Fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilər ilə bağlı şikayətlər, hələ də eşidilməkdədir. Fevralın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) şikayətlərə baxaraq dörd seçki dairəsi üzrə nəticələri ləğv edib. Bəzi şikayətlər təmin edilməyib, bir çoxu isə araşdırılması üçün, uygun dairə seçki komissiyalarına göndərilib. Bəs görək, ekspertlər bu araşdırmaları necə dəyərləndirlər? Onların bu məsələlər ətrafında tövsiyələri nədən ibarətdir?
“MSK Prezident Administrasiyanın nəzarəti altında qərarlar verir".
Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, seçki eksperti Akif Qurbanov AzadlıqRadiosuna deyib ki, seçki komissiyalarının şikayətlərinin obyektiv və hərtərəfli araşdırdığını düşünmür. Ekspertin sözlərinə görə, seçki komissiyalarının verdiyi qərarlar siyasi qərarlardır:
" Birmənalı olaraq Mərkəzi Seçki Komissiyasının özü heç bir qərar vermir və onun atdığı hər bir addım Prezident Administrasiyasından asılıdır. Hazırda, bəzi dairələr ətrafında baş verən proseslər göstərir ki, dairə seçki komissiysların atdığı addımlar da yerli icra hakimiyyətləri ilə tənzimlənir. MSK isə Prezident Administrasiyanın nəzarəti altında qərarlar verir".
A. Qurbanov qeyd edir ki, əvvəlki seçkilərdə namizədlərin pozuntu faktı kimi təqdim etdikləri sübutlar qəbul olunmurdu, hazırda isə eyni faktlar pozuntu kimi qəbul olunur və hətta, yerlərdə seçki nəticələrinin ləğvinə gətirib çıxarır:
"Hazırda dairələr üzrə nəticələrin ləğvi üçün əsaslandırılmış arqumentlər var ki, müşahidəçilərə protokol verilməyib, topa bülletenlər atılıb... Onlar hər zaman seçki komissiyalarına göndərilirdi, amma cavabında həmişə göstərilirdi ki, bu iddialar qərəzlidir və qəbul olunmurdu. İndiki halda isə ləğv olunan dairələr üzrə faktlar həmin məsələlərdir. Bu selektiv münasibətdir və onun arxasında dayanan siyasi iradədir".
Ekspertin vurğulamasına görə, Mərkəzi Seçki Komissiyası şikayətləri statistik olaraq bölür:
"MSK başa düşür ki, seçki nəticələrinin çox dairələrdə ləğvi neqativ nəticə doğurur və ictimayyətdə, həmçinin də, beynəlxalq təşkilatlarda neqativ rəy formalaşır. Ona görə, onlar çalışırlar ki, statistik rəqəmləri bölsünlər. Bir hissəsinə Mərkəzi Seçki Komissiyası, bir hissəsinə dairə seçki komissiyaları baxır, bir hissəsi isə göndəriləndə yolda "itib batır”".
"Etimad olmasaydı,...”
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə “ Turan” agentliyinə deyib ki, seçki komissiyaların qərarlarına etimad göstərməməsi üçün əsas yoxdur:
"Etimad olmasaydı, orada şikayətlərin və müraciətlərin baxılması həyata keçirilməzdi. Hər bir halda, hazırkı şəraitdə Mərkəzi Seçki Komissiyanın bu yöndə çalışmalarını qeyri-legitim adlandırmaq doğru olmazdı. Baxmayaraq ki, virtual məkanda linç etmə, itaətsizlik müşahidə olunur.Xüsusilə də boykotçuların platformasında dayanan qüvvələr nəyin bahasına olursa-olsun seçkidə iştirak edən tərəflərin narazılarını öz tərəfdarlarına çevirmək yönümdə addımlar atır".
Z.Oruc daha sonra da deyib:
"Reallıq ondan ibarətdir ki, hazırkı dövrdə hər bir namizəd məntəqələrə, o cümlədən DSK-lərə bir məşvərətçi səs hüquqlu nümayəndə və bir müşahidəçi verə bilir. Onların hamısının üzərində olan smartfonları əlavə edəndə total müşahidəçilik baş verir və məntəqə komissiyalarının altı nəfərlik tərkibi formal xarakter daşımağa başlayıb. Yəni müşahidəçilik institutu komissiya üzvlərindən qat-qat çoxluq təşkil edir. Ölkə miqyasında 33 mindən artıq komissiya üzvləri var, amma müşahidəçilərin sayı 80 mindən yuxarı idi. Seçki prosesinə nəzarəti etmək üçün alternativ qüvvələr, hətta Milli Şuranın çevrəsində olan ayrı-ayrı dairələr də müşahidə prosesində iştirak edirdilər. Boykot mövqeyində olanların da tərəfdarları prosesə cəlb olunmuşdular. Yəni, proseslər məntəqələrdə, qutular ətrafında deyil, meydanlarda həll olunsun deyə bir mübarizə var. Ona görə müşahidəçilik sistemində bu qədər artım oldu".
O, qeyd edib ki, sosial şəbəkələrə çıxan müxtəlif kadırlar Mərkəzi Seçki Komisdiyasında ciddi şəkildə araşdırılmaqdadır:
"Gördüyünüz kimi dörd dairə ətrafında verilən qərar...”
"Gördüyünüz kimi dörd dairə ətrafında verilən qərar cəmiyyətdə də, hətta alternativ qüvvələrin özündə də müəyyən qədər rahatlanma və razılaşma mövqe doğurub. Belə olmasaydı, biz bunun əksini görərdik. Əgər həqiqətən də hər hansı bir qüvvəyə on minlərlə səs verən insanların seçki nəticələrindən narazılığı olsaydı, Mərkəzi Seçki Komissiyasının qabağına 13 namizəd yox, 130 min, yaxud bir milyon üç yüz min sayda adam toplaşardı. Bu mövcüd deyil axı. Hesab edirəm ki, bütün hallarda Azərbaycanda seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən tam qanuni əsaslarla müəyyənləşdirdikdən sonra öz hüquqi qiymətini alacaq. Konstitusiya Məhkəməsinin təsdiqindən keçərək, xalqın iradəsini necə dürüst əks etdirdiyini göstərəcəkdir. Ondan ötrü tələsmək lazım deyil. 20 gün ərzində MSK müraciətləri araşdıracaq. Məhkəmə instansiyaları da mövcuddur ki, bütün mübahisələrə son qoya bilsin".
Xatırlatma
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.
Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurların aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşdırılması idi», - rəydə vurğulanıb.
Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.
Prezident İlham Əliyev də bu günlər vurğulamışdı ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin»,- o vurğulayıb.
2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.
Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
Müxalifətdən Milli Şura və bəzi qüvvələr isə bu seçkiləri baykot etmişdilər.Onlar deyirdilər ki, Azərbaycanda azad və əadalətli seçkilərdən ötrü imkan yoxdur. Hərçənd, MSK rəhbərliyi və rəsmilər bu fikirlə razılaşmırlar.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.