Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 22:23

'Seçki komissiyalarının tərkibi olduğu kimi qalacaqsa...'


Komissiya üzvləri seçkidən sonra səsləri sayılrar
Komissiya üzvləri seçkidən sonra səsləri sayılrar

Noyabrın 5-də bəzi müxalif partiya və ekspertlərin Müsavat Partiyasının qərargahında keçirdiyi dəyirmi masada seçki qanunvericiliyinə dəyişikliklər məsələsi də müzakirə obyekti olub.

Müsavat Partiyasının başqanı Arif Hacılı da AzadlıqRadiosuna deyib ki, seçki islahatlarını paket halında müzakirə edərək qəbul ediblər.

A.Hacılı
A.Hacılı

«Azərbaycanda seçki komissiyalarına etimad yoxdur»

A.Hacılının fikrincə, seçki komissiyalarına iddiaçı tərəflərin etimad göstərməsi şərtdir. Onun deməsinə görə, seçkilərin demokratik keçirilməsi üçün seçki komissiyalarına etimad olmalıdır: «Azərbaycanda isə seçki komissiyalarına belə etimad yoxdur. Komissiyalar faktiki olaraq hakim Yeni Azərbaycan Partiyasının və hakimiyyətin nəzarəti altındadır».

Hazırda Azərbaycanda seçki komissiyaları üçdə bir əsasla formalaşıb. Komissiya üzvlərinin üçdə biri parlamentdəki hakim partiyanın (Yeni Azərbaycan Partiyasının-red.), üçdə biri də azlıqda qalan partiyaların payına düşür. Qalan üçdə bir isə bitərəflərin təmsilçiləri sayılır.

Bu bölgü isə Azərbaycan Xalq Cəbhəsi, Müsavat və ReAL kimi müxalif partiyaların orda təmsilçiliyinə imkan vermir. Onların parlamentdə bir deputatları belə yoxdur.

A.Hacılı iddia edib ki, mövcud komissiyaların təşkil etdiyi seçkilər heç də azad və ədalətli keçirilməyib. Onun fikrincə, bu komissiyaların dəyişməsi zəruridir: «Əgər hətta başqa hər hansı dəyişikliklər baş verəcəksə, amma seçki komissiyalarının tərkibi olduğu kimi qalacaqsa, bu, əvvəlcədən seçkilərin nəticələrinə etimad göstərməyin mümkünsüzlüyünü şərtləndirəcək».

F.Ağamalı
F.Ağamalı

Parlamentdə təmsil olunan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə «Turan» agentliyinə deyib ki, Azərbaycanın Seçki Məcəlləsi var və bu qanunvericiliklə də seçkilərə getmək olar:

«Sadəcə, hazırda parlamentdə təmsil olunmayan partiyalar...»

«Burada hər hansı partiyanın bu və ya digər şəkildə hüquqları tapdalanmır. Sadəcə olaraq, hazırda parlamentdə təmsil olunmayan partiyalar elə bir metod, taktika seçməlidir ki, onlar xalq tərəfindən dəstəklənsinlər və müdafiə olunsunlar».

F.Ağamalının fikrincə, elə düşünülməsin ki, problemi həll edən seçki komissiyalarıdır: «Partiyalar əsas xalqın dəstəyini qazanmalıdır. Bu etimada işləmək və bunu hökmü nəzərə almaq lazımdır».

Mərkəzi Seçki Komissiyasından da seçkilərin azad və ədalətli keçirilmədiyi ilə bağlı fikirləri qəbul etmirlər. Qurumdan dəfələrlə bəyan edilib ki, seçkilər xalqın iradəsindən asılıdır.

B.Süleymanlı
B.Süleymanlı

Ekspert: «Seçkilərlə bağlı durum ürəkaçan deyil»

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, seçki eksperti Bəşir Süleymanlı isə AzadlıqRadiosuna deyib ki, seçki komissiyalarının müzakirəsi yeni məsələ deyil: «Ümumiyyətlə, seçkilərlə bağlı durum Azərbaycanda ürəkaçan deyil. Həm qanunvericilik bazası, həm də praktiki vəziyyət...».

B.Süleymanlının qeyd etməsinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Şurasının Venesiya Komissiyası da Azərbaycanda seçki qanunvericiliyi ilə bağlı məsələləri dəfələrlə gündəmə gətiriblər: «Ən əsası, seçki komissiyalarının tərkibi ilə bağlı hökumətə öz narahatlıqlarını ifadə ediblər. Amma təəssüflər olsun ki, bununla bağlı irəliləyişə nail olmaq mümkün olmayıb...».

XS
SM
MD
LG