Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Faiq Mustafa: 'Din adamlarının dövlət işlərinə qarışmağa ixtiyarı yoxdur'


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə imam və axundlara göstəriş verib ki, xütbələrində prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevə dəstək vermək barədə çağırış etsinlər. O, «heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik» söyləsə də, buna nəzarət ediləcəyini də qeyd edib.

Faiq Mustafa: «Din dövlətdən ayrıdır»

«Azərbaycan Konstitusiyasında yazılıb ki, din dövlətdən ayrıdır. Dindarlarin bu işlərə qarışmağa ixtiyarı yoxdur, əlhəmdüllah», – İçərişəhərdə yerləşən, bir ildən çoxdur təmirə dayanan, el arasında «Ləzgi məscidi» kimi tanınan Aşurbəy məscidinin imamı Faiq Mustafa AzadlıqRadiosuna belə deyir.

«Din adamı ayrıdır, dövlət məmuru ayrı. Bu işlərə girişmək dindara, məscidə xas əməllərdən deyil», – söyləməklə o, fikrini davam etdirir.

Faiq Mustafa
Faiq Mustafa

F.Mustafanın sözlərinə görə, seçimi vətəndaş özü etməlidir, məscid, axund və ya imam bununla bağlı ona göstəriş verə bilməz: «Göstəriş vermək düzgün iş deyil. Ümumiyyətlə, din adamlarının dövlət işlərinə qarışmağa ixtiyarı yoxdur».

F.Mustafa QMİ sədrinin xütbələrə nəzarət ediləcəyi barədə söylədiklərini isə əslində, «məcburiyyət» kimi dəyərləndirir.

«Din xadimlərinin hər hansı şəkildə siyasətə, seçkilərə qarışması yolverilməzdir»

«Tamam qanunsuz addımdır. Qanunun əleyhinə gedirlər. Özü də açıq şəkildə, gizlətmirlər», – dini məsələlər üzrə ekspert Altay Göyüşov QMİ sədrinin çağırışına belə münasibət bildirir:

«Burda qanunsuzluq göz qabağındadır. Azərbaycanda din siyasətdən ayrıdır. Din xadimlərinin hər hansı şəkildə siyasətə, seçkilərə qarışması yolverilməzdir. Bunu fərdi şəkildə etsəydi, bəlkə də başa düşmək olardı, amma bunun məscidlərdə xütbə şəklində edilməsi qanunun ayaqlanmasıdır».

Altay Göyüşov
Altay Göyüşov

A.Göyüşovun bununla bağlı bir ehtimalı var. Onun qənaətincə, dini kəsim arasında nüfuzu olmayan QMİ rəhbəri iqtidara bunun əksini isbatlamaq istəyir:

«Paşazadə belə çağırış edə bilər. Amma məlumdur ki, faktiki QMİ-nin dindarlar arasında heç bir hörməti yoxdur. Sadəcə, göstərmək istəyir ki, guya o, dini cameəyə nəzarəti həyata keçirə bilir. Reallıqsa budur ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı məscidlərin 25-30 faizinə nəzarət edə bilmir. Dindar təbəqə Paşazadənin də, QMİ-nin də avtoritetini, rəyini qəbul etmir. Sadəcə, hökumətə yarınmaq üçün atılan addımdır. Başqa qurumlar da bunu edirlər, yəni yazıçılar-filan. Bu daha çox sovet dövrünün propaqandasına oxşayır. Amma real əsası yoxdur. Azərbaycan dindarlarının böyük əksəriyyəti bu hakimiyyətə müxalifətdədir».

AzadlıqRadiosu bu tənqidlərə rəsmi mövqe almağa çalışır, saytımızı izləyin.

Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməlidir. Hakimiyyət təmsilçiləri oktyabra planlaşdırılan seçkinin qabağa çəkilməsini bu il ölkədə keçiriləcək bir sıra yüksəksəviyyəli tədbirlərlə əlaqələndirir. Amma əsas müxalifət partiyaları seçkini boykot edib, ölkədə demokratik seçki keçirməkdən ötrü şərait olmadığını deyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG