Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:01

Sosial şəbəkədə şərhlərə görə sayt cərimələndi


Anar Qaraxançallı
Anar Qaraxançallı

Səbəb saytın Facebook səhifəsində siyasi fəal Tofiq Yaqublunun özünün özünə xəsarət yetirməsi haqda prokurorluğun yaydığı məlumata sosial şəbəkə istifadəçilərin yazdığı şərhlərdir

Fevralın 3-də məhkəmə “yeniavaz.az” saytının təsisçisi “Azərmedia” MMC-ni 1500 manat cərimələyib.

Səbəb saytın Facebook səhifəsində siyasi fəal Tofiq Yaqublunun özünün özünə xəsarət yetirməsi haqda prokurorluğun yaydığı məlumata sosial şəbəkə istifadəçilərin yazdığı şərhlərdir.

Prokurorluq “Azərmedia” MMC-nin rəhbəri Anar Qaraxançallını çağıraraq, ondan saytın Facebook səhifəsindən sözügedən (“Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” başlıqlı) materialın yığışdırılmasını tələb etsə də, o, bundan imtina edib.

Bundan sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2 (internetdə yerləşdirilmiş, yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsilə iş başlanıb.

İnzibati xəta protokolu baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Şərhləri silmək öhdəliyi

Məhkəmədə prokurorluğun nümayəndəsi deyib ki, sayt rəhbərliyinin böhtan, təhqir xarakterli şərhləri silmək öhdəliyi var və buna görə məsuliyyət daşıyır.

Vəkil Nemət Kərimli isə “Azərmedia” MMC-nin heç bir qanun pozuntusuna yol vermədiyini, prokurorluğun addımının mediaya təzyiq olduğunu vurğulayıb.

Vəkil vurğulayıb ki, prokurorluğun nümayəndəsinin şərhləri silmək öhdəliyi haqda dedikləri də əsassızdır. Heç yerdə belə bir öhdəlik olduğu yazılmayıb.

Hakim Elməddin Hüseynov Baş Prokurorluğun tərtib etdiyi protokolu təmin edərək, “Azərmedia” MMC-ni 1500 manat cərimələyib.

Vəkil Nemət Kərimli AzadlıqRadiosu-na bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

“Yeniavaz.az”ın Facebook səhifəsində yayımlanan bu materialın şərh bölümündə yazılan rəylərə görə materialı yayan Namiq Əliyev 1 ay inzibati qaydada həbs edilib.

Xatırlatma

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 1-də günorta saat 15:00 radələrində Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb.

Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Siyasi fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib. Səbail Rayon Prokurorluğu Yaqublunun özü-özünə xəsarət yetirdiyi qənaətinə gəlib.

Yaqublu isə prokurorluğun qərarından məhkəməyə şikayət edəcəyini bildirib.

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla (iğtişaş salmaq, xəsarət yetirmək) bir neçə dəfə həbsdə olub. O, bir qayda olaraq, siyasi sifarişlə həbs edildiyini deyib. Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG