Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:50

'Qeyri-rәsmi dedi ki, SOCAR haqqında yazmayım'


Anar Məmmədov
Anar Məmmədov

Criminal.az saytının baş redaktoru Anar Məmmədov mayın 15-də Bakı şəhər Prokurorluğuna dəvət edilib.

Anar Məmmədovun sözlәrinә görə, onu prokurorluğa istintaqı zamanı maddi sübut kimi alınmış komputeri qaytarmaq adı ilə çağırıblar.

O deyir ki, prokurorluğa gәlәndә onu İstintaq idarəsinin rəisi Rəşad Mansurov qәbul edib:

"Mәnimlә iki saatadək söhbət etdi vә qeyri-rәsmi dedi ki, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti-red) haqqında yazmayım. Mәn isә bildirdim ki, SOCAR haqqında yazıları yerlәşdirәndәn sonra sayta haker hücumları olub".

Anar Mәmmәdov әlavә edib ki, çağırış qeyri rәsmi olub. Bununla bağlı şikayәt verib-vermәyəcəyini dәqiq bilmir: "Vәkilimlә mәslәhәtlәşib qәrar verәcәm".

Criminal.az saytı son günlər meydan.tv saytında dərc edilən “SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər” yazısını və bu quruma aid yayılan başqa materialları dərc edib.

Sayt redaktorunun bu açıqlamasına, hələlik, Bakı Şəhər Prokurorluğu və SOCAR-dan münasibət almaq mümkün olmayıb.

Bir müddən öncə Meydan TV- təmsilçiləri də veb səhfələrinə DDOS (xidmətdən imtina hücumu - Denial of Service Attack) hücumları olduğunu bildirmişdilər.

Oradan da deyirdilər ki, bu SOCAR rəhbərliyinə bağlı olduğu iddia edilən şirkətlərlə əlaqəli araşdırma yazısının dərcindən sonra baş verib. Amma onda da bu deyilənlərə SOCAR və rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Azərbaycanın rəsmi qurumları ümumilikdə belə hallarda iştiraklarını inkar edirlər.

Xatırlatma

2019-cu il martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi cirminal.az saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verib.

Hökmə əsasən, Anar Məmmədov Gəncə şəhəri icra hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə silahlı basqın, onun vətəndaşlarla münasibəti və bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə aralarında yaranan insident barədə yazılara görə ittiham edilib.

Baş redaktora 2 il sınaq müddəti təyin olunub. O bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz. Anar Məmmədov ittiham üzrə özünü təqsirli bilmir.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

2018-ci il iyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub və 5,6 il şərti cəza alıb.

XS
SM
MD
LG