Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:08

Seçkisonrası məhkəmədə pul və üzrxahlıq tələbi səsləndi


R.Məmmədova
R.Məmmədova

Binəqədi bələdiyyəsinin üzvü seçilən Mətanət Nəsibova seçkidə rəqibi olmuş gənc fəal Rəbiyyə Məmmədovanı məhkəməyə verərək, ondan 1000 manat və üzrxahlıq istəyir.

M.Nəsibova sosial şəbəkələrdə yayılan videogörüntülərdə şərəf və ləyaqətinin alçaldıldığını iddia edir.

Bu məsələni Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadə araşdırır.

Yanvarın 9-da keçirilən məhkəməyə M.Nəsibovanın özü qatılmasa da, vəkili onun etirazını doğuran videogörüntüləri və iddiasını diqqətə yetirib.

Biləcəri qəsəbəsində çəkilən videogörüntülərdən görünür ki, M.Nəsibova və daha bir neçə qadın avtomobilə əyləşib gedərkən seçkidəki rəqibi R.Məmmədova da onlara yaxınlaşır. O, avtomobilin pəncərəsini döyərək niyə məntəqələri gəzib bir neçə yerdə səs verdiklərini və seçki saxtakarlığına yol verdiklərini soruşur. Qarşı tərəf cavab vermir və maşın hərəkət edir. Ardınca R.Məmmədova kamera önündə «məntəqələri gəzib, bir neçə yerdə səs verirlər, şərəfsizlər» sözlərini söyləyir.

M.Nəsibova iddia edir ki, seçki saxtakarlığında ittiham edilməklə ona böhtan atılıb və «şərəfsiz» ifadəsi ilə də təhqir olunub.

«Seçkidə saxtakarlıq etmək, həqiqətən, şərəfini itirməkdir»

R.Məmmədova məhkəmədə deyib ki, o ifadə şəxsən M.Nəsibovaya yox, ümumiyyətlə, seçkidə saxtakarlıq edənlərə ünvanlanıb:


«Seçkidə saxtakarlıq etmək, həqiqətən, şərəfini itirməkdir, axı insanların səsi oğurlanır. Əgər o xanım saxtakarlıq etdiyini düşünmürsə, o sözü niyə özünə götürür?».

R.Məmmədova M.Nəsibovanın seçkidə qaydaları pozması barədə əlində olan faktları dairə seçki komissiyasına verdiyini də sözlərinə əlavə edib.

Məhkəmə bu məsələni yanvarın 30-da araşdıracaq.

R.Məmmədova AzadlıqRadiosuna iddianı əsassız saydığını deyir və bunu özünə təzyiq kimi qiymətləndirir: «Onların istədiyi odur ki, qorxum, başım məhkəmə işlərinə qarışsın və parlament seçkilərinə hazırlaşmağıma əngəl törədilsin».

ReAL Partiyasının keçmiş üzvü olan R.Məmmədova bələdiyyədən sonra parlament seçkisində də namizədliyini irəli sürüb.

M.Nəsibova isə ikinci dəfədir bələdiyyə üzvü seçilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG