Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Səudiyyə Ərəbistanı ABŞ-ı niyə hədələyir?


Barack Obama və kral Salman. 27 yanvar 2015.
Barack Obama və kral Salman. 27 yanvar 2015.

ABŞ prezidenti Barack Obamanın Səudiyyə Ərəbistanına bu çərşənbə üçün nəzərdə tutulmuş səfəri iki ölkə arasında ən böyük gərginlik vaxtına düşüb

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatları hədələyərək bəyan edib ki, Konqres “11 Sentyabr” haqqında qanunu (9/11 Bill) qəbul edərsə, Ər-Riyad ABŞ-a qoyduğu 750 milyard dollarlıq investisyanı “geri çəkəcək”.

Söhbət təxminən 750 milyard dollar dəyərində olan ABŞ qiymətli kağızlarının və başqa aktivlərinin satılmasından gedir.

750 milyard dollarlıq aktivi satmaq hədəsi “təhdiddən daha çox çarəsizlikdən doğan yalvarışa” bənzəyir.

Səudiyyənin qəzəbinə səbəb olmuş qanun layihəsi 2001-ci ilin 11 sentyabrında ABŞ üzərinə edilmiş terror basqınlarına görə məhz bu ölkəni məsuliyyətli etmək məqsədini güdür.

“The New York Times” qəzeti yazır ki, Ağ Ev bu qanunun qəbul edilməməsi üçün Konqresə təzyiq göstərir. Amerika hökuməti bu mövqedədir ki, Vaşinqtonun Yaxın Şərqdəki ən yaxın müttəfiqi ilə münasibətlərinin korlanması ölkənin milli təhlükəsizliyinə ciddi hədə ola bilər.

Qəzet yazır ki, Səudiyyə Ərəbistanı, əslində birbaşa ABŞ-ın millət vəkillərinə xəbərdarlıq edib. Ölkənin xarici işlər naziri Adel al-Jubeir deyib ki, Konqres belə bir addımı atarsa, Səudiyyə ABŞ xəzinəsinin 750 milyard dollarlıq aktivlərini bazara çıxaracaq.

İqtisadçılar Səudiyyə Ərəbistanının bu hədəsinin gerçəkləşdiriləcəyinə şübhə ilə baxırlar. Beləki bu məbləğdə aktivlərin satılması, onsuz da yaxşı vəziyyətdə olmayan krallıq maliyyəsini daha dərin böhrana çəkə bilərdi.

28 səhifənin xofu

Sözü gedən qanuna gəlincə isə, dövlət katibi John Kerry xəbərdarlıq edib ki, onun qəbulu “dəhşətli presedent” yarada bilər.

Nyu York və Texas senatorları Chuck Schumer və John Cornyn tərəfindən Konqresə təqdim olunmuş layihəyə görə “Amerika torpağında, Amerika vətəndaşlarını öldürmək qəsdində şübhəli bilinən dövlətlərin toxunulmazlığının ləğv olunması”ndan gedir.

11 sentyabr 2001-ci il aktlarına dair hesabatın 28 səhifəsi hələ də məxfidir
11 sentyabr 2001-ci il aktlarına dair hesabatın 28 səhifəsi hələ də məxfidir

Bu qanunda heç bir konkret ölkə adı çəkilməsə də, bir çoxları və bəlli olur ki, Səudiyyə Ərəbistanı söhbətin ilk növbədə məhz Səudiyyədən getdiyini düşünür.

11 sentyabr komissiyasının həmsədri olmuş senator Bob Graham Səudiyyənin “bu təhqiramiz hədəsindən” qəzəbləndiyini bildirib.

Sözü gedən komissiyanın hesabatında deyilirdi ki, Səudiyyə hökumətinin bu terror aktları ilə əlaqəsinə dair dəlillər yoxdur. Lakin burası da var ki, həmin hesabatın 28 səhifəsi bu günədək ictimaiyyət üçün açıqlanmayıb və hazırda bir çox konqresmenlər məhz bunun edilməsinə çağırırlar.

Graham hesab edir ki, 2001-ci ildə o vaxtkı prezident Bush-un administrasiyası tərəfindən “məxfiləşdirilmiş” 28 səhifə Səudiyyənin roluna dair ciddi suallar doğurur.

Senator bu 28 səhifəni öz gözləri ilə görmüş azsaylı siyasətyçilərdən biridir.

Məhkəmə iddiaları

Səudiyyə üçün daha böyük təhlükə bununla əlaqədardır ki, 11 sentybar qurbanlarının bir çoxu əzizlərinin ölümlərində krallığın əli olması barədə məhkəmə iddiaları qaldırıblar.

Hazırda ABŞ-ın 16 senatoru “dövlət toxunulnmazlığını” ləğv edəcək qanunun yenidən gündəmə gətirilməsinə çalışır.

11 sentyabr qurbanlarının yaxınları məhkəmə iddiaları qaldırırlar
11 sentyabr qurbanlarının yaxınları məhkəmə iddiaları qaldırırlar

Bu qanunun qəbul edilməsi ABŞ-da hər hansı bir cinayət üçün hər hansı bir xarici dövləti məsuliyyətli elan edə bilər. Hazırda hər hansı dövlətin ittiham edilıməsinə “dövlət toxunulmazlığı” və “suverenlik immuniteti” deyilən prinsip mane olur.

Sözü gedən qanun 2011-ci ildən bəri üçüncü dəfədir ki, müzakirəyə təqdim olunur.

“Terrorizm Sponsorları Əleyhinə Ədalət Aktının (Justice Against Sponsors of Terrorism Act - JASTA) nəhayət bu dəfə Konqresə çıxarılacağına ümidlər çoxdur.

JASTA-nın təşəbbüsçüləri deyirlər ki, o retroaktiv xüsusiyyətə malik olacaq, başqa sözlərlə keçmişlərdə törədilmiş əməllərə şamil edilə biləcək.

Terror qurbanlarını təmsil edənlərin arzu etdikləri hər hansı məhkəmə hökmü Səudiyyə üçün milyardlarla dollar təzminat ödənməsi reallığını yarada bilərdi.

“Suveren toxunulmazlıq”

Səudiyyəyə qarşı iddia ərizəsi 2004-cü ildən bəri Nyu York Federal Məhkəməsinə 11 sentyabr qurbanlarının yaxınlarının kollektiv iddiası kimi təqdim edilib.

Bu şəxslərin vəkilləri inanırlar ki, 11 sentybar terror aktları ilə Səudiyyə hökumət və təhlükəszlik orqanlarının müəyyən elementləri əlaqəli ola bilərdi. Bəzi epizodlarda hətta monarx ailəsini məsul edən məqamlar var.

Şahzadə Bandar bin Sultan krallığa qarşı iddiaları rədd edir
Şahzadə Bandar bin Sultan krallığa qarşı iddiaları rədd edir

Ərizələrdə Səudiyyənin dünya boyunca terroru dəstəklədiyinə dair iddialar da irəli sürülüb.

Səudiyyə Ərəbistanı bu cür iddiaları qətiyyətlə rədd edir. 1983-cü ildən 2005-ci ilədək krallığın ABŞ-dakı səfiri olmuş şahzadə Bandar bin Sultan deyib ki, 11 sentyabr aktlarının Səudiyyə hökuməti tərəfindən maliyyələşdirildiyi, təşkil edildiyi barədə iddialar açıq-aşkar saxtadır”.

O bir daha vurğulayıb ki, Əl-Qaeda ABŞ-la birlikdə, Səudiyyə Ərəbistanını da düşmən elan edib.

ABŞ mediası yazır ki, bu sayaq müdafiəyə baxmayaraq səudlar müxtəlif məhkəmələrdə əsas arqument kimi “suveren immunitet” prinsipini əsas gətirirlər. Yəni bütün hallarda dövlət mühakimə oluna bilməz.

“Yalvarışa bənzəyən hədə”

Senator Graham kimi bir çoxları hesab edirlər ki, 11 sentyabr terror aktlarının törədilməsindəSəudiyyə hökumətinin həmin dövrdən əvvələ aid olan İslam xeyriyyəçiliyi də rol oynayıb.

Ağ Ev bu qanun layihəsinin Konqresə çıxarılmamasına çalışır. Administrasiya bu qənaətdədir ki, belə bir qanunun qəbul edilıməsi, bəzi xarici ölkələri də amerika vətəndaşlarına qarşı buna oxşar qanunların qəbuluna sövq edə bilər.

Bir sıra təhlilçilər düşünürlər ki, qanun hətta Konqresdən keçsə belə, çox böyük bir ehtimalla onun üzərinə prezident vetosu qoyulacaq.

ABŞ mətbuatındakı bir çox yazılarda, prezident Barack Obama 11 sentyabr qurbanları üçün ədaləti Səudiyyə ilə strateji əməkdaşlığa qurban verməkdə ittiham olunur.

Los Angeles Times qəzeti isə yazır ki, Səudiyyə Ərəbistanının 750 milyard dollarlıq aktivi satmaq hədəsi “təhdiddən daha çox çarəsizlikdən doğan yalvarışa” bənzəyir. Yəni, “siz Allah bizi bunu etməyə məcbur etməyin”.

Bütün bunlar Obamanın Səudiyyə Ərəbsitanına səfəri ərəfəsində baş verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG