hələ ki... Yox, çətinlik olmadı.

- «RƏY»in keçirəcəyi «exit-poll»u kim maliyyələşdirir?

- Biz bunu ümumi nəticələri elan edəndə deyəcəyik.

- Niyə indi yox?

- Əsas «exit-poll»un nəticələridir. Əsas məqsəd nəticələrdir. Bu məsələdə maliyyə mənbəyinin o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, bununla professionallar məşğul olmalıdır. Professionallar düzgün metodikaya, sosioloji tədqiqatlara əsaslanaraq bu işi həyata keçirməlidirlər.

- Maliyyə mənbəyinin şəffaflığı nəticələrə etimadı artırardı hər halda.

...

Hafiz Həsənov
Hafiz Həsənov

Hafiz Həsənov: «Maliyyə mənbələri açıqlanmalıdır»

«Bütün hallarda «exit-poll» keçirən təşkilatlar maliyyə mənbələrini əvvəlcədən açıqlamalıdırlar. Yəni seçkidən sonra mətbuat konfransında açıqlamağa ehtiyac yoxdur. Seçkidən sonra nəticələr ortaya qoyulmalıdır», – «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov R.Abbasovun dediklərini şərh edərkən deyir. Onun sözlərinə görə, məsələnin hüquqi tərəfindən başqa, ictimai etimad məsələsi var:

«Seçki Məcəlləsinə görə, «exit-poll» keçirən təşkilatların maliyyə mənbələri haqqında məlumatın verilməsi məcburi deyil. Ancaq ümumilikdə seçkilərin açıq keçirilməsi prinsipi, QHT haqqında qanunda tələblər maliyyə mənbələrinin şəffaf olmasını, açıq olmasını, hesabatlı olmasını tələb edir. Təşkilatın maliyyə mənbəyini açıqlaması həm də o baxımdan önəmlidir ki, sabah açıqlayacağı rəqəmlərə etimad olsun. Bu baxımdan maliyyə mənbələrini açıqlamalıdırlar. Özü də təkcə maliyyə mənbələrini yox, həm də «exit-poll»u keçirmək zərurəti, neçə seçki dairəsini əhatə etməsi, məlumatların nə vaxt açıqlanacağı barədə də məlumatlar da elan olunmalıdır».

O ki qaldı, «Els»lə bağlı məsələyə, H.Həsənov hesab edir ki, bütün hallarda «exit-poll»u keçirən təşkilatların maliyyə mənbələri müstəqil olmalıdır, o, birbaşa və ya dolayı şəkildə hakimiyyətdən asılı mənbələrdən maliyyələşdirilməməlidir: «Hakimiyyətə birbaşa və ya dolayı yolla yaxın mənbənin maliyyələşdirdiyi sorğu təbii ki, sual yaradır: «Bu nə dərəcədə dəqiq, düzgün, müstəqil «exit-poll»dur?».

İndiyədək «Els» və «RƏY»in keçirdiyi sorğular və «exit-poll»lar heç də birmənalı qarşılanmayıb. Bu qurumların açıqladıqları nəticələr, adətən, rəsmi rəqəmlərə yaxınlığı ilə seçilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG