Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:51

E.Axundova: 'Bu haqda heç bir sayt yazmayıb... Haradan çıxarırsınız bunu?'


Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi

AzadlıqRadiosu son iki gündə hökumətin bir neçə müstəqil saytın bloklanması tələbilə məhkəməyə müraciətinə deputatlardan münasibət öyrənməyə çalışsa da, bu mümkün olmayıb. Parlament üzvləri ya dəstəyi qaldırmayıblar, ya da sualdan yayınıblar.

AzadlıqRadiosunun əməkdaşı Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Əflatun Amaşova iki gün zəng etsə də, o, zənglərə cavab verməyib.

Komitənin başqa üzvü, hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Elman Nəsirov bu məsələyə bir cümləlik cavabla kifayətlənib: «Demokratiyanı anarxiya kimi başa düşmək olmaz». Daha sonra onunla əlaqə kəsilib.

Jurnalist və deputat Elmira Axundova isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin belə bir tələbindən xəbərsiz olduğunu, bu haqda hər hansı məlumata rast gəlmədiyini söyləyib:

Elmira Axundova
Elmira Axundova

– Məlumatla tanış deyiləm, heç nə deyə bilmərəm. Nə vaxt olub bu?

– Artıq aprelin 27-də Səbail rayon Məhkəməsində məhkəmə iclası keçirilməli idi, ancaq nazirlik nümayəndəsinin etibarnaməsi olmadığına görə məhkəmə mayın 1-dək ertələnib.

– Bu barədə heç bir sayt yazmayıb.

– Nazirlik AzadlıqRadiosunun, MeydanTV-nin, «Azadlıq» qəzetinin, TuranTV-nin saytlarının bloklanmasını istəyir. Sizcə, bu, söz azadlığının məhdudlaşdırılması deyilmi?

– Heç nə deyə bilmərəm. Bu haqda heç nə oxumamışam, bilmirəm. Haradan çıxarırsınız bunu?

– Bununla bağlı artıq məhkəməyə müraciət var. Gələn bazar ertəsi məhkəmə olacaq.

– Çox maraqlıdır. Mən, ümumiyyətlə, görməmişəm. Mətbuat da yazmayıb bunu. Bir-iki saata zəng edin, baxım, tanış olum, danışaq.

Arif Əliyev
Arif Əliyev

ARİF ƏLİYEV: «BAŞQA SƏSİ BOĞMAQ İSTƏYİ»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev həmin saytların Azərbaycanda məhkəməsiz bloklandığını və onlara girişin, sadəcə, xarici kanallar üzərindən mümkün olduğunu deyir. Onun sözlərinə görə, məqsəd çox bəsit və aydındır.

«Azərbaycan əhalisinin hər hansı alternativ fikirlə tanış olmasını məhdudlaşdırmaq siyasəti çoxdan yürüdülür. Bunun üçün müxtəlif bəhanələrlə qəzetlər də bağlanıb, bəzi həbslər də həyata keçirilib. Saytların fəaliyyətinin məhdudlaşdırılması da bunun davamıdır. Düzdür, hökumət deyir ki, həbsdəki jurnalistlərin heç biri diffamasiyaya görə tutulmayıb, xuliqanlığa, narkotikə və s. səbəblərə görə tutulub. Eynilə də, saytların fəaliyyətinə qadağa qoyulmasına başqa bəhanə tapacaqlar».

A.Əliyev Azərbaycanda söz azadlığı ilə bağlı «təhlükəli dövr»ün çoxdan başladığını bildirir: «Çap mətbuatı tamamilə dağılıb, elektron media, televiziya və radio tam nəzarətə keçirilib, indiki mərhələdəsə internet üzərindən gizli cəbhədən hücuma keçilib. Bu proses davam edəcək. İnternetə nəzarətlə bağlı iki qanun layihəsi parlamentdə müzakirədədir. Mətbuat Şurasının rəhbərliyi də daxil olmaqla, bəzi jurnalist qurumları bunu, az qala, demokratiyanın təntənəsi sayırlar. Necə ki qəzetlərə yardım göstərməklə o, ələ alındı, eyni sxemin internet resurslara tətbiqinə hazırlaşırlar. Artıq bununla bağlı Prezident Administrasiyasında danışıqlar gedir».

O, hələlik, sosial şəbəkələrdə azad fikri ifadə etmək üçün imkan qaldığını, ancaq bəzi deputatların son çağırışlarının hakimiyyətin bu yöndə «ciddi düşüncələri» olduğundan xəbər verdiyini bildirir.

Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG