Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Qalmaqallı videoda xəstəxana direktoruna etiraz edən həkim məhkəməyə üz tutub


Səbinə Məmmədova
Səbinə Məmmədova

Bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayıldı. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edir.

«Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyata qulaq asan deyiləm», – deyə etirazını bildirən həkim iclas zalını tərk edir.

Bu video yayılandan az sonra – yanvarın 13-də S.Məmmədova işdən azad edilib. Bu haqda əmrdə yazılıb ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilir.

1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışan, bu müddətin də böyük hissəsini şöbə müdiri olmuş S.Məmmədova «əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmaması, 6 ay ərzində təkrar əmək funksiyasını pozması» haqda əmrdə yazılanların da yalan olduğunu söyləyir. Həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi artıq Nizami Rayon Məhkəməsinə təqdim olunub.

«Səhv diaqnoz qoyanlar qalıb, məni çıxarırlar»

S.Məmmədova xəstələrdən birinin (adı bəllidir, etik səbəblərdən yazılmır-red.) vəziyyətinin ağırlaşmasının səbəbini araşdırmamaqda, vərəm aşkar olunmasını nəzərə almadan, onu təsiri olmayan dərmanlarla müalicə etməkdə günahlandırılır.

S.Məmmədova isə deyir ki, həmin uşaq heç onun xəstəsi olmayıb.

«O, xəstəxanaya 2017-ci ilin oktyabrında daxil olub... Dekabrda xəstənin vəziyyəti ağırlaşıb. Şöbə müdiri onun müalicəsini xəstəxanada əmrsiz işləyən bir nəfərə tapşırıb. Yəni müalicəni o aparıb, xəstəlik tarixçəsinə də özü imza atıb. Dekabrın 7-də müalicə başlayıb, 11-də diaqnoz qoyulub. Həmin ərəfədə Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda müəssisənin rəhbəri onun bölgüyə getməsinə imkan vermədi ki, getsə, onu hansısa rayona göndərərlər. Az sonra direktor onun əmrini başqa şöbəyə verdi. Nəticədə xəstə həkimsiz qaldı. Valideyni Xumarə Yusifova məndən xahiş etdi ki, uşağı mən müalicə edim. Həkim olaraq bir həftə ona nəzarət etdim və xəstəni sağaldıb, evə yola saldım. Xəstənin vəziyyətini ağırlaşdıran, analizini gizlədib səhv diaqnoz qoyan, həmin səhv diaqnozu əsaslandıran həkimlər haqqında heç bir tədbir görülmür, xəstəni sağaltdığım halda mən işdən çıxarılıram», – S.Məmmədova iddia ərizəsində belə yazıb.

Həkimin sözlərinə görə, sözügedən xəstə haqda söylədiklərini uşağın valideyni də yazılı izahatında təsdiqləyib.

Hələlik adı çəkilən xəstəxanadan bu iddialara bir cavab səslənməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG