Huti qiyamçıları ilə mübarizədə Yəmən hökumətini dəstəkləyən Səudiyyə koalisiyası bildirir ki, bu ölkədən atılan daha bir raket “tutulub və məhv edilib”.
Səudiyyə bunu da əlavə edib ki, bu hadisə İranın huti qiyamçılarını silahlarla təchiz etməsinin daha bir sübutudur. Tehran bundan əvvəlki iddialrı rədd edib.
Koalisiya bildirir ki, raketin Najran şəhəri yaxınlığında yerə düşən qırıntılarından şəxsi mülkiyyətə “azacıq ziyan” dəyib.
Bundan az sonra qiyamçılar Yəmənin qərb sahilindəki Səudiyyə qüvvələrinə raket atdıqlarını bildiriblər.
Yəməndəki şiə qiyamçılar bundan əvvəl raketlərlə paytaxt Riyad da daxil Səudiyyənin ərazisini atəşə tuturdular. Raketlərin qırıntıları Riyad hava limanına və kral sarayına düşmüşdü.
İki tərəf arasında müharibə 2015-ci ilin martından başlanıb. ABŞ tərəfindən silahlandırılan və dəstəklənən Səudiyyə şiə İranı Yəməndəki antihökumət qiyamçılarını dəstəkləməkdıə ittiham edir.
Ötən ay ABŞ bildirmişdi ki, Tehranın beynəlxalq qanunları pozaraq huti qiyamçılarını silahlandırdığına dair “təkzibolunmaz” dəlillərə malikdir. O vaxt Pentaqona Səudiyyə tərəfindən verilmiş raket fraqmenti Vaşinqtonda müxbirlərə göstərilmişdi.
İran ABŞ və Səudiyyənin ittihamlarını “saxta və qondarma” adlandıraraq rədd etmişdi.
Yəməndə üç ildir ki, davam edən müharibədə indiyədək 10 min nəfər öldürülüb, 3 milyon insan evlərindən didərgin düşüb.