Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:25

Azərbaycan 'qlobal uşaq indeksi'ndə Ermənistan və Gürcüstandan geridə qalır


Uşaqların hüquqlarını müdafiə edən beynəlxalq xeyriyyə təşkilatı, Londonda mənzillənmiş Save the Children 2017-ci il üçün yeni hesabatını və qlobal indeksini açıqlayıb.

“Uşaqlığın sonu” (End of Childhood) adlı hesabata görə bütün dünyada 700 milyon uşaq “uşaqlıq illərinin səadətindən” məhrum edilib.

Buna əsas səbəb olaraq xəstəliklər, zorakılıq və münaqişələr, uşaq əməyinin istismarı və azyaşlıların evləndirilməsi, təhsil və tibb xidmətinin olmaması göstərilir.

Hesabatda başqa göstəricilər də var. Bütün dünyada:

268 milyon uşaq təhsildən məhrumdur

168 milyon uşağın əməyi istismar edilir

15-19 yaşları arasında olan 40 milyon qız uşağı nikahdadır

28 milyon uşaq münaqişələrə görə qaçqın və ya köçkün vəziyyətinə düşüb

Hər il 15-19 yaş arasında 16 milyon qız uşağı dünyaya uşaq gətirir

Hər il 8 milyon uşaq vəfat edir

2015-ci ildə 75 min uşaq qətlə yetirilib

Save the Children hesabatla yanaşı indeks də dərc edib. 172 ölkədən ibarət bu indeks cədvəlində ölkələr uşaqların vəziyyətinə görə sıralanıb.

Cədvəlin əvvəlindəki ölkələrdə uşaqların rifahı, təminatı daha yaxşıdır və hüquqları daha yaxşı müdafiə edilir. Cədvəlin sonlarına doğru isə əksinə uşaqların vəziyyətinin pis olduğu ölkələr sıralanır.

Norveç, Finlandiya və Sloveniya cədvələ başçılıq edirlər. 1-ci yerdən 37-ci yerədək Yaponiya və Cənubi Koreyanı çıxmaq şərtilə əsasən Avropa ölkələri düzülüb.

Birləşmiş Ştatlar bu indeksdə 36-cı, Rusiya isə 37-ci yerdədir. Litva, Latviya və Estoniya da bu bölümə daxil olub.

Cənubi Qafqaz ölkələri uşaqların qismən uşaqlıqdan məhrum olduğu ölkələrin kateqoriyasındadır. İndeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici 87-ci yerdə olan Azərbaycandadır. Gürcüstan 85-ci yeri tutur. Ermənistan 54-cü yerdədir.

Qırğızıstan və Tacikistanı çıxmaq şərtilə bütün keçmiş sovet respublikaları indeksdə Azərbaycandan yuxarıdakı pillələri tutublar.

Qlobal indeksdə son üç yeri Mali, Anqola, Niger tutur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG