Keçid linkləri

2024, 12 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:08

'Seçki kampaniyası daha çox sosial şəbəkələrdə aparılır'


Builki seçki şüarlarının üç ana xətti
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Builki seçki şüarlarının üç ana xətti

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası bir neçə gündür başlanıb. Bəzi namizədlər görüşlər keçirsə, videoçarxlar hazırlasa da, müşahidəçilər məmnun görünmürlər. Deputatlığa namizədlərin plakat və şüarları, geyim və davranışları tənqid edilməkdədir.

İmicmeyker, Reklamçılar İttifaqının vitse-prezidenti Tamilla Nağıyeva deputatlığa namizədlərin maraqlı təbliğat aparmadığı, standart üsulla işləmələri qənaətindədir. O, AzadlıqRadiosuna yaşadığı ərazidə namizədlərin görüş keçirmədiyini, seçicini saymadıqlarını bildirir: «Bir buklet də vermirlər ki, mən buyam, harada oxumuşam, işləmişəm və s. Onu da etmirlər. Seçicini inandırmırlar. Zəhmət çəkib məni inandırsınlar».

H.Həsənov
H.Həsənov

Seçki üzrə mütəxəssis, hüquqşünas Hafiz Həsənov da təşviqat kampaniyasına baxışlarını AzadlıqRadiosuna bölüşür:

- Seçki kampaniyası daha çox sosial şəbəkələrdə aparılır, bir də namizədlər məhəllələrdə görüşlər keçirir. Təşviqat üçün ayrılan açıq və qapalı yerlərin sayı olduqca, ötən seçkilərlə müqayisədə 4-5 dəfə azdır. Hələlik, namizədlərin rezonans yarada biləcək təşviqat kampaniyası yoxdur. Bu elə seçkilərə qatılmış partiyalara da, ictimai fəallara da aiddir. Bugün proseslər sönük deməzdim, orta səviyyədə gedir, innovativ metodlar yoxdur. Elə köhnə qaydada gedir.

- Yəni namizədlərdən daha kreativ yanaşma gözləyirsiniz?

- Əsasən, partiyaların nə etmək istədiyi, fərqli ideyalarının olub-olmadığı maraqlıdır. Əvvəllər platformalar təqdim olunurdu. İndi bu şəkildə təşviqat kampaniyaları getmir. Mən uzun-uzadı platformalar yazılmasının da tərəfdarı deyiləm, bu, sovet dövründən qalma bir hal idi, ancaq cəmiyyətə mesajlar, tezislər verilməlidir ki, bu partiya parlamentə gəlməklə qanunvericilik sistemində nəyi dəyişmək, hansı yenilikləri gətirmək istəyir və ya qanunverici hakimiyyət müstəvisində insanların sosial problemlərinin həlli yönündə nələr təklif edirlər? Və ya iqtisadiyyat, məhkəmə-hüquq sistemi, Qarabağ münaqişəsinin həlli ilə bağlı nə təklifləri var? Bunlar yoxdur. Sadəcə, sosial şəbəkələrdə, xüsusən Facebook-da qeydə alınmış namizədlərin fotoları və bir-iki çağırışları görünməkdədir. Yeni bir şey yoxdur. Namizədlərin qapı-qapı gəzərək kampaniya aparması da bir o qədər uğurlu variant deyil.

- Niyə?

- Qapı-qapı gəzən namizəd gəlib qapımı döysə, mənim də xoşuma gəlməz. Çünki təşviqatın aparılması üçün yer olmalıdır, insanlar toplaşmalıdır. Yaxud namizədlərlə bağlı bir məhdudiyyət var, onların plakatları ancaq seçki dairələrinin müəyyənləşdirdiyi lövhələrdə asılmalıdır. Sanki hamı məhəllə görüşləri keçirməklə və sosial şəbəkədə şəkillərini, fikirlərini, videomüraciətlərini yaymaqla kifayətlənir. Bu da lazımdır. Sadəcə, geniş əhali kütləsinə təsir edən format yoxdur. Nəzərə alaq ki, pulsuz efir vaxtı da olmayacaq. Yeni Azərbaycan Partiyası bundan imtina etdi. Qanun ancaq azı, 60 seçki dairəsində namizədi qeydə alınmış partiya və bloklara pulsuz efir vaxtından yararlanmaq hüququ verir. İndiki halda ancaq YAP bundan istifadə edə bilərdi.


Çox maraqlıdır ki, seçkilərdə iştirak edən, qeydə alınmış partiyaların namizədlərinin hamısı, belə deyək də, partiya qərarı ilə irəli sürülməyib. Öz təşəbbüsü ilə irəli sürülmüş namizədlər var. Belə bir pərakəndəlik mövcuddur, sistemlilik yoxdur. Düşünürəm ki, azad, ədalətli seçkilərin keçirilməsi üçün rəqabət mühiti yoxdur, nümayişlər, mitinqlər keçirilmir. Ümumi qiymət verməli olsaq, hamı üçün ortaya yaxın vəziyyətdir. Bir tərəfdən hakimiyyəti qınasaq da, o biri tərəfdən namizədlər, partiyalar tərəfindən də geniş coşqu, fəallıq nümayiş etdirilmir, yeni mesajlar, yeni formalar müşahidə olunmur.

- Sizcə, bu nəyə bağlıdır? Təcrübəsizlikdən irəli gəlir, yoxsa onlarla çalışacaq peşəkarların, institutların olmamasından? Bəlkə seçkiyə qoşulmaq xatirinə namizədliklərini veriblər?

- Həqiqi seçki təşviqatı, həqiqi rəqabət, innovativ metodlar o halda yaranır ki, orda azad, ədalətli seçki olsun, rəqabət olsun, təşviqatın aparılmasına geniş vaxt olsun. İndiki halda insanlar prosesə qoşulub, düşünürlər ki, builki parlament seçkilərində nələrsə, metodlar, qaydalar dəyişə bilər, hansısa dairələrdən keçmək imkanı ola bilər. Əvvəlkindən fərqli olaraq gözləntilər var. Ancaq yenə də əmin deyillər ki, hər şey seçici iradəsindən asılıdır, geniş təşviqat kampaniyası aparmaqla, daha çox səs almaqla seçilə bilərlər. İnamsızlıq var. İnnovativ metodlar azad seçki, azad rəqabət olanda yaranır, insanlar axtarır, tapır, seçki texnoloqlarına ehtiyac duyur. Bu da yoxdur. Bələdiyyə seçkilərini izlədim. Bələdiyyənin geniş səlahiyyəti yoxdur, qərarlar kollegial qaydada qəbul edilir, bir nəfər çox şeyi həll etmir. Bir-iki nəfərin müstəqil, fərqli mübarizə apardığını gördük, amma onlar da bələdiyyələrə buraxılmadı. Hökumət bələdiyyə seçkilərində buna imkan vermədisə, Milli Məclisə seçkilərdə nə qədər fürsət yaradacaq? Bu da var. Mən seçici iradəsinə əsaslanan seçki gözləmirəm. Buna görə namizədlər arasında tərəddüdlər var.

- Bəlkə buna görə namizədliyini geri götürənlərin sayı artıq 100-ü haqlayıb?

- Mən seçkiləri daha çox kənardan izləyirəm. Namizədliyini geri götürənlər bu addımı öz iradəsiyləmi atır, yoxsa 2005-ci ildə tətbiq olunan qayda işə düşür?

- O zaman namizədliklər niyə geri götürülürdü ki?

- Məqsəd seçkiyə marağı, coşqunu, bir belə namizədin qeydiyyata düşdüyünü göstərmək idi. Yəni indi də 1500-dən yuxarı namizəd qeydə alınmışdı. Artıq azalma gedir. Seçkilərə 10 gün qalıncayadək namizədliyi geri götürmək mümkündür. Görək, sonda nə qədər namizəd qalacaq. Məqsəd bu qədər siyasi qüvvənin boykot çağırışına baxmayaraq, onların səsinin eşidilmədiyini göstərməkdir. Eyni zamanda seçki yarışında özünü gücsüz sayanların geri çəkilməsi görüntüsü yaradılır. Bu da inamsızlıq doğurur.

- Hafiz bəy, son sual: Siz seçki kampaniyası dövründə namizədlərə əngəl yaradılmasını müşahidə etdiniz?

- Bunu monitorinq aparan yerli və beynəlxalq təşkilatlar daha dəqiq bilər. Ancaq müşahidələrimə əsaslanıb deyirəm ki, müxalif və müstəqil qüvvələrə qarşı total pozuntular, total təzyiqlər, total əngəllər yoxdur. Amma hakimiyyət namizədinin xeyrinə inzibati resurslardan istifadə görünür, məsələn, imzatoplama prosesində. Və ya namizədlərin irəli sürülməsi mərhələsində ayrı-ayrı şəxslərin məhkumluğu götürülmədi. Halbuki o şəxslərin bir hissəsi əfv olunmuşdu, cəzaları yüngülləşdirilmişdi. Bu baxımdan, onların məhkumluğunun götürülməsində ciddi problem olmamalı idi. Yaxud imzatoplama mərhələsində imza vərəqləri məhdudiyyətlə verildi, qanunsa belə bir məhdudiyyət qoymur. Amma kütləvi qanunsuzluqlar, sıxışdırmalar, təzyiqlər, indilik, müşahidə olunmur. 1998-ci il seçkilərində də proses normal getdi, 2005-ci ildə də belə idi. Ola bilsin, hər şey bundan sonrakı proseslərdə, yəni səsvermə günü və səssayma mərhələsində olsun. Hər halda, prosesə daha geniş şəkildə beynəlxalq müşahidə missiyası daha dolğun qiymət verəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG