Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:08

Məhkəmə saytı bloklamaq qərarını ləğv edib


Bu gün, avqustun 10-da Bakı Apellyasiya Məhkəməsinin arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2 gün əvvəl qəbul etdiyi qərarı ləğv etdiyi bildirilir.

Bu haqda saytın rəhbəri Şəmşad Agayev məlumat verib.

Onun bildirdiyinə görə, avqustun 10-da səhər rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Həmin şikayətdə qərarın ləgv edilməsi, portalın blokunun qaldırılması tələb edilib:

“Şikayətimizə belə tələsik baxılması, xeyrimizə qərarın verilməsi bizim üçün gözlənilməz oldu. Bizim məhkəmələrdən ədalətli qərar gözləmək hesab edirəm ki, absurddur. Məhkəmədə çıxışımda da bunları dedim. Eyni zamanda şikayətimizi müdafiə etdim”.

O, hər iki məhkəmənin qərarının siyasi olduğunu da qeyd edib.

Şəmşad Agayev, hələlik, məhkəmənin qərarının onlara təqdim edilmədiyini, əsaslandırmadan xəbərsiz olduqlarını da vurğulayıb.

Azərbaycan məhkəmələri sayt üzərinə qoyulan blokun qaldırılması ilə bağlı ilk dəfədir ki, qərar qəbul edir.

Arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbail Rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında, hakim Elmar Rəhimov çıxarmışdı.

Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Saytın rəhbəri isə demişdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub: «Materiallardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, «Azərsu»ASC-nin mətbuat xidməti də öz rəyini bildirib. Tam obyektiv materialdır. Görünür, yuxarıdan göstəriş gəlib ki, bu sayt da bloklansın, gözlərinə görünən material bu olub, oxumadan onun adını iddiaya yazıblar. Orada böhtan varsa, orada adları çəkilən tərəflər məhkəməyə müraciət etməliydi. Biz susuz qalan insanların səsini çatdırmışıq», deyə o ilk məhkəmədən öncə vurğulamışdı.

Bu günlər daha bir neçə sayt bloklanıb. Avqustun 7-də az24saat.org , bir gün sonra isə xural.com saytının bloklanması ilə bağlı qərarlar verilib.

Hər iki sayt böhtan yazılar yaymaqda günahlandırılırdı. Hərçənd sayt rəhbərləri bunu qəbul etmirdilər.

Xatırlatma

Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Yalnız 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.

Həmin saytlar dövlətin maraq və təhlükəsizliyinə zidd bir sıra materiallar yaymaqda günahlandırılırdılar. Hərçənd müdafiə tərəfi məhkəmədə iddianın əsassız olduğunu bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG