Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

'Seçkilər gərgin keçəcək, qalmaqallar qaçılmazdır'


İndiyədək Azərbaycanda ən aktiv seçkilər 2005-ci ildə keçirilib
İndiyədək Azərbaycanda ən aktiv seçkilər 2005-ci ildə keçirilib

2020-ci ilin fevralında keçiriləcək parlament seçkilərinə qatılmaq istəyənlərin sayı artmaqdadır, xüsusən də bu maraq gənclər arasında daha böyükdür. Bundan öncəki seçkilərdə boykot ab-havası, seçkilərə etinasızlıq mövqeyi hakim idisə, bu dəfə seçki gündəm mövzusudur, bu istiqamətdə canlanma hiss edilməkdədir.

Millət vəkili adı uğrunda mübarizəyə qatılanlardan biri də Anar Əsədlidir. O, bitərəf namizəddir, Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin sədridir.

A.Əsədli növbədənkənar parlament seçkilərinə marağın artmasını son 25 ildə ölkəni idarə etmiş bəzi şəxslərin vəzifədən çıxarılması ilə izah edir. Onun qənaətincə, bu addım vətəndaşlarda dəyişikliklərə inamı artırıb: ​«Təbii ki, 25 ildir vəzifə başında olan insanlar görəvdən alınırsa, məntiqi sonluq olaraq parlament buraxılırsa, bu, bir aktivlik yaradır. Prezident Administrasiyasının rəhbərini gənc kadr əvəzləyirsə, deməli, onunla dialoq qurmaq, müəyyən məsələləri danışmaq, yeni baxış sərgiləmək mümkündür. Bu durumda kadr dəyişiklikləri sistem dəyişikliyinə ümid yaradır. Təbii ki, bu durumda həmin prosesdə yer almaq lazımdır, seçkiyə qatılmadan danışmaq mümkün deyil».

Seçki sualı

Bununla belə, A.Əsədli hesab edir ki, «Azərbaycanda dizayn dəyişikliyi baş verir, yoxsa köklü islahatlar gedir» sualına daha dəqiq 9 fevraldan – parlament seçkilərindən sonra cavab vermək mümkün olacaq.

Parlament seçkiləri 2019-cu ilin dekabrında elan olunub. İlin əvvəlində dövlət başçısı İlham Əliyev ölkədə siyasi islahatlar aparılacağını bəyan edib, az sonra kadr dəyişiklikləri aparıb. Həmin kadrların çoxu 25 ildən çoxdur ki, hakim komandada söz, nüfuz sahibləri idi. Eyni zamanda, hakimiyyətin tənqidçiləri onları bəzən demokratik islahatların önünü kəsməkdə suçlayırdılar. İndisə onların nisbətən gənc kadrlarla əvəzlənməsi dəyişikliklərə, hətta islahatlara ümid yaradıb.

M.Əliyev
M.Əliyev

«Əvvəllər hamı bilirdi ki, bu məsələ birbaşa Prezident Administrasiyasının, konkret olaraq onun rəhbəri Ramiz Mehdiyevin kurasiyasındadır. İndi isə komanda dəyişib, o hələ oturuşmayıb, ora yeni simalar gəlməkdədir», – «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir. «Müəyyən dərəcədə boşluq var. Cəmiyyət, parlamentə daxil olmaq istəyənlər də bunu hiss edir və ona görə belə aktivlik var», – o, sözlərinə əlavə edir.

«Bakı Xəbər» qəzetinin redaktoru Aydın Quliyev toplumun müxtəlif kəsimlərinin, məsələn, gənclərin, qadınların, jurnalistlərin, hətta boykotçu dairələrin də seçkiyə qatılmaq həvəsinin artmasını növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərlə müqayisədə daha obyektiv, ədalətli, demokratik keçiriləcəyinə yaranmış inamla izah edir.

«Cəsarət edib deyirəm ki, sonda əvvəlki seçkilərin nəticələrindən fərqli olaraq xalqın etimadına söykənən parlament formalaşacaq», – redaktor inamını AzadlıqRadiosu ilə bölüşür.

A.Məmmədli
A.Məmmədli

Hakimiyyətin niyyəti

Hərçənd, bu cür nikbin düşünməyənlər də az deyil və onların da öz arqumenti var. Məsələn, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin qənaətincə, hakimiyyətin azad, ədalətli seçki keçirmək niyyəti hiss olunmur. O hesab edir ki, ilk növbədə bunun üçün zəmin yaradılmalı idi, ən azından ifadə, sərbəst toplaşmaq azadlığı təmin edilməli idi.

«İki ay sonra seçkilərdir, mitinq keçirməyə yer yoxdur, ya da siyasi məhbus problemi hələ də həll olunmayıb», – Mərkəz rəhbəri deyir.


«İlqar Məmmədovun, mənim, İlkin Rüstəmzadənin, başqalarının məhkumluq məsələsi qalmaqdadır, biz seçkiyə qatıla bilmirik. Bu durumda necə pozitiv danışmaq mümkündür? Fərqli seçki keçirmək istəyən fərqli siyasi mühit yaratmalı idi», – A.Məmmədli vurğulayır.

«Bakı Xəbər» qəzetinin redaktoru A.Quliyev seçki mühitinin olmaması haqda tənqidləri «bəzi dairələr üçün dəyişməz taktika» sayır. Redaktor seçkiyə qatılmış qüvvələrə seçkiqabağı təşviqat, siyasi fəaliyyət üçün Seçki Məcəlləsində göstərilmiş şəraitin yaradılacağını düşünür: «Ümumən ölkədə ictimai-siyasi fəallıq var, bu da siyasi qüvvələrə əvvəlki seçkilərlə müqayisədə manevr etmək imkanları yaradacaq».

A.Quliyev
A.Quliyev

Azərbaycanda keçirilən az qala bütün seçkilər beynəlxalq qurumlar tərəfindən tənqid olunub. Onun azad, şəffaf, rəqabət şəraitində keçirilmədiyi, inzibati resursların iqtidar partiyasından olan namizədlərin xeyrinə istifadə edildiyi vurğulanıb.

«Son illərin seçkilərindən seçiləcək»

2020-ci il seçkiləri fərqli keçirilə bilərmi? M.Əliyev hakimiyyətin çətin durumda olduğunu söyləyir. O, hakimiyyətin seçkiləri kobud, açıq-aşkar saxtalaşdırmaq istəmədiyini ehtimal edir. Ancaq əlavə edir: «Çox çətin durumdur, parlamentə düşmək istəyənlər çoxdur, yersə azdır. Hakimiyyətin öz namizədləri, parlamentdə görmək istədiyi şəxslər var. Seçkilər gərgin keçəcək, bu indidən görünür, skandallar qaçılmazdır. Bu, son illərin seçkilərindən seçiləcək».

SMDT Mərkəzinin rəhbəri A.Məmmədlinin sözlərinə görə, təxmini hesablamalara görə, indiyədək 50-60 ictimai fəal seçkilərə qatılmaq niyyətini açıqlayıb. Hərçənd o, bunun milli yarışa çevrilib-çevrilməməsindən şübhəlidir. A.Məmmədli indiyədək Azərbaycanda ən aktiv seçkilərin 2005-ci ildə keçirildiyini xatırladır. O zaman 125 yer uğrunda 2000-dən çox namizəd mübarizə aparırdı: «Bəzi dairələrdə qalib cəmi 4-5 səslə digərlərini geridə qoymuşdu. Mübarizə bu qədər gərgin idi. O seçki mühiti fərqli idi. Ümumiyyətlə, seçki azad, şəffaf keçirilməklə yanaşı, rəqabətli mühitdə keçirilməlidir. Bu dəfə rəqabət olacaqmı? Bunu deyə bilmirik».

A.Məmmədli daha bir neçə müşahidəsini bölüşür. O, bu dəfə gənclərin seçkilərdə iştirak etmək həvəsinin çox olduğunu desə də, peşəkar siyasətlə məşğul olan şəxslərin ümidsizləşərək seçki yarışına qoşulmadığını, bundan başqa, son illər ilk dəfədir ki, müxalifətin seçkilərə bloksuz getdiyini vurğulayır. Bunu da siyasi qüvvələrin, partiyaların yetərincə namizədinin olmaması, üstəlik də, həmin dairələrdə antaqonist mövqenin, kobud ritorikanın hakim olması ilə əlaqələndirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG